Bu deportasiyalar və etnik təmizləmə aktları xalqımızın haqqını və mənəvi hüququnu pozmuşdur. Azərbaycan xalqı tarixi ədalətin bərpasını və Qərbi Azərbaycana dinc qayıdışı tələb edir. Bu, təkcə ərazi məsələsi deyil, həm də mədəniyyətimizin, tariximizin və ənənələrimizin yenidən dirçəlişidir. Prezident İlham Əliyev dəfələrlə bu məsələni vurğulayaraq bildirib ki, azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaq və bu proses beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, sülh və ədalət yolu ilə həll olunmalıdır.
Qayıdış həm də milli birliyin gücləndirilməsinə, itirilmiş torpaqlarımızın və mədəni irsimizin qorunub saxlanılmasına xidmət edir. Bu mənəvi haqqın təmin olunması tarixi ədalətin bərpası və gələcək nəsillərin öz keçmişinə qovuşması üçün mühüm addım olacaqdır.
Qərbi Azərbaycan İcmasının sentyabrın 3-də verdiyi bəyanat Qarabağda fəaliyyət göstərmiş qondarma rejimin sonuncu rəhbəri Samvel Şahmaranyanın Azərbaycana qarşı təxribatçı açıqlamasına və anti-Azərbaycan addımlarına sərt cavab kimi dəyərləndirilə bilər. Bəyanatda vurğulanan məqamlar həm beynəlxalq hüquqa, həm də tarixi ədalətə əsaslanır. Ermənistan hökumətinin arxa planda Azərbaycana qarşı revanşist qüvvələri dəstəkləməsi və “mühacirətdə olan hökumət” adı altında təxribatçı fəaliyyətlər həyata keçirməsi Qərbi Azərbaycan İcmasının haqlı narazılığına səbəb olub.
İcma bu təhlükəli siyasətin Ermənistanda davam etdirilməsinə cavab olaraq Azərbaycanda “mühacirətdə olan Qərbi Azərbaycan hökuməti”nin təsis edilməsini irəli sürür. Bu, azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququnun müdafiəsi və bu məsələnin beynəlxalq arenada daha geniş şəkildə müzakirə olunmasının zəruriliyini göstərir. Azərbaycan Milli Məclisində “Qərbi Azərbaycana Qayıdış” komissiyasının yaradılması təklifi də bu istiqamətdə atılacaq ciddi addımların bir hissəsi ola bilər.
Beynəlxalq ictimaiyyətin azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququna ədalətli yanaşmaması, ermənilərin Qarabağa qayıdış məsələsinin qabardılması, azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı ilə bağlı susqunluğu ciddi narahatlıq doğurur. Halbuki azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tam beynəlxalq hüquqa uyğundur və tarixi ədalətin bərpası deməkdir.
Zəngəzur, İrəvan və Göyçə kimi tarixi Azərbaycan torpaqları üzərində qurulan Ermənistan dövlətinin bu gün revanşist siyasət yürütməsi, azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququnun beynəlxalq səviyyədə dəstəklənməsinin vacibliyini bir daha gündəmə gətirir. Qərbi Azərbaycan mövzusunun beynəlxalq arenada geniş müzakirəyə çıxarılması bu istiqamətdə mühüm addım ola bilər və bu, tarixi ədalətin bərpası yolunda əhəmiyyətli mərhələdir.
Məsələ ilə bağlı politoloq Zaur Məmmədov bildirib ki, Qərbi Azərbaycan İcmasının bəyanatı reallıqlara adekvat və hadisələrə uyğun şəkildə cərəyan edir. Əgər özlərini Qarabağ ermənilərinin liderləri sayan şəxslər Azərbaycana qarşı destruktiv mövqelərini davam etdirsələr, o zaman Qərbi Azərbaycan İcması tamamilə başqa tədbirlərə əl atmaq məcburiyyətində qalacaq. Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının getdiyi bir vaxtda Qərbi Azərbaycan İcması öz bəyanatlarında ehtiyatlı idi. İcma daima Ermənistan hökumətinə müraciətində də məhz dinc yolla, sülh şəraitində müxtəlif məsələlərin həllini istəyirdi. Amma görürük ki, Şahramanyan və digərləri hələ də işğalçı mövqeyində qalmaqdadır. Əlbəttə ki, belə olduğu təqdirdə Qərbi Azərbaycan İcmasının bir qədər sərt fikirlər səsləndirməsi başadüşüləndir. Birincisi, Qarabağ erməniləri ilə Qərbi azərbaycanlıların qayıdış məsələsi eyni tutula bilməz. Ona görə ki, Qarabağ erməniləriləri Azərbaycan ərazilərinə gəlmə tayfadılar, Qərbi azərbaycanlılar isə daima indiki Ermənistan ərazisində yaşamışlar. Bu, tarixi faktlarla sübut olunur. Ona görə də azərbaycanlıların qayıdışı mütləq şəkildə həyata keçirilməlidir.
