119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizəd Bəxtiyar Əliyevlə Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, YAP Ağdam rayon təşkilatının sabiq sədri Allahverən Əliyev Azərbaycan Seçki Məcəlləsinin  55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərini kobud surətdə pozduqları üçün barələrində Baş Prokuror Kamran Əliyevə və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova şikayət verilib…

Bu barədə 119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizəd, Avropa Mətbuat Federasiyasının üzvü, jurnalist Asif Mərzili araz.az Media Qrupuna danışıb. Sitat: «Məsələ ondadır ki, Bəxtiyar Əliyev 20 ildir Ağdam 118 saylı Seçki Dairəsindən deputat olub. Bu dəfə həmin dairədən namizəd Xocalının sabiq başçısı Elman Məmmədovdur və artıq Ramiz Mehdiyevin deputat təyinatı tapşırıqları işə keçmədiyindən Bəxtiyar Əliyev 119 saylı Ağdam Seçki Dairəsindən namizədliyini irəli sürüb. 20 il Ramiz Mehdiyevin sayəsində deputat olan şəxs bir dəfə də olsun seçicilərinin qapısını açmayıb, dərdini, problemini dinləməyib. Ona görə də o seçki təbliğatı başlayandan bəri sərbəst olaraq heç bir məntəqəyə gedə bilməyib, cəhd etdiyi yerlərdə isə ona gəldiyi kimi də çıxıb getməsini deyiblər və s. Bu səbəbdən B.Əliyev qanunla qadağan olunan başqa bir üsula əl ataraq Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, YAP Ağdam rayon təşkilatının sabiq sədri Allahverən Əliyevi öz təbliğatına cəlb edib. Artıq neçənci dəfədir ki, Allahverən Əliyev qanunla qəti qadağan olunan bu yola əl ataraq Bəxtiyar Əliyevin təbliğatı ilə məşğuldur. Məsələn, A.Əliyev B.Əliyevlə birlikdə məntəqə sədrlərinə və icra nümayəndələrinə, yaxud idarə müdirlərinə zəng etdirərək B.Əliyevlə görüşə adam toplamağı tapşırır. Özü də həmin görüşə qatılır. Hamı RİH başçısının 1-ci müavinini bu görüşlərdə görəndə isə onlarda belə rəy yaranır ki, Bəxtiyar Əliyev yenə də qutudan deputat kimi çıxacaq. Bu isə cənab Prezident İlham Əliyevin siyasi iradəsinin məhsulu olan bu dəfəki parlament seçkilərini qəsdən gözdən salmaq deməkdir. Məsələn, neçə gündür seçicilərim mənə zəng edir ki, xəbər yayılıb ki, B.Əliyev deputat olacaq. Deyirəm, bu məlumat sizdə hardandır, deyirlər ki,  Allahverən Əliyev onunla təşviqat aparırsa, bu artıq o qənaəti ortaya qoyur və s. Hesab edirəm ki, Bəxtiyar Əliyev Azərbaycan Seçki Məcəlləsinin  55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərini kobud surətdə pozduğu üçün onun namizədliyi dərhal ləğv olunmalıdır. Və onun, eləcə də Allahverən Əliyevin əməllərinə hüquqi qiymət verilməlidir. Seçicilərimdən mənə təqdim edilən maddi sübutlar  var və aidiyyəti üzrə göndəriləcək. Məsələn, belə bir qanunsuz əməl bu gün isə “Dördyol-1” köçkün qəsəbəsində baş verib…».

Deputatlığa namizəd Asif Mərzili onu da bildirdi ki, o artıq bununla bağlı Baş Prokuror Kamran Əliyevə və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova şikayət verib: «…119 saylı Ağdam Seçki Dairsəindən 3 deputatlığa namizəd də mənə zəng etdi, onlar da eyni qaydada şikayət verəcəklər…».

Xatırladırıq ki, Azərbaycan Seçki Məcəlləsinin 55.2.1 («Maddə 55. Namizədlərin irəli sürülməsi zamanı onların bərabər statusunun təmin edilməs»), 55.2.4 («Namizəd irəli sürülməyə və ya seçilməyə kömək üçün dövlət və ya bələdiyyə mülkiyyətində olan nəqliyyat vasitələrindən pulsuz və ya güzəştli şərtlərlə istifadə etmək (yuxarıda göstərilən hallar dövlət mühafizəsi barədə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq nəqliyyat vasitələrindən istifadə edən şəxslərə aid edilmir»), 55.2.5. «Dövlət və ya bələdiyyə qulluqçularını xidməti ezamiyyət zamanı imza yığılmasına və ya seçkiqabağı təşviqata cəlb etmək» və 74.4.2. («Öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara… qadağandır!)» maddələrində yuxarıda qeyd olunanlar aydın qeyd edilib.

(araz.az)

araz.az xəbər portalı.