23 avqust xüsusi dövlət mühafizə xidməti əməkdaşlarının peşə bayramı ilə əlaqədar Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İlqar Abbasov, Agentliyin kollegiya üzvləri və rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək məzarı önünə əklil qoymuşlar. Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.

Bu barədə Agentlikdən araz.az-a daxil olan məlumata görə, tədbir iştirakçıları Şəhidlər Xiyabanında Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğul və qızlarımızın unudulmaz xatirələrini yad edərək, məzarları üstünə gül dəstələri düzüb, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyublar.

Xüsusi dövlət mühafizə orqanlarının əməkdaşlarının peşə bayramı münasibətilə tədbir Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin akt zalında davam etdirilmişdir.

Tədbirdə çıxış edən Agentliyin rəisi general-mayor İlqar Abbasov ilk öncə şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edərək Xüsusi dövlət mühafizə orqanlarının yaranma tarixi və zəruri bir qurum kimi öz inkişafını davam etdirməyindən bəhs etmişdir.

Ulu Öndər Heydər Əliyevin xüsusi dövlət mühafizə xidmətinin fəaliyyətinə verdiyi əvəzolunmaz töhfələrdən danışan Agentlik rəisi qeyd etmişdir ki, Mühafizə Xidmətinin müasir tarixinin ən unudulmaz səhifələri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 23 avqust 1993-cü il tarixdə Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi yaradılmış, 6 may 2002-ci il tarixdə Baş Mühafizə İdarəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti adlandırılmışdır.

Ölkəmizdə həyata keçirilən  irimiqyaslı enerji layihələrinin təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar 31 may 2003-cü il tarixdə Xüsusi Dövlət Mühafizə Xidmətinin nəzdində İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi yaradılmışdır.

Qeyd edilib ki, 31 illik dövr ərzində xüsusi dövlət mühafizə xidməti orqanlarının əməkdaşları yüksək vəzifəli şəxslərin təhlükəsizliyinin, o cümlədən, Azərbaycan Respublikası Prezidentinin mühafizəsi və ali dövlət hakimiyyət orqanlarının, neft və qaz kəmərlərinin və onların yerüstü qurğularının, digər strateji əhəmiyyətli obyektlərin etibarlı şəkildə qorunması sahəsində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər. Həmçinin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi dövlət mühafizə xidmətinin hərbi qulluqçuları şərəflə iştirak etmiş, qəhrəmanlıqlar göstərmişlər. Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, baş verə biləcək terror-təxribat aktlarının qarşısının qətiyyətlə alınması kimi ən mühüm sahələrdə Xidmətin hərbi qulluqçularının daim nümunəvi fəaliyyəti və fədakarlığı diqqəti cəlb etmişdir.

Xüsusi mühafizə sahəsində dövlət  siyasətinin daha da təkmilləşdirilməsi məqsədilə möhtərəm cənab Prezident İlham Əliyevin 16.03.2020-ci il tarixli fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilmiş və yeni 3 qurum yaranmışdır.

Həmin qurumlardan biri kimi Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi  ixrac neft və qaz boru kəmərlərinin mühafizəsini, o cümlədən, mühafizə olunan şəxslərin və əksər strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi, mühafizə olunan şəxslər və obyektlərə qarşı yönələ biləcək təhlükələrin qarşısının alınması sahəsində qanunamüvafiq qaydada fəaliyyət göstərir. Beynəlxalq terrorizmin və sui-qəsdlərin geniş vüsət aldığı bir vaxtda mühafizə işinin təkmilləşdirilməsi, elm və texnikanın nailiyyətlərindən istifadə olunması, yüksək peşəkarlığa malik kadrların hazırlanması Agentliyin qarşısında duran əsas vəzifələrdir.

Milli dövlətçiliyimizin qorunması işində mühüm yer tutan Agentliyin hərbi qulluqçularının fədakar və nümunəvi fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir.

Belə ki, Agentliyin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə yeni inzibati bina Agentliyin balansına verilmişdir. Agentliyin strukturunda dəyişiklik edilərək müstəqil idarə və şöbələrin, həmçinin, ali zabitlərin sayı artırılmışdır.

Hərbi qulluqçuların əmək haqqına həvəsləndirmə sistemi tətbiq edilərək əməkdaşların sosial rifahı yaxşılaşdırılmışdır.

Agentliyə neft və qaz boru kəmərlərinin mühafizə  və məssləhətləşmə zonasında müvafiq işlərin aparılmasına, o cümlədən, pilotsuz uçuş aparatlarının idxalı və istifadəsinə icazə verilməsi kimi mühüm səlahiyyətlər verilmişdir.

Ali zabit heyəti vəzifələrinə yeni idarə rəisləri təyin edilmiş, Agentliyin Kollegiyasının tərkibi təsdiq olunmuşdur.

Keçən il yubiley medalının təsis edilməsi, hər il əməkdaşların dövlət mükafatları ilə təltif olunması dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Həmin diqqət və qayğının davamı kimi Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2024-cü il tarixli Sərəncamı ilə Agentliyin 12 nəfər hərbi qulluqçusu dövlət təltifləri ilə mükafatlandırılmış, ali zabit heyəti vəzifəsinə yeni təyinat edilmişdir.

Çıxışının sonunda Agentliyin rəisi vurğulamışdır ki, Cənab Prezidentin rəhbərliyi altında uğurla həyata keçirilən islahatların və stabilliyin qorunub saxlanılması ilə bağlı mühafizə sahəsində qarşımıza qoyulan vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Strateji Obyetlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti döyüş tapşırıqlarının yerinə yetirilməsində daha fəal mövqe tutmalı, dövlətə və dövlətçilik ideyalarına daha sədaqətlə xidmət göstərməlidir.

Tədbirin sonunda Agentliyin xidmətdə fərqlənən və öz vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuları medal və digər mükafatlarla təltif edildilər.

 

araz.az xəbər portalı.