“Bu gün Azərbaycanın xarici siyasət kursunda Orta Asiyada yerləşən Türk dövlətləri ilə əlaqələr xüsusi əhəmiyyət daşıyır. Bu əlaqələr həm tarixi köklərlə bağlıdır, həm də 2009-cu ildən başlayaraq, Türk Dövlətləri Təşkilatları çatısı altında əmakdaşlığın intensivləşməsi, regional məsələlərdə birgə strategiyanın mövcud olması ilə daha da dərinləşib”.

araz.az xəbər verir ki, bu fikirləri Olaylar.az-a açıqlamasında Türk Dünyası məsələləri üzrə ekspert İlqar İlkin bildirib.

“Azərbaycan özlüyündə Orta Asiyanın Türk dövlətləri ilə həm birlikdə, həm də ayrı-ayrılıqda yaxşı əlaqələrə malikdir. Hər keçən gün bu əlaqələr daha çox şaxələnir və qarşılıqlı maraqlara söykənir.
Bu ölkələrin içərisində Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və son illlər sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr də hər keçən gün daha da artır. Bu həm iqtisadi sahədə, həm də mədəni və humanitar sahələrdə özünü daha çox göstərir. Bu əlaqələr ölkələrimiz arasında sovetlər birliyi dönəmində də mövcud olub, tarixi ənənə üzərində yenidən əlaqələrimiz də inkişaf edir. Özbəkistan Qarabağ məsələsi olduğu dövrlərdə hər zaman Azərbaycanın yanında olub, birmənalə şəkildə ölkəmizi dəstəkləyib. Ermənistanla diplomatik əlaqələrin yaranmasına imkan verməyib”.

İlqar İlkin qeyd edib ki, bu gün də Özbəkistanda erməni icmasının yaşamasına baxmayaraq, Özbəkistanda Ermənistan səfirliyi və Ermənistanda Özbəkistan səfirliyi fəaliyyət göstərmir.

“Ölkələrimiz arasında 2004-cü ildən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Bu bəyannaməyə uyğun olaraq, ölkə rəhbərləri səviyyəsində daima isti münasibətlər, qarşılıqlı hörmətə dayanan tərəfdaşlıq münasibətləri görürük. Biz, bu münasibətlərin dərinləşməsində Özbəkistan prezidenti Şavkat Mirziyoyevin rolunu da xüsusi vurğulamalıyıq. Təbii ki, Azərbaycanın isti münasibətlərinə səmimi qarşılıq verən, qardaşlıq bağlarının möhkəmlənməsində onun da ayrıca töhfəsi olub. Onun Özbəkistana prezidentliyi dönəmində ölkələrimiz arasında əlaqələr daha da möhkəmlənib. Təkcə 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana üç dəfə səfər etməsi bu əlaqələrə verilən önəmin göstəricisidir. Son illərdə biz iki ölkə başçısının müxtəlif tədbirlərdə tez-tez bir araya gəldiyinin şahidi oluruq. Bütün bu görüşlərdə təbii ki, ölkəmizin Özbəkistanla əlaqələri yeni bir mərhələyə qədəm qoyur. Ayrıca Özbəkistanın Qarabağın işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərində iştirakı bizi məmun edir, əsl qardaş dəstəyini görürük. Bu münasibətlər digər Türk dövlətləri üçün əsl nümunə ola bilər”.

 

araz.az xəbər portalı.