Benilüks Azərbaycanlıları Konqresinin (BAK) üzvləri Qərbi Azərbaycan İcması rəhbərliyi ilə görüşüblər.

araz.az xəbər verir ki, görüşdə Qərbi Azərbaycan İcması ilə Benilüks Azərbaycanlıları Konqresinin əməkdaşlığı və bu əməkdaşlığın perspektivləri müzakirə olunub. Görüşdə Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli, icma rəhbərinin müavini Hikmət Babaoğlu, BAK-ın sədri Elsevər Məmmədov, BAK-ın sədr müavini Sima Cəfərova, BAK-ın mətbuat xidmətinin rəhbəri Gülnarə Əliyeva, “Dayaq” təşkilatının sədr müavini Məcid Məmmədov iştirak ediblər.

Görüşdə son 100 ildə soydaşlarımızın Ermənistan ərazisindən vəhşiliklə deportasiya edilməsi və toponimlərin erməniləşməsi kimi mövzular müzakirə edilib, bu mövzularla bağlı yeni faktlar nəzərdən keçirilib. Soydaşlarımızın doğma yurdundan – Qərbi Azərbaycandan vəhşicəsinə deportasiyası ilə bağlı məlumatların Avropa ictimaiyyətinə çatdırılmasının vacibliyi qeyd edilib. Sovet İttifaqı dövründə bu hadisələrin gizlədildiyi pislənib. Görüş iştirakçıları bu məsələnin ictimailəşməsinin zəruriliyini vurğulayıblar.

Qərbi Azərbaycan İcmasının rəhbərliyi soydaşlarımızın doğma yurdu Ermənistandan deportasiya edilməsindən bəhs edən kitabları BAK üzvlərinə təqdim edib.

araz.az xəbər portalı.