Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gəldi. Səfər kifayət qədər maraqlı məqamlarla yadda qaldı. Xüsusilə liderlərin görüşünün mətbuata açıq hissəsində Prezident Putinin dedikləri diqqət çəkir. Belə ki, o, iki ölkə arasında iqtisadi və humanitar əlaqələrin artan səviyyəsindən məmnun qaldığını söylədi.

Putinin səfərini maraqlı edən əsas faktor, şübhəsiz ki, Ukrayna münaqişəsi və Cənubi Qafqazdakı son proseslər çərçivəsində onun nələr deyəcəyi idi.

Əvvəlcə qeyd edim ki, rəsmi Bakının sərgilədiyi balanslı siyasət Rusiyanın maraqlarına uyğundur. Azərbaycanın Qərblə əlaqələri olsa da, Rusiyaya qarşı hər hansı koalisiya və ya iqtisadi sanksiyaya qoşulmur. Bu, Kreml üçün mühümdür. Çünki Rusiya-Ukrayna müharibəsi Kiyevin sonuncu Kursk basqını ilə yeni bir mərhələyə daxil olsa da, əbədiyyən davam etməyəcək. Rusiya Azərbaycanın həm Qərblə, həm də Ukrayna ilə münasibətlərinin yaxşı olmasından gələcəkdə ehtimal danışıqlar üçün istifadə etmək istəyir. Rəsmi Bakı da belə bir diplomatik missiyanın öhdəsindən gələ bilər.

Ukrayna müharibəsindən bəhs etmişkən, Azərbaycanın müharibəyə baxışı, sərgilədiyi mövqe həm Kiyevi, həm də Kremli qane edir. Rəsmi Bakı Ukrayna ərazilərinin işğalını tanımasa da, Rusiyaya qarşı sanksiyalara qoşulmur.

Azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasəti, bu kontekstdə qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi Kreml üçün də məqbuldur.

Putin deyib ki, “Hər kəs yaxşı bilir ki, Rusiya da böhranlarla üz-üzədir, ilk növbədə Ukrayna istiqamətində… Lakin Rusiyanın son bir neçə ildə Cənubi Qafqazdakı vəziyyətə tarixən cəlb olunması bizə bu hadisələrdə iştirak etmək zərurətini diktə edir”.

“Buna heç bir şübhə yoxdur. Əgər biz Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq, məsələni sərhədin delimitasiyası, demarkasiyasına çatdırmaq üçün nəsə edə bilsək, logistika və iqtisadiyyat istiqamətində müvafiq blokları açsaq, buna çox şad olarıq”, – Rusiya lideri vurğulayıb.

Rusiya prinsip etibarilə bu açıqlama ilə deyir ki, onun başı Ukrayna ilə müharibəyə qarışsa da, Cənubi Qafqazdakı proseslərə laqeyd deyil. Bu, həm də Qərbə mesaj xarakterli açıqlamadır.

Məsələ ondadır ki, Kursk basqınından sonra Kreml çətin günlər yaşayır. Yəni Putin Ermənistan-Azərbaycan sülh prosesində iştirak etmək istədiyini, Cənubi Qafqaza diqqət ayırdığını desə də, reallıq fərqlidir.

İndiki məqamda Azərbaycan üçün Rusiyanın prosesdə olması ciddi risk deyil. Belə ki, son zamanlar ABŞ da prosesə maraq göstərir. Yəni Bakı bu iki gücü qarşı-qarşıya gətirib, öz maraqları çərçivəsində sülhə nail ola bilər. Belə olan halda Azərbaycanın təklif etdiyi sülh sazişinə nə Vaşinqton, nə də Moskva qarşı çıxa biləcək.

Turan RZAYEV,
politoloq.

araz.az xəbər portalı.