Bakıda mütəmadi olaraq müşahidə edilən tıxaclar, nəqliyