Doğrudan da, həmkarım Elşad Paşasoyun yazdığı kimi, mənim üçün belə, bu səhər o “Səhər” olmadı çox təəssüf ki: “Oxudum ki, usta qələm sahiblərindən daha biri — Hidayət Elvüsal dünyasını dəyişib. Gənclik illərində yazılarını sevə-sevə oxuduğum jurnalistlərimizdən idi. “Səhər” qəzetinin yeri bir başqa idi, həm də onun imzasına, satirik ruhlu tənqidi yazı pəncərəsinə görə…

”Belə-belə işlər”.

Məkanın cənnət, ruhun şad olsun, heç zaman üz-üzə görüşmədiyim Adam, sevdiyim İmza!”.

Təəssüf dolu bu hisslərin acı təsiri mənim üçün daha yanğılı alınıb. Heç vaxt üz-üzə gəlmədiyi həmkar itkisi Elşad Paşasoy üçün bu qədər ağrılıdırsa, gör, onda, uzun zaman onun rəhbəri olduğu “Səhər”lə üz-üzə yerləşən digər bir qəzet redaksiyasında çalışan birisi — elə, mənim özüm üçün bu ağrının çəkisi ölçüyə gələrmi?!

Mən də, Böyük Yaradandan rəhmət diləməklə təsəlli tapmaq istəyirəm, böyük ustad! Əlimdən başqa nə gəlir ki?! Məkanın cənnət, yerin behişt, ruhun şad olsun!

Bəli, tanınmış jurnalist, istedadlı publisist Hidayət Elvüsalın vəfatı bizi kimi, çoxlarını sıxma-boğmalı təəssüf burulğanına atıb. Axı, necə təəssüflənməyəsən belə birisinin itkisinə — sevimli peşəmizin nüfuzu naminə əlindən gələn nələri etməyib, unudulası deyil! Bu barədə, bundan artığını yazmaqda isə, çox acizəm — ağrılı təəssüf hisslərim imkanımı da əlimdən alıb!

Yalnız onun təqdimatı əvəzi, bunları araz.az-ın dəyərli oxucularının diqqətinə çatdırmaq üçün özümdə birtəhər güc toparlaya bilmişəm:

Hidayət Yunis oğlu Elvüsal 1949-cu ildə Kəlbəcər rayonunda dünyaya gəlib. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olub. Universitetdə oxuduğu illərdə belə, mətbuata çox yaxın olması ilə fərqlənib.

Onu da qeyd etməyi lazım bilirəm ki, gözəl qələm ustası jurnalist fəaliyyətinə Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində, yerli radio verilişləri redaksiyasında çalışmaqla başlayıb. Bundan sonra, bir sıra mətbu orqanlarda fəaliyyət göstərib. Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq edib. Daha sonra isə, “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetlərində işləyib. “Səhər” qəzetinin yaradıcılarından biri, Baş redaktorun müavini, “Belə-belə işlər”, “Kriminal” qəzetlərinin Baş redaktoru vəzifələrində çalışıb.

Sensasion şeirlər müəllifi bir şair kimi yaxşı tanıdığımız Şücaətin qardaşı Hidayət Elvüsalın dövri mətbuatda dərc olunan maraqlı oçerkləri, müsahibə və reportajları, hekayə və povestləri yaxşı xatırlanandır və heç zaman yaddan çıxası da deyil!..

Məhi ELSEVƏR,
“Araz” Media Qrupunun əməkdaşı.

araz.az xəbər portalı.