Maddi, strateji olaraq bu əməkdaşlığın ölkəyə, SOCAR-a nə kimi xeyiri dəyir?
araz.az bildirir ki, Globalinfo.az-a danışan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban deyib ki, Dövlət Neft Şirkəti və dövlətin digər kommersiya fəaliyyəti ilə məşğul olan qurumlar bu cür audit şirkətlərinə sifarişlər verirlər və illik hesabata rəy yazırlar:
“Bu həmin şirkətlərə iki səbəbdən lazımdır:
1. O hesabatların doğruluğu hansısa beynəlxalq səviyyəli bir şirkət tərəfindən verilən rəyə əsaslanır. Bundan sonra həmin şirkətlər daxili və xarici bazardan maliyyə resursları cəlb edəndə həmin təsdiq edilmiş hesabatlar sayəsində bütün göstəricilərini ortaya qoyur.
2. Şirkətlər hansısa xidmətə görə bu qurumlara müraciət edirlər. Ölkə neftinin azalması, biznesin şaxələndirilməsi, dünyada gedən tendensiyaların öyrənilməsi və s. məqsədlər də ola bilər. Bu zaman onlara yeni layihələr təklif edilir.
Məsələn, Azərbaycana 2020-ci ildən sonra 400 minə yaxın avtomobil idxal olunub. Lakin bunların auditinin aparıldığını düşünmürəm. Aparılarsa, alıcılar da hansı maşını alacaqları, nə üçün istifadə edəcəkləri barədə məlumat ala biləcəklər, yəni sadəcə görünüşünə görə avtomobil almayacaqlar”.
İqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq reytinq, konsaltinq şirkətləri dünya miqyaslı qurumlardır:
“Lakin onlar dünyada qloballaşmanın, dollara söykənən iqtisadi sistemin alətləri kimi çıxış edirlər. Bu gün də həmin qurumların fəaliyyət istiqamətinə baxdıqda dollara yönəlik sistemin qorunmasına xidmət göstərdiyini müşahidə etmək olar. Hətta bunu qlobal miqyasda etməyə çalışırlar. Onların real fəaliyyəti milli iqtisadiyyatın dayanıqlığı deyil, qlobal və federal ehtiyatlar sisteminə yaxın olan bankların fəaliyyət imkanlarının genişləndirilməsinə xidmət edir. Azərbaycanda da bu vəziyyət mövcuddur. Milli iqtisadiyyatımızda mühüm rol oynayan, sistem formalaşdıran qurumlarımız o cümlədən SOCAR daha çox onların verdiyi rəylərə deyil, milli iqtisadiyyatımızın rəqabət imkanlarının yüksəldilməsinə xidmət edən rəylərə istinad etməlidir”.
E. Məmmədovun fikrincə, böyük və beynəlxalq miqyasda fəaliyyət göstərən şirkətlərimiz həmin reytinqlərdən xeyli dərəcədə asılıdır:
“Yüksək reytinq əldə etmək üçün müvafiq konsaltinq əldə etməlidirlər. İstəsəkdə-istəməsək də bir müddət həmin asılılıq olacaq. Lakin tədricən milli iqtisadiyatın “canını” bu vəziyyətdən qurtarmaq lazımdır. Sözügedən şirkətlərə hökumətin iqtisadi bloku tərəfindən verilən sifarişlərə yenidən baxmaq, yeni qərarlar qəbul etmək lazımdır”.
araz.az xəbər portalı.