“Bakı Mühəndislər Universitetinin sənaye universitetinə çevrilməsi, «sahibkar universitet” olması bir Azərbaycan brendinin də formalaşmasına gətirib çıxaracaq”
“Tələbələrin əldə etdikləri biliklərin istehsalatda tətbiqi lazımdır ki, bundan həm tələbələr, həm də universitet gəlir əldə etsin”
Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin səviyyəsinin beynəlxalq standartlara çatdırılması hazırda əsas hədəflərdən biridir. Bu gün dünyanın nüfuzlu ali məktəbləri həm ali məktəbin imkanlarını təqdim etmək, həm də öz potensialını, burada çalışan alimlərin intellektini göstərmək üçün ən müxtəlif layihələr, proqramlar həyata keçirir. Hətta o ali məktəblər sırasında müxtəlif istiqamətlər üzrə fəaliyyət göstənlər də var.
Azərbaycanda da Bakı Mühəndislik Universiteti (BMU) özünü olduqca maraqlı və vacib bir istiqamətdə təqdim etməyə hazırlaşır. Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədovun verdiyi məlumata görə, rəhbərlik etdiyi ali məktəb “Sahibkar Universitet” olmaq istiqamətində fəaliyyət göstərir. O qeyd edib ki, universitetdə müasir sənayenin tələbinə uyğun kadr hazırlığına mühüm diqqət yetirilir.
“Sahibkar universitet” nədir, onun istiqamətləri nə olmalıdır?
Tanınmış təhsil eksperti Kamran Əsədov baki-xeber.com-a bildirdi ki, bu gün dünyada fəaliyyət göstərən ali məktəblərin təcrübəsində bu məsələ var. “İlk növbədə qeyd edim ki, qloballaşan dünyada təhsil sistemində özünəməxsus halqanı təşkil edən universitet təhsili hər bir ölkənin sosial-iqtisadi inkişafı, onun rəqabət qabiliyyətinin yüksəldilməsi və qorunmasında mühüm amillərdən birinə çevrilib. Bu gün universitet təhsili qlobal bilik iqtisadiyyatında həm milli, həm də fərdi mənada layiqli yer tutmanın və rəqabətli olmanın mühüm şərtinə çevrildiyindən, iqtisadi fəaliyyətlərin və iqtisadi siyasətin də əsas elementlərindən biri olub. Universitetlər prussiyalı təhsil fəlsəfəçisi Vilhelm Humboldtın yanaşmasına uyğun olaraq 200 ildən artıqdır ki, təkcə iqtisadiyyat üçün kadr hazırlayan qurumlar deyil, eyni zamanda yeni bilikləri meydana çıxaran fundamental araşdırmaların aparıldığı və cəmiyyətin, xüsusilə də sənaye sektorunun inkişafına xidmət edən texnologiyaların, innovasiyaların, həll yollarının formalaşdırıldığı təhsil-tədqiqat-innovasiya mərkəzləridir. Məhz buna görədir ki, artıq klassik universitet anlayışı ədəbiyyatlarda sahibkar universitet, multiversitet anlayışları ilə əvəz olunmağa başlayıb. Təhsilin, xüsusilə də ali təhsilin yüksək insan kapitalı və texnologiyalar vasitəsilə iqtisadi artımın drayverinə çevrilmə xüsusiyyətini nəzərə alaraq, inkişaf etmiş ölkələr bu sahəyə çox böyük həcmdə vəsait ayrırır”-deyə bildirən K.