“1 həftə əvvəl rayona gedəndə polislər məni postda saxladılar. Dedilər ki, 100 və 50 manatlıq cəriməm var. Guya 1 saat öncə qayda pozuntusu etmişdim. Dedim ki, “qardaş, məni niyə buna görə saxlamısınız?” Cəriməm varsa, “sms radar” tətbiqindən göndərin, ödəyim. 1 həftədir gəlmişəm, hələ heç bir cərimə gəlməyib. Bilirdim ki, heç bir qayda pozuntusu etməmişəm. Etsəm belə, onsuz da dərhal tətbiqdən bildiriş gəlir və onlayn formada ödəyirəm. Buna görə niyə saxlanılıram? Maşının nömrəsində çip var, radar var, kamera çipi oxuyur,  maşının yiyəsi haqda, texniki baxışdan keçib-keçməməsi, sığortasının olub-olmaması, sürət hesablaması və qayda pozuntusu haqda bildirişləri təyin edir. Bu halla rastlaşmağım ilk dəfə deyil. Dəfələrlə mənim və tanışlarımın başına gəlib ki, yüksək məbləğdə cərimə olduğu bildirilib, silinməsi üçün də aşağı məbləğ təklif edilib. İndiki dövrdə bu məsələlərin hələ də gündəmdə olması çox məyusedicidir. Və stasionar postların fəaliyyətinin nədən ibarət olduğunu anlamıram”. 

Dövlət yol polisinin stasionar postlarında dəfələrlə neqativ hallarla üzləşən Bakı sakini Qasım Məmmədli Pressklub.az-a danışarkən deyib ki, digər ölkələrdəki kimi, Azərbaycanda da stasionar postlar ləğv edilsə, yaxşı olar.

Bir çox ölkələrdə fəaliyyətinə son qoyulan, Azərbaycanda isə sovet dövründən bəri varlığını qoruyan stasionar yol polisi postları ilə bağlı zaman-zaman müxtəlif fikirlər səsləndirilir. Bəziləri deyir ki, müasir dövrdə texnologiyanın inkişaf etdiyi vaxtda bu postların əhəmiyyəti qalmayıb. Hər hansı qayda pozuntusu zamanı radar, kamera bunu müəyyən edir və həmin sürücü yerindəcə cərimələnir, mobil telefonuna da bununla bağlı bildiriş göndərilir. Sürücü də bunu onlayn formada rahatlıqla ödəyir. Bəziləri isə deyir ki, həmin postların mövcudluğu əmin-amanlıq, təhlükəsizlik və nəzarət baxımından əhəmiyyətlidir. Halbuki onsuz da yollarda polis maşınlarını görmək adi hal alıb. Zəruri hal yarananda həmin polislər dərhal sürücünü saxlayıb, lazımi xəbərdarlığı edir.

Yeri gəlmişkən, bəzi Avropa ölkələrində nəinki stasionar postlar, hətta dövlətlərarası sərhəd-keçid məntəqələri belə ləğv edilib. Şengen ölkələrində sürücülər bir ölkədən digərinə keçəndə nə bir post, nə də bir polis-sərhədçi gözə dəymir. Həmin ölkələrdə nəzarəti elə ustalıqla həyata keçirirlər ki, vətəndaş onu görmür. Amma bir hadisə olsa, dərhal polislər hadisə yerində olurlar.

Belə bir məqamda sözügedən stasionar postların fəaliyyətinin nədən ibarət olduğu maraq doğurur. Görəsən, bu postların əhəmiyyəti nədir? Fəaliyyəti nədən ibarətdir? Və həmin postlarda neqativ hallarla rastlaşan vətəndaşlar nə etməlidir?

