Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovun hökmü ilə bağlı yenidən məhkəməyə müraciət edilib.

araz.az qafqazinfo-ya istinadən xəbər verir ki, Çovdarovla bağlı illər əvvəlki hökmdən keçmiş polis əməkdaşı Neman Kərimov şikayətçidir.

2015-ci ildə N.Kərimov A.Çovdarov və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdı. İttihamda yazılırdı ki, N.Kərimov və dayısı oğlu Elçin Mövsümov “Elit” hotelində iki qızla qalarkən MTN əməkdaşları basqın edərək onları nazirliyə aparıblar. MTN-də ona Sevinc Rüstəmova adlı şəxsə 30 min manat borcu olduğunu deyiblər. İdarə rəisi Çovdarov onu buraxmaq üçün əvvəl 250 min manat pul istəyib, sonradan 80 minə razılaşıblar. Həmin pulun 20 min manatı Sevinc Rüstəmovaya verilib, 60 mini isə hədə-qorxu ilə tələb etməklə ələ keçirilib. Kərimov özü isə pulu verdikdən sonra sərbəst buraxılıb.

Zərərçəkmiş əvvəllər ona dəymiş maddi və mənəvi ziyana görə Akif Çovdarov və polkovnik Səlim Məmmədovdan təzminat tələb etsə də, məhkəmə onun iddiasını təmin etməyib.

9 il sonra, bu günlərdə Neman Kərimov ona geri ödənilməmiş 60 min manat ziyanın qaytarılması tələbi ilə apellyasiya şikayəti verib. Onun niyə görə bu qədər müddət sonra pulunun arxasınca düşməsinin səbəbi bilinmir.

Qeyd edək ki, A.Çovdarov 2017-ci ildə 12 il azadlıqdan məhrum edilib. O, bir neçə il sonra əfv edilib. General rütbəsindən məhrum edilən Çovdarovun 30 milyonluq əmlakı da bu yaxınlarda müsadirə edilib.

araz.az xəbər portalı.