Əsədov qeyd etdi ki, hazırda Avropa İttifaqı ÜDM-nin 1,2-1,5 faizi, ABŞ isə 2,6-3 faizini ali təhsil qurumlarının inkişafına yönəldir. Onun sözlərinə görə, dünya İqtisadi Forumunun məlumatları göstərir ki, ali təhsil və peşə təlimi sektorunun yüksək inkişaf etdiyi Sinqapur, Finlandiya, Niderland, İsveçrə, Belçika, Danimarka, Norveç, ABŞ, Avstraliya, Yeni Zelandiya, Almaniya, İsveç, Birləşmiş Krallıq, Yaponiya kimi ölkələr eyni zamanda da rəqabətqabiliyyətli iqtisadiyyatlar arasında ön sıralarda dayanır. “Tədqiqatlar göstərir ki, inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə ali təhsilin əsas problemlərindən biri kurikulumlarla əmək bazarının tələbləri arasında ciddi uyğunsuzluğun olması və tədrisin daha çox nəzəri xarakter daşımasıdır. Bu baxımdan qeyd olunan ölkələrdə universitet məzunlarının mütləq əksəriyyəti bu yetərsizliyi aradan qaldırmaq üçün ya əlavə kurslara müraciət edir, ya da ölkədən kənarda təkrar ali təhsil almağa çalışır. Son illər ölkə ali təhsilində təhsilin dövlət standartlarının təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülür. Burada əsas götürülən yanaşma tədris olunan fənlərin ümumilikdə azaldılması, əmək bazarının tələblərinə cavab verməyən fənlərin yenilərilə əvəz edilməsi və həmin fənlər üzrə tədris edilən mövzuların beynəlxalq standartlara uyğunlaşdırılmasıdır. Bakı Mühəndislər Universitetinin sənaye universitetinə çevrilməsi olduqca müsbət bir haldır. Xüsusilə qeyd edim ki, sənaye ölkə iqtisadiyyatının inkişaf etmiş sahələrindən biridir. Əsasən yanacaq və energetika, kimya, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər sənaye sahələrini özündə birləşdirən bu vacib sahə ötən əsrin ortalarından başlayaraq inkişaf edir. Bu istiqamətlərdə universitetlərdə ancaq nəzəri məlumatların verilməsi ilə yekunlaşan tədris həyata keçirmək lazım deyil. Birbaşa tələbələrin əldə etdikləri biliklərin istehsalatda tətbiqi lazımdır ki, bundan həm tələbələr, həm də universitet gəlir əldə etsin. Son illərdə kassa aparatlarının, mikrokalkulyatorların, telefon aparatlarının, məişət elektrik cihazlarının, plastik qapı və pəncərə bloklarının, neftin nəqli üçün xüsusi boruların və digər məhsulların istehsalı mənimsənilib. Əvvəllər xarici ölkələrdən idxal olunan bir çox malların müəyyən qisminin artıq Azərbaycanda istehsal olunmağa başlanması daxili bazarımızın zənginləşməsinə, idxaldan asılılığımızın, demək olar ki, aradan qalxmasına imkan yaradıb. Hesab edirəm ki, Bakı Mühəndislər Universitetinin fəaliyyəti sənayenin bir çox sahələrindəki çatışmazlığı aradan qaldırmağa imkan verəcək. Bakı Mühəndislər Universitetinin sənaye universitetinə çevrilməsi, “sahibkar universitet” olması bir Azərbaycan brendinin də formalaşmasına gətirib çıxaracaq. Bakı Mühəndislər Universiteti tərəfindən atılan bu addım sənayedə işgüzar fəallığın artmasına, kiçik sahibkarlığın inkişafına güclü təkan verəcək. Belə ki, ölkəmizdə hazırda sənaye sahəsində 63 dövləti təmsil edən 200-ə yaxın xarici investisiyalı müəssisə fəaliyyət göstərir. Amma onlar araslnda milli brendlərimiz azdır. BMU-nun bu addımı həm də minlərlə yeni iş yerinin açılmasına təkan verəcək. Hesab edirəm ki, BMU-nun sənaye universitetinə çevrilməsinin əsas məqsədləri sənaye istehsalının dayanıqlı və yüksək artım templərinin təmin edilməsi, strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması olacaq. Çünki burda hazırlanan kadrlar sonradan ölkənin müxtəlif sənaye sahələrində peşəkar işçi qüvvəsi kimi əmək bazarına daxil olacaq”-deyə ekspert vurğuladı.
İradə SARIYEVA
araz.az xəbər portalı.