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis  polkovnik-leytenantı Mübariz Ağayev Pressklub.az-a açıqlamasında bildirib ki, stasionar yol-patrul xidməti (YPX) postu yol polisi naryadlarının xidmət apardığı əməliyyat-texniki və xüsusi vasitələr, mühəndis və digər qurğularla təchiz olunan xüsusi xidməti obyektdir: “Stasionar postlar əsasən, respublika əhəmiyyətli avtomobil yollarında, paytaxtın giriş və çıxışlarında təşkil olunur. Stasionar yol-patrul xidməti postlarında xidmət aparan YPX inspektorları yol hərəkətinə nəzarət, inzibati xətaların qarşısının alınması və profilaktikasını həyata keçirir. Təhqiqat, istintaq və məhkəmə orqanlarından gizlənən, yol-nəqliyyat hadisəsi yerindən və cəzadan yayınan şəxslərin, habelə qeyri-qanuni silah, döyüş sursatı, partlayıcı maddələr, narkotiklər və narkotik tərkibli maddələri daşıyan, eləcə də digər cinayətlərin törədilməsində şübhəli bilinən şəxslərin aşkarlanması, axtarışı və saxlanması funksiyasını yerinə yetirir”.

Müsahibimiz bildirib ki, stasionar postlar dayandırılmış nəqliyyat vasitələrinin sürücülərindən yolların vəziyyəti, yol şəraiti, gecə vaxtı yolun hərəkət hissəsində saxlanmış nəqliyyat vasitələri ilə bağlı məlumatlar alır, şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradan təbii fəlakətlər və hava şəraitinin pisləşməsi zamanı, habelə gecə vaxtı dayanmaq üçün nəqliyyat vasitələrinin sürücülərinə və əməliyyat-profilaktik tədbirlərin keçirilməsi zamanı daxili işlər orqanlarının əməkdaşlarına yardım göstərir: “Bundan başqa, hazırda stasionar postların hamısında sürücülərin və sərnişinlərin qısamüddətli istirahət etməsi üçün şərait yaradılıb, sürücülər yorğunluq və yuxusuzluq hiss etdikdə həmin postlarda avtomobilini saxlayıb, qısamüddətli istirahət edə bilər”.

M. Ağayev bildirib ki, qeyd olunan neqativ hallar qanuna ziddir. Və bu cür hallarla rastlaşan vətəndaşlar Daxili İşlər Nazirliyinə ya ənənəvi formada, ya da sosial media hesablarından müraciət edib, şikayəti bildirə bilərlər.

Görəsən, stasionar postlar digər ölkələrdəki kimi Azərbaycanda da ləğv edilə bilərmi?

Pressklub.az-a danışan ekspert Elməddin Muradlı deyib ki, bir çox ölkələrdə bu postlar var. Ola bilsin ki, fəaliyyəti fərqlidir. Onlara xüsusən postsovet məkanlarında rast gəlinir.

Neqativ hallar zamanı sürücülər aidiyyəti quruma müraciət etməlidir:  “Stasionar postda sürücünü saxlayıb, ondan cərimə ödənişi tələb etmək qeyri-qanunidir. Ona görə də vətəndaşlar belə hallarla rastlaşanda aidiyyəti quruma müraciət etməlidir ki, məsələ araşdırılsın və günahkarlar cəzasını çəksin”. 

Ekspert hesab edir ki, stasionar postların ləğvi müəyyən problemlər yarada bilər. Stasionar postlar qanunsuz saxlanılan silah-sursatla, narkotiklə bağlı faktların aşkarlanmasında mühüm rol oynayır: “Sürücülərin narkotik vasitələrin təsiri altında sükan arxasına keçməsi kimi hallara rast gəlinir. Buna qarşı həmin stasionar postlardakı polislər tədbir görür. Və o postlar adətən yol kənarlarında yerləşir. Yol kənarlarında da o qədər məsafə var ki, ərazidə xidmət aparan əməkdaşların dincəlməsi üçün həmin postlar qurulur.  Bəzən yol-nəqliyyat hadisələri olanda həmin yerə polis Təcili Tibbi Yardımdan daha tez çatır. Bu da stasionar postların əməkdaşları sayəsində olur”.

