“Bir sıra korrupsiya hallarında, qaranlıq biznes əlaqələrində adı hallanan Frank Şvabenin Azərbaycan və ölkə rəhbərliyi barədə səsləndirdiyi fikirlər bu insanın nə dərəcədə qərəzli, saxta və ikiüzlü siyasətçi olduğunu nümayiş etdirir”.

araz.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə mətbuata açıqlamasında deyib.

Qurum rəsmisi bildirib ki, siyasi sabitlik, iqtisadi inkişaf və tərəqqi göstəricilərinə görə lider ölkələrdən olan Azərbaycanın siyasi rəhbərliyinə qarşı səslənən fikirlər ilk növbədə ölkənin uğurlarına qarşı qərəz kimi dəyərləndirilir:

“Bununla yanaşı, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində tərəfimizdən atılan addımlar və apardığımız müstəqil siyasətin Şvabe kimi şəxslərin məkrli niyyətləri ilə üst-üstə düşmədiyi, onları narahat etdiyi bir faktdır.

Frank Şvabeyə yaxşı məlumdur ki, AŞPA müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməyə dəvət olunmamasının yeganə səbəbi Almaniya rəsmiləri tərəfindən daxil olmaqla ölkəmizə verilən siyasi səviyyədə vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir.

Azərbaycan-Rusiya ilə münasibətlərdən narahatlıq ifadə edən Şvabenin Almaniyada və AŞPA-da Rusiya ilə əməkdaşlıqda olan, hətta bu gün Rusiyanın “Qazprom” şirkəti ilə yaxından əməkdaşlıq edən şəxslərdən danışması yerinə düşərdi.

Bununla yanaşı, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizənin mahiyyətinə zidd fikirlər səsləndirilməsi Şvabenin Azərbaycana qarşı qərəzini növbəti dəfə nümayiş etdirir.

Şvabenin COP29 çərçivəsində ölkəmizə səfər etmək niyyətinə gəldikdə qeyd edək ki, AŞPA-da Azərbaycan nümayəndə heyəti əleyhinə səs vermiş şəxslər “arzuolunmaz şəxslər” siyahısına salınıb. AŞPA-da nümayəndə heyətimizin mandatı bərpa olunmayanədək sözügedən şəxslər Azərbaycana gəldikləri təqdirdə, onlara ölkə ərazisinə daxil olmağa icazə verilməyəcək.

Azərbaycan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə sadiqdir, bu öhdəlikləri yaxşı anlayır. Bununla yanaşı, bu öhdəliklərin yalnız birtərəfli və ikili standartlar əsasında tətbiq edilməsinə, onlardan sui-istifadə edilərək ölkəmizə qarşı qərəzli yanaşmaların tətbiq edilməsinə yol verilməyəcəyini bir daha diqqətə çatdırırıq”.

araz.az xəbər portalı.