MƏZAHİR PƏNAHOV BAŞ PROKURORLUĞUN TAPŞIRIĞINI NİYƏ YERİNƏ YETİRMƏK İSTƏMİR?

 Avropa Mətbuat Federasiyasının üzvü, 119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizəd Asif Məmmədovun (Asif Mərzili) adı çəkilən dairədə deputatlığa namizəd Bəxtiyar Həmzə oğlu Əliyevin xeyrinə yol verilmiş seçki saxtakarlıqları və kobud qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa verdiyi şikayətə bu gün cavab gəlib. Baş Prokurorluğun idarə rəisinin müavini İsmayıl Ağayevin yazdığı cavab məktubundan məlum olur ki, adı çəkilən şikayət aidiyyəti üzrə baxılması və tədbir görülməsi üçün neçə gün əvvəldən Mərkəzi Seçki Komissiyasına göndərilib. Lakin hələ də MSK rəhbərliyindən rəsmi mövqe yoxdur. 
***
Deputatlığa namizəd Asif Mərzili bildirdi ki, sən demə, eyni məzmunlu şikayət həmin tarixdə də, yəni eyni gündə MSK sədri Məzahir Pənahova göndərilib: «…Mən eyni gündə həm Baş Prokuror cənab Kamran Əliyevə, həm də MSK sədri cənab M.Pənahova tədbir görülməsi üçün rəsmi imzalı məktub göndərdim. Şikayət məktubu sürətli poçt ilə göndərilib və MSK rəsmiləri məktubu imzalayıb qəbul edib (qəbz təqdim olunur). Lakin M.Pənahov cavab tədbiri görməyə tələsmir. Bilmirəm, ola bilər ki, MSK-nın kargüzarlığında bu şikayəti cənab M.Pənahovdan gizlədiblər, dəqiq deyə bilmərəm. Elədirsə, bir daha media vasitəsilə Məzahir Pənahovu məlumatlandırıram ki, Bəxtiyar Əliyev Ağdam rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Allahverən Əliyevlə və ərazi icra nümayəndələrinin iştirakı ilə seçki təbliğatında inzibati resurslardan sui-istifadə edib, qanunu pozub. Bu isə Azərbaycan Seçki Məcəlləsinin 55.2.1, 55.2.4, 55.2.5 və 74.4.2 maddələrinin tələblərinin ciddi şəkildə pozulmasıdır. Üstəlik, əlimizdə 100-dən çox video və foto-fakt, digər maddi sübutlar, səs yazıları vardır ki, seçki günü Bəxtiyar Əliyevin xeyrinə səslər saxtalaşdırılıb. Bu isə Azərbaycan İXM və Azərbaycan CM-nin müvafiq maddələri ilə hüquqi məsuliyyət yaradır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 164-cü maddəsi ilə seçkiqabağı təşviqatın aparılması qaydalarının və müddətinin pozulmasına görə;
– 167-ci maddəsi ilə seçki komissiyası üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin, media subyektləri nümayəndələrinin Seçki Məcəlləsi ilə müəyyən edilmiş hüquqlarını, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin surətlərinin təsdiqi ilə bağlı hüquqlarını pozmağa görə;
– 168-ci maddəsi ilə seçicilər haqqında məlumatları təqdim edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin məlumatların düzgün, tam və vaxtında verilməməsinə görə;
– 169-cu maddəsinə görə seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulmasına görə;
– 170-ci maddəsi ilə dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə qaydasının pozulmasına, yəni səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin nəticələri barədə protokollar imzalananadək yuxarı seçki komissiyalarının informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərinə məlumatın qəbulunu təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməməsinə görə;
– 172-ci maddəsi ilə seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsinə görə;
– 173-cü maddəsinə görə seçici siyahıları ilə vətəndaşların tanış olmaq hüququnun və digər hüquqların pozulmasına görə;
– 175-ci maddəsi ilə qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmamasına görə(Ağdam YAP-ın namizədi İbrahim Məmmədov jurnalist tərəfindən vəzifə başında yaxalanmışdır.RED.).;