Müsahibimiz bildirib ki, stasionar postların əməkdaşlarının kimisə saxlayıb, cərimə məbləğindən aşağı ödəniş alaraq cəriməni silməyi təklif etməsi qanuna ziddir. Xətanı xüsusi texniki vasitələr qeydə alırsa, cərimə dərhal vətəndaşın “AsanPay”-da elektron kabinetinə göndərilməlidir.

Ekspert bildirib ki, sürücülərin əksəriyyəti həmin postlara çatanda sürəti azaldır, təhlükəsizlik kəmərini taxırlar. Postu keçəndən sonra isə əvvəlki vəziyyətə qayıdırlar. Bizim psixologiyamız hələ ki, bu səviyyədədir: “Ona görə də məncə, postların ləğv edilməsindən söhbət gedirsə, bu amillərə nəzər salmalıyıq ki, biz buna hazırıqmı? Məncə, xeyr. Çünki psixoloji olaraq biz ancaq polisi gözləyirik ki, polis gəlsin, bizə qayda-qanun öyrətsin, göstəriş versin”. 

Məlumdur ki, stasionar postlarda cərimə ödənişinin tələb edilməsi qanuna ziddir. Bəs bu halda hansı qanun pozuntusu faktı baş verir?

Mövzu ilə bağlı Pressklub.az-a danışan hüquqşünas Mehman Muradlı deyib ki, vətəndaşlar həmin vaxtı protokol tələb etməlidir. Cərimə elektron qaydada tələb edilməlidir. Rüşvət tələb etmək cinayət məsuliyyəti yaradır: ““Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunu mövcuddur. Həmin hallar bu qanunla tənzimlənir”.

Hüquqşünasın sözlərinə görə, stasionar postlar SSRİ-dən qalan “miras”dır. Hələ də onu ləğv etməyi düşünmürlər. Əvvəl stasionar post 2-3 otaqdan ibarət idi. İndi böyük inzibati idarə binası tikiblər: “100, hətta 50-60 kilometrdən bir stasionar post qurublar. Bu məsafədə baş verən hadisələrə Daxili İşlər Nazirliyinin təhqiqat idarəsinin yol-nəqliyyat hadisələri şöbəsinin əməkdaşları baxır. Onlar həmin postlarda oturur. Stasionar postlar artıq xərcdir. Ləğv edilməlidir”. 

Nazirliyin və bu cür postların qalmasının vacib olduğunu deyən ekspertlərin əsas arqumentlərindən biri konkret ərazidə baş verməsi ehtimal olunan cinayətlərin və qayda pozuntularının qarşısının alınması barədədir. Amma axı hər hansı ərazi ölkənin bəlli rayonunun inzibati tabeliyindədir və həmin əraziyə o rayonun polis, habelə yol polisi şöbələri nəzarət etməlidir, edir. Sözügedən neqativ halların qarşısını onlar da ala bilərlər və buna birbaşa cavabdehdirlər. Rayon ərazisində və rayondan keçən respublika əhəmiyyətli yollarda patrul xidmətini təşkil etmək vəziyyətə daha effektiv nəzarət imkanı yarada bilər.

Ancaq bütün bunların yerinə, böyük büdcəli binaların tikilməsi, saxlanılması, həmçinin postlarda çalışan əməkdaşların təminatı kimi məsrəflərə yol verilir. Üstəlik, vətəndaşlarla rəftar zamanı baş verən neqativ hallar barədə şikayətlər çoxalır. Rəqəmsallaşan ölkədə bu məsələlər onsuz da nə zamansa həllini tapacaq. Tez və məqsədli şəkildə edilsə, cəmiyyət də bu cür addımlara dəstəyini əsirgəməz.

Günay ELŞƏN.

araz.az xəbər portalı.