Ötən tədris mövsümünün sonundan etibarən qalmaqallı xəbərlərlə gündəmə gələn 25 saylı 11 illik musiqi məktəbində daha bir şok hadisə yaşanıb. Verilən bu dəfəki məlumata görə, dünən səhər saatlarında məktəbin yeni təyin edilmiş direktoru ilə, pedaqoji heyət arasında növbəti dəfə qalmaqal yaranıb. Bildirilir ki, müəllimlərdən birinin ürəyi gedib və musiqi məktəbinə təcili tibbi yardım çağırılıb.
araz.az bildirir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bakupost.az -a verilən məlumata görə, 06.09.2024-cü il tarixində saat 11:00 radələrində 25 nömrəli musiqi məktəbindən quruma çağırış daxil olub:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və 61 yaşlı şəxsə (qadın cinsli) təzyiqlə əlaqədar yerində yardım göstərilib”. Media qurumu əməkdaşı məktəblə əlaqə saxlasa da, telefonuna cavab verən olmayıb.
Xatırladaq ki, may ayında da sözügedən musiqi məktəbində direktor Becan Hüseynovla qadın müəllimlərdən biri arasında yaranan mübahisədən sonra, pedaqoqun üstünə təcili tibbi yardım çağırılmışdı.
araz.az xəbər portalı.