İsmayıl Ağayev: “Tanınmış adamlar da yaranmış vəziyyəti sakitləşdirmək üçün mövqe ortaya qoymalıdır”
“Biz BDM olaraq, eyni zamanda bu provokasiyanı başdan başladanların tapılıb qanun qarşısında cəzalandırılmasını tələb edirik”
Fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentdən sui-stifadə cəhdləri nəzərə çarpır. Sanki hansısa maraqlı qüvvələr prosesləri məqsədli şəkildə qızışdırmağa cəhdlər edirlər. Sosial şəbəkələrin Rusiyaya aid seqmentində iki millətin arasındakı münasibətlərin gərginləşdirilməsinə hesablanan cəhdlər olunur. Qeyd edək ki, yaranmış vəziyyətlə bağlı Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da öz mövqeyni açıqlayıb. O bildirib ki, məişət zəminində yaşanan hər hansı insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz: “ Azərbaycan hökuməti insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirir və hesab edir ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz. Azərbaycan və çeçen xalqları arasında əlaqələr tarixin sınağından çıxmışdır və nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyevlə Çeçenistan Prezidenti Ramzan Kadırov arasında mövcud olan şəxsi dostluq münasibətləri, ötən ilin sonlarında keçirdikləri görüşdə səslənən fikirlər buna əyani sübutdur. Ümumiyyətlə, azərbaycanlılar bütün Qafqaz xalqları ilə əsrlər ərzində formalaşmış ortaq tarixini, dəyərlərini yüksək qiymətləndirir və həmişə qorumağa çalışır”. Azərbaycan ilə Rusiya arasında gündən-günə inkişaf edən əməkdaşlıq əlaqələrinin həm də ölkəmizin Şimali Qafqaz respublikaları, o cümlədən Çeçenistanla əməkdaşlığının möhkəmlənməsində önəmli rol oynadığını vurğulayan Əli Həsənov deyib: “Rusiya çoxmillətli dövlətdir, burada yaşayan xalqlar öz dillərini, mədəniyyətlərini qoruyub inkişaf etdirirlər. Rusiyada yaşayan azərbaycanlılar da digər xalqlar kimi həmişə öz milli-mədəni hüquqlarından tam istifadə edə bilirlər. Biz soydaşlarımızı, qardaş çeçen və Rusiyada yaşayan digər xalqların nümayəndələrini bu ölkədəki multikultural mühitdən, yaradılmış şəraitdən xoş məramlar, xalqlararası dostluğun inkişafına töhfə verəcək məqsədlər üçün istifadə etməyə, belə xoşagəlməz insidentlərə yol verməməyə dəvət edirik. Əminliklə bildiririk ki, Moskvada yaşanmış insidentdən sui-istifadə edərək xalqlarımız arasında düşmənçilik toxumu səpmək istəyən qüvvələr böyük yanlışlığa yol verirlər və öz çirkin niyyətlərinə çatmayacaqlar”. Artıq Çeçenistanın mətbuat və informasiya naziri Cambulat Umarov Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun açıqlamasına cavab verib və Azərbaycan rəsmilərinin mövqeyini dəstəkləyib. Çeçen nazir bildirib ki, Çeçenistan rəhbərliyi Moskvada baş vermiş bu hadisə haqqında məlumatlıdır, hazırda münaqişənin təfərrüatlarını aydınlaşdırır və davanın səbəbkarlarını axtarır. Umarov baş vermiş hadisəyə görə təəssüfünü də ifadə edib. Sosial şəbəkələrdə yayılan məlumatlardan məlum olur ki, artıq Moskvada azərbaycanlılarla çeçenlər arasında yaranmış insidentdən sonra hər iki tərəfin nümayəndələri toplaşıb. Həmin toplantıdan yayılan videomaterialdan da görünür ki, tərəflər azərbaycanlılarla çeçenlər arasında heç bir problemin olmadığını bəyan edib. Çeçenlərin nümayəndəsi törədilən hadisələri təxribat adlandırıb və hər iki tərəfi bu təxribata uymamağa çağırıb: “Moskvada minlərlə çeçen və azərbaycanlı yaşayır. Onların arasında güclü dostluq münasibətləti var. Biz birlikdə işləyir, birlikdə yaşayırıq. Bütün azərbaycanlılara bildirmək istəyirəm ki, narahat olmasınlar. Ola bilər ki, aramızda hansısa problem olub. Həmin məsələni hansısa dələduz sosial şəbəkədə paylaşıb və məsələ şişirdilib. Bunu sadəcə təxribat adlandıra bilərik. Çeçen və azərbaycanlılar qardaşdırlar. Heç kəs bizim azərbaycanlı qardaşlarımızı təhqir edə bilməz və buna haqları yoxdur. Həmçinin həmin insidentdə iştirak edən azərbaycanlılara səslənirəm. Hansısa çeçeni videoya çəkib yaymaq provokasiya yaratmaqdır. Biz bir yerdə çörək kəsirik. Buna hörmət etməliyik. Kimlərinsə şəxsi münasibətlərinə görə azərbaycanlılarla çeçenlər arasında qalmaqal yaratmaq olmaz. Bu məsələləri öz aralarında həll etməlidirlər. Biz çeçenlər azərbaycanlıları təhqir edən həmin şəxsi və həmin çeçenin videosunu yayan şəxsi də qınayırıq”. Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev “Bakı-Xəbər”ə açıqlamasında yaranmış vəziyyətdən sui-stifadə hallarına cəhdlərdən ciddi narahat olduqlarını bildirdi: “ Rusiyadan heç də xoş olmayan xəbərlər alırıq. Adi bir kriminal söhbəti siyasiləşdirmək çəhdlərinə yol verməməliyik. Heç bir təşkilatda birləşməyən, bir neçə adamdan başqa kiminsə tanımadığı bəzi adamlar həm Azərbaycan, həm də Çeçen millətinin adından danışa bilməz. Bu nə bizə, nə də onlara xeyir gətirər. Proseslərin gedişatı göstərir ki, erməni lobbisi yaranmış vəziyyətdən maksimum yararlanmağa çalışır. Biz burda Rusiya hakimiyyətindəki ermənipərəst dairələrin də xüsusi rolunu görürük. Görünür, son dövrlər azərbaycanlıların Moskva və Rusiyanın digər şəhərlərində olan aktivliyi kimlərisə qane etmir. Bizim xalqlar arasında daima yüksək münasibət, qarşılıqlı etiram olub. Bizim Zabit Səmədov, Şirin Məmmədov kimi soydaşlarımız var ki, onları Çeçenistanda çox sevirlər. Hesab edirəm ki, bu cür tanınmış adamlar da yaranmış vəziyyəti sakitləşdirmək üçün mövqe ortaya qoymalıdır. Biz BDM olaraq, eyni zamanda bu provokasiyanı başdan başladanların tapılıb qanun qarşısında cəzalandırılmasını tələb edirik”.
Məhəmmədəli QƏRİBLİ
araz.az xəbər portalı.