– 176-cı maddəsi ilə seçici imzalarının toplanması qaydasının pozulmasına görə;
– 179-cu maddəsinə görə səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında məlumatın bilərəkdən təqdim edilməməsi və ya dərc olunmamasına görə. 
Göstərilən pozuntulara yol vermiş fiziki şəxslər pozuntunun xarakterindən asılı olaraq 50 manatdan 2000 manatadək, vəzifəli şəxslər 150 manatdan 2500 manatadək, hüquqi şəxslər 2000 manatdan 7000 manatadək cərimə edilirlər».s-1
Asif Mərzili bildirdi ki, digər ciddi qanun pozuntuları da vardır ki, cinayət məsuliyyəti yaradır: «…Seçki hüququnun həyata keçirilməsində yuxarıda qeyd edilmiş bəzi pozuntulara yol vermiş şəxslər barəsində cinayət məsuliyyəti isə Azərbaycan Cinayət Məcəlləsinin 159-cu, 159.1-ci, 160-cı və 161-ci maddələrində nəzərdə tutulub. Məsələn, CM-nin 159-cü maddəsi ilə vətəndaşın seçki hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına maneolma, vətəndaşı öz iradəsinə zidd səsverməyə məcburetmə və ya onun səs verməsinə mane olmağa görə cərimə cəzası ilə yanaşı, ictimai işlər və ya yol verilmiş cinayət əməlinin xarakterinə görə, altı aydan iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən əməllər ələalma, aldatma, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, yaxud vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə (Ağdam RİH başçısının müavini Allahverən Əliyevin əməli.RED.) ağırlaşdırıcı hal kimi maddənin sanksiyasında daha ağır cəza növü nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 159-1-ci maddəsi ilə seçkilərdə iştirak qaydalarını pozmağa, yəni namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki kampaniyalarına müdaxilə etmə və ya seçkilərdə başqalarının əvəzinə səs verilməsinə şərait yaratma cinayət məsuliyyəti yaradan əməl olaraq göstərilməklə həmin əməllərə görə cərimə cəzası ilə yanaşı, ictimai işlər, islah işləri və ya azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 160-cı maddəsi ilə isə seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, həmçinin seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirilməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə də cinayət məsuliyyəti yaradan əməl kimi xarakterizə olunmaqla maddənin sanksiyasında müvafiq cəza növü nəzərdə tutulmuşdur. Seçki komissiyasının üzvü tərəfindən seçki sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması (Ağdam 119 saylı SD-də bunu təsdiqləyən yüzlərlə fakt vardır.Red.) Cinayət Məcəlləsinin 161-ci maddəsi ilə cinayət məsuliyyəti yaradan əməl kimi nəzərdə tutularaq, cərimə və ya müəyyən müddətdə islah işləri növündə cəza tətbiq edilməsi ilə nəticələnir».

Beləliklə, inanırıq ki, qeyd edilənlər nəzərə alınmaqla, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi məsələnin şişib məhkəmə və digər müstəvilərə çıxmaması üçün Baş Prokurorluğun tapşırığını yerinə yetirərək Bəxtiyar Əliyevin xeyrinə saxtalaşdırılmış nəticələrin ləğvini təmin edəcək. Eləcə də, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə əlavə müraciətə yer qalmayacaq…

SONDA: onu da diqqətə çatdırım ki, Ağdam RİH başçısı Vaqif Həsənovun, eləcə də onun 1-ci müavini Allahverən Əliyevin, həmçinin 119 saylı Seçki Dairəsinin sədri Sahil Əliyevin seçkilərlə bağlı Azərbaycan CM-nin sanksiyasına düşən qanunsuz hərəkətləri barədə digər namizədlərdən də yetərincə dəlil və sübutlar bizə təqdim edilmişdir…

Elçin MƏMMƏDLİ. 

 s-3

s-6

 

araz.az xəbər portalı.