119 saylı Ağdam Dairə Seçki Komissiyasında inanılmaz olaylar baş verir. Bunlardan biri odur ki, Ağdam RİH başçısının 1-ci müavini Allahverən Əliyev Seçki Məcəlləsin bütün tələblərink kobud surətdə pozaraq Ramiz Mehdiyevin sayəsində 20 ildir Ağdamdan millət vəkilk edilən və hazırda deputatlığa namizəd Bəxtiyar Əliyevin seçki təbliğatında birbaşa iştirak edir.
Ağdamdan deputatlığa namizədlərdən bir neçəsinin MSK-ya və Baş Prokurorluğa etdiyi şikayətlər barədə mediada yazılar dərc olunub. Məsələ ondadır ki, belə qanunsuzluqlar baş verəndə DSK sədri tədbir görməlidir və RİH başçısının 1-ci müavinindən aidiyyəti üzrə şikayət yazılıb həm də hüquq mühafizə orqanlarına göndərilməlidir. Lakin Ağdam DSK-nın sədri Sahil Əliyev bunu edə bilmir. Çünki Allahverən Əliyev DSK sədrinin atasıdır. Oğul atanı necə cəzalandıra bilər? Bundan əlavə, Allahverən Əliyevin qızı, yəni Ağdam 119 saylı DSK-nın sədrinin bacısı Sahilə Allahverən qızı Əliyeva 50 saylı məntəqənin sədridir. Hansı ki, bj məntəqədə ən azı 1300 seçici var. Sual yaranır: ata, oğul və məntəqə sədri olan bacı Əliyevlərin hökmran olduğu bir dairədə ədalətli seçkidən danışmağa dəyərmi? Və ya, nəticələr Bəxtiyar Əliyevin xeyrinə saxtalaşdırılmacaqmı? Çünki ata Allahverən Əliyev dəfələrlədir Seçki Qanunvericiliyini ciddi şəkildə pozaraq və inzibati resurslardan sui-istifadə edərək Bəxtiyar Əliyevin seçki təbliğatında iştirak edir. Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının 115 qaynar xətti ilə də əlaqə saxladıq. Bu barədə növbəti yazıda. Sonda: öyrəndik ki, namizədlərdən üçü Allahverən Əliyevin və Bəxtiyar Əliyevin bu qanunsuz hərəkətindən Prezidentə müraciət ediblər.
Rəsul ƏLİYEV.
araz.az xəbər portalı.