Rusiya Prezidenti Vladimir Putin uzun müddət sonra ABŞ-da gözlənilən prezident seçkiləri ilə bağlı fikir səsləndirib. O, Vladivostok İqtisadi Forumunun plenar iclasındakı çıxışında bildirib ki, prezidentlik yarışında Rusiyanın favoriti Co Baydendir:

“Demişdim ki, favoritimiz indiki prezident cənab Bayden idi. O, yarışdan kənarlaşdırıldı, lakin bütün tərəfdarlarını xanım Kamala Harrisi dəstəkləməyə təşviq etdi. Ona görə biz də Harrisə dəstək olacağıq”.

Putin qeyd edib ki, Donald Tramp Rusiyaya qarşı indiyədək heç bir prezidentin tətbiq etmədiyi qədər məhdudiyyət və sanksiyalar tətbiq edib.

V.Putinin açıqlaması yarızarafat, yarıciddi təsir bağışlayır. Aydın məsələdir ki, Rusiyanın Baydeni dəstəkləməsi real deyil. Əksinə, bu gün Moskvanın üzləşdiyi bir çox problemin səbəbkarı Co Bayden və onun komandasıdır. Lakin bir reallıq var ki, Kreml başçısının bu sözləri seçkiöncəsi namizədlərin reytinqinə və qələbə şanslarına təsirsiz ötüşməyəcək.

Putin köhnə KQB agentidir və manipulyasiya sahəsində peşəkardır, tərs psixologiya ilə seçkiləri manipulyasiya edir.

Rusiya Prezidenti çıxışında vurğuladığı iki detalla Demokratların qələbə şansını azaldır:

1.ABŞ-dakı prezidentlik yarışında Rusiyanın favoritinin Co Bayden oluğunu deməsi;

2.Bütün tərəfdarlarını xanım Harrisi dəstəkləməyə təşviq etdiyini bildirməsi.

Aydın məsələdir ki, ABŞ-da seçicilərin əksəriyyəti Moskvanın Vaşinqtonun düşməni olduğunu bilir. Yəni düşmən ölkə demokratları, onların namizədlərini dəstəkləyir. Şübhəsiz, bu detal seçkidə öz sözünü deyəcək, Putinin sözlərini ciddiyə alanlar olacaq.

Rusiya Prezidenti Trampı pisləyərək əslində onun hakimiyyətə gəlməsini istəyir. Seçkiyə az bir vaxt qaldığından artıq hər kəs bilir ki, Tramp hakimiyyətə gələrsə, Rusiya-Ukrayna müharibəsini bitirmək üçün çalışacaq. Hətta Kiyevin Kursk basqını, son günlər Rusiyada irəliləməsi, Trampın ehtimal qələbəsinin Ukraynaya sərf etmədiyini göstərir.

Nəticə olaraq Putin tərs psixologiya metodu ilə Kamala Harrisi dəstəklədiyini deyib. O, demokratların prestijini endirməyə, Trampı pisləyərək isə Respublikaçıların reytinqini qaldırmağa çalışır.

Turan RZAYEV,                                      politoloq. 

 

araz.az xəbər portalı.