“Qiymət artımı və internetin sürətindəki artım əslində paralel getməməli idi. Çünki bundan əvvəl də ölkədə internet qiymətlərinin artması prosesi baş vermişdi. Burada heç bir sürət artımından söhbət gedə bilməzdi. Düzdür, ölkədə texnologiya olaraq ADSL texnologiyasından optik texnologiyaya keçid baş vermişdi. Amma bu keçid prosesi zamanı xidmət səviyyəsində heç bir artım müşahidə edilmirdi. Buna baxmayaraq yenə də bir neçə dəfə internet qiymətlərinin artmasını müşahidə etdik. İndiki halda isə bahalaşmanı internetin sürətinin artması ilə əsaslandırırlar. Yəni xidmət səviyyəsində artım baş veribsə, qiymət də mütləq artmalıdır. İnternet qiymətlərinin artması kökündən səhv qərardır. Çünki vətəndaşı 100 meqabit internetlə təmin edib məcburi şəkildə ödənişini almaq çəkidə aldatmaq kimi şeydir”. 

 

araz.az  bildirir ki,bu sözləri Pravda.az-a İKT üzrə mütəxəssis Fərhad Mirəliyev internet qiymətlərinin artmasına baxmayaraq, sürətin aşağı olması barədə şikayətlərə münasibət bildirərkən deyib.

 

Mütəxəssis vurğulayıb ki, heç də hamıya 100 meqabit internet lazım deyil: “Ola bilər, hər kəs 100 meqabit internetlə təmin olunsun, amma mütəxəssis olaraq başa düşürük ki, hamının günün 24 saatı 100 meqabit sürəti istifadə etmək imkanı olmur. Hətta İP televiziya yayımlarında, yaxud digər onlayn striminq servislərdə 30 meqabit internet bəs edir ki, 4K səviyyəsində yayımlama prosesi uğurla nəticələnsin. İnternetin özünün texniki göstəricilərində sürət amili həlledici amil olsa da, sadəcə, amillərdən biridir. İnternetin keyfiyyətini xarakterizə edən parametrlər olmadıqdan sonra sürət hətta 200 meqabit olsa belə, əhəmiyyəti olmur. Məsələn, Ping, Jitter göstəricisi var. Bunlar da əhəmiyyət kəsb edir ki, həmin sürəti uğurla istifadə edə biləsən”.

 

O bildirib ki, ötən illər ərzində dövlət, o cümlədən bir sıra özəl provayderlərin keyfiyyətli internet xidməti ilə təmin edə bilmədiyini müşahidə ediblər: “Bu sahədə problemi mütəxəssis çatışmazlığı ilə əlaqələndirirəm. Çünki verilən əməkhaqqı, məvaciblər kifayət qədər olmadığı üçün dövlət və özəl provayderlər yaxşı mütəxəssis cəlb edə bilmirlər. Ən birinci elə operatorların özündən başlaya bilərik. Abonent zəng edib internetin sürətindən şikayət bildirəndə “söndür, yandır, düzələcək” kimi absurd bəhanələr gətirilir. İstifadəçinin probleminə dərin yanaşılmır. Yekunda istifadəçini o səviyyəyə çatdırırlar ki, istifadəçi interneti həmin problemlə istifadə edəsi olur. Çünki artıq şikayət bildirməkdən bezir. Sosial şəbəkələrdə də baxsaq, görərik ki, nə qədər şikayətlər var. Provayderlər vəd olunan, müqavilə üzrə qeyd edilən sürəti təmin edə bilmirlər. Düzdür, son dövrlər böyükmiqyaslı işlər görülüb, infrastruktur yenilənmələri həyata keçirilib. Amma yenə də qoyulan investisiyaları idarə etmək üçün mütləq savadlı mütəxəssislər olmalıdır. Müştərilərlə əlaqə sistemi də adekvat çalışmalıdır ki, onların problemlərinə zamanında dərhal reaksiya verilsin”.

 

araz.az xəbər portalı.