2024-cü ilin sentyabr ayının 1-də VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində ölkə ərazisində deputatlığa namizədlikləri irəli sürülən şəxslərin seçicilərlə keçirdikləri görüşlərin sayı-hesabı olmasa da, onların arasında möhtəşəm təşkil olunanları yaddaqalan olur.

Parlament seçkilərində 28 saylı Sabunçu üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Eldar Quliyevlə rayonun Bilgəh, Zabrat və digər yaşayış məntəqələrinin sakinləri arasında təşkil edilən görüşlər də, deyilən tədbirlər sırasındadır. Onun bütün görüşlərində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilir. Bu tədbirlərdə, həmçinin təşviqat qrupunun üzvləri və digər iştirakçılar çıxış edərək bildirirlər ki, müstəqil Azərbaycan Respublikası müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin şərəfli bir dönəmini uğurla yekunlayaraq, yeni bir dövrə qədəm qoyur. Onlar elə bu vacib səbəbə görə də, bütün ərazilərdə yaşayan seçki hüquqlu sakinlərin hər birini parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırırlar.

Eldar Quliyevin öz seçiciləri ilə növbəti belə bir görüşü Maştağa qəsəbəsində baş tutub. Sakinlərin qarşısında etdiyi geniş və əhatəli çıxışi zamanı deputatlığa namizəd deyib ki, əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş önəmli siyasətin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam olaraq bərpa olunub, ictimai-siyasi sabitlik təmin edilib, iqtisadiyyatın şaxələndirilməsi prosesi uğurla həyata keçirilib. Bütün bu mühüm istiqamətlərin reallığa çevrilməsi isə, birbaşa, ölkə rəhbərliyinin müdrik siyasətinin məntiqi nəticəsidir. Natiq çıxışında onu da bildirib ki, qalib dövlətimiz davamlı olaraq güclənib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində, ötən illər ərzində böyük inkişaf yolu keçən Azərbaycanın mədəni irsinin qorunması və təbliği daim dövlətimizin prioritetləri sırasında durub. Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın da, bu sahədə xidmətləri ölçüyəgəlməzdir.
Konkret desək, müstəqil Azərbaycan ildən-ilə daha da güclənib, sürətlə inkişaf edib. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub. Bu gün iqtisadiyyatda əldə edilmiş sıçrayışlı inkişafın və çoxsaylı nailiyyətlərin nəticəsi olaraq, Azərbaycan keyfiyyətcə yeni pilləyə — modernləşmə mərhələsinə qədəm qoyub. Azərbaycanda vaxtilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çox yüksək səviyyədə və uğurla icra edilib, hazırda da icra edilməkdədir. Bölgələrin inkişafı, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir. Görülən kompleks tədbirlər nəticəsində işğaldan azad olunmuş ərazilərdə aparılan möhtəşəm bərpa və yenidənqurma işləri ilə yanaşı, digər şəhər və rayonlar kimi, Bakı kəndləri də, həmişə ölkə rəhbərinin diqqət mərkəzində durub. Nəticəsi göz qabağındadır; Respublikanın hər bir bölgəsinin inkişafı, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bütün bunlar ona bir işarədir ki, möhtərəm Prezidentin, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, Azərbaycan dövləti bundan sonra daha böyük uğurlara imza atacaq.

​Eldar Quliyev nitqində həmçinin deyib ki, əvvəlki çağırışlarda olduğu kimi, bu dəfə də seçiləcəyi təqdirdə, Bilgəh, Maştağa və Zabrat qəsəbələrinin sakinlərinin sosial-rifah halının daha da yaxşılaşdırılması, onların qarşılaşdıqları problemlərin həlli üçün əlindən gələni edəcək, onların sözünü Milli Məclisin tribunasından səsləndirəcək.

​Tədbirin sonunda Eldar Quliyev seçicilərinin təkliflərini və onları narahat edən problemlərini dinləyib. Bu zaman onu da qeyd edib ki, seçicilərlə fərdi görüşlərini yenə davam etdirəcək. Çünki adamları narahat edən problemlərə aydınlıq gətirmək baxımından, belə görüşlər həmişə faydalı və çox əhəmiyyətli olur.
Namizədin bu sözlərindən sonra, hətta əksər seçicilər problemlərinin vaxtında həll edildiyini dilə gətirərək, Eldar Quliyevə təşəkkür ediblər. Məhz bu işlərinə görə də, keçiriləcək seçkilərdə yenidən ona səs verəcəklərini qəti şəkildə bildiriblər.
Xatırladaq ki, 1951-ci ilin iyul ayının 26-da Bakı şəhərində anadan olan Eldar Allahyar oğlu Quliyev II, III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin üzvü olub. Fəal siyasətçi, iqtisad elmləri doktoru, professor kimi yaxşı tanıdığımız 73 yaşlı namizəd təyin olunduğu Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi məsul vəzifələri də layiqincə yerinə yetirib. Elə, buna görədir ki, əməyi hər zaman yüksək qiymətləndirilib. Türkdilli Dövlətlərin Parlament Assambleyasınin “Fəxri millət vəkili” seçilən Eldar Quliyev “Şərəf” və “Şöhrət” ordenlərinə, “Heydər Əliyevin 100 illiyi (1923–2023)” və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medallarına layiq görülüb.

Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.