İkincisi, əgər Şahramanyan kimilər belə bəyanatları davam etdirəcəklərsə, o zaman bir gün tamamilə başqa bayraq altında gözlərini aça bilərlər. Ona görə diqqətli olmalı və Ermənistan hökuməti üzərinə götürdüyü öhdəlikləri tez bir zamanda yerinə yetirməlidir. Əks təqdirdə, o, dövlətin sərhədlərinin harada başlayıb, harada qurtaracağı məsələsinə məsuliyyəti məhz bu günkü Ermənistan hakimiyyətinin və siyasi elitasının çiyinlərində olacaq. Yaddan çıxarmasınlar ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurla bağlı neçə illərdir dünya ictimaiyyətini, regional dövlətləri, Ermənistanı xəbərdar edirdi. Lakin heç kim buna məhəl qoymurdu. Azərbaycan birtərəfli şəkildə beynəlxalq hüquqa uyğun olaraq Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etdi. İndi də xəbərdarlıq edirik ki, Ermənistanın silahlandırılmasından əl çəkilsin. Rəsmi İrəvan dövlət konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları məsələsinə düzəlişlər etsin. Qarabağ separatçıları da özlərini Ermənistanda adekvat aparsınlar. Əgər bu tələblər yerinə yetirilməzsə, yenə də lazım olan tədbirlər görüləcək.
Siyasi şərhçi Tural İsmayılov qeyd edir ki, Samvel Şahramanyanın sayıqlamaları Ermənistanın dövlət olaraq sülh məsələsində ləyaqətli bir ölkə kimi davranmadığını göstərir. Bir tərəfdən Ermənistandakı sorosçu Paşinyan hakimiyyəti Qarabağ separatçılarını özü üçün siyasi təhdid hesab edir və onların cəmiyyətdə çox görünməyinə imkan vermir, digər tərəfdən də separatçıların Azərbaycan əleyhinə boğazdan yuxarı sayıqlamalarına imkan verir. Onların Azərbaycan əleyhinə, hansısa dırnaqarası bəyanatları hələ də Ermənistanda geniş şəkildə tirajlanır ki, bunlar da qəbuledilməzdir. Bu baxımdan, Qərbi Azərbaycan İcması Samvel Şahramanyanın sayıqlamalarına adekvat cavab olaraq Qərbi Azərbaycanın mühacir hökumətinin yaradıla biləcəyini bildirib ki, bu, kifayət qədər önəmli bir açıqlamadır. Eyni zamanda Qərbi azərbaycanlıların qayıdışı mütləq və vacibdir. Bu, beynəlxalq hüququn tələblərindən biridir və Azərbaycan Milli Məclisində Qərbi Azərbaycana Qayıdış komissiyasının yaradılması münasibətlərin gələcək ruhu baxımından da müstəsna əhəmiyyətə malik ola bilər. Əgər Ermənistandakı separatçılıq meyilləri sona çatmasa, separatçılara geniş meydan verilməyə davam edilsə, Azərbaycanın da Qərbi Azərbaycanla bağlı istənilən legitim addımlar atmaq hüququ mövcuddur.
Qərbi azərbaycanlılar qayıdış haqqında nikbin fikirdədirlər. Xanım Məsimova bu barədə deyir:
– Hesab edirəm ki, Qərbi Azərbaycan mövzusu ümummilli problemdir. Burada xalqımızın hər bir fərdi yekdil fikirdə olmalıdır. O ərazilərə qayıtmaq, yenidən yaşayıb-yaratmaq bütün Qərbi azərbaycanlıların istəyidir. Amma təəssüf olsun ki, bu mövzuda da beynəlxaq ictimaiyyət Azərbaycana lazım olan dəstəyi vermir. Belə olan halda bu yükün bütün ağırlığı Azərbaycanın üzərinə düşəcək. Buna baxmayaraq, mən yenə də ümidimi itirmirəm. Biz bütün dünyaya sübut etmişik ki, hər bir çətinliyin öhdəsindən gələ bilərik. Bizim uzun illər Qarabağ kimi problemimiz olub. Qarabağı işğal edənlər daim dünyanın supergücləri tərəfindən dəstəklənib. Ancaq onlar Ali Baş Komandanın hərbi və siyasi müdrikliyi qarşısında mat vəziyyətində qaldılar. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi böyük tarixi hadisədir. İnanıram ki, yeni tariximizə təkcə Qarabağ Zəfəri deyil, Qərbi Azərbaycan Zəfəri də daxil olacaq. Biz o torpaqlara sülh və əmin-amanlıq yolu ilə qayıdacağıq.
Musa BAĞIRLI, “Respublika” qəzeti.
araz.az xəbər portalı.