“Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda dövlət səfərindədir. Bu səfər çərçivəsində iki dövlət arasında münasibətlərin geniş spektrına dair məsələlər müzakirə ediləcək, birgə bəyanat qəbul olunacaq. Bütün bunlarla yanaşı, regional və qlobal təhlükəsizlik məsələləri də diqqət mərkəzində saxlanılacaq. Təbii ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ətrafında da çox ciddi müzakirələrin olacağı istisna deyil. Xüsusilə, Azərbaycan tərəfinin möqveyi budur ki, ATƏT-in Minsk Qrupu artıq defakto mövcud deyil. Onu hüquqi baxımdan da ləğv etmək lazımdır. Ən azından bu səbəbdən ki, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri arasında bir tərəfdən Rusiya, digər tərəfdən ABŞ və Fransa arasında faktiki Ukrayna cəbhəsində müharibə getməkdədir. Hesab edirəm, bu məsələ ətrafında da müəyyən müzakirələr istisna deyil”.
araz.az bildirir ki,bu sözləri Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Elman Nəsirov deyib.
“Nəzərə alsaq ki, Azərbaycan və Rusiya qonşu dövlətlərdir, ölkə Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xarici siyasətin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətlər yüksək səviyyədə olarkən üçtərəfli, dördtərəfli, beştərəfli – bütövlükdə çoxtərəfli münasibətlər inkişaf edir. Bu münasibətlərin içində isə qonşularla münasibətlər bizim üçün prioritet məsələdir. Rusiya ilə münasibətlərə bu kontekstdə qiymət vermək lazımdır. Müxalifət isə yenə köhnə ampluasındadır. Radikal kəsim indi də cürbəcür təhriflərə imza atmağa başlayır. Yenə də iftira, yalan istehsalı, dezinformasiya ilə məşğuldur. Guya ki, “Rusiya Prezidenti Vladimir Putinin gəlişi Azərbaycana təzyiqdir, bu gəliş Azərbaycana heç nə yaxşı vəd etmir”. Əvvəla, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq, eyni zamanda müttəfiqlik münasibətləridir. Fundamental məsələlərdə mövqeyimiz üst-üstə düşür. Hesab edirəm, müxalifət yenə də siyasi hoqqabazlığı, oyunbazlığı ilə məşğuldur. Biz Rusiya ilə münasibətlərin yaxşı olmasında, inkişaf etməsində maraqlı tərəfik. Qonşularla münasibətlər yaxşı səviyyədə olmayanda ciddi fəsadları da olur. Bunu yaddan çıxarmaq lazım deyil. Müxalifətin dezinformasiya kampaniyasının heç bir mənası və əhəmiyyəti yoxdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev nəyi necə etməyi çox gözəl bilir. Nəticələri də göz qarşısındadır. Tarixi zəfərə də məhz cənab İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində nail olunub”, – o bildirib.
araz.az xəbər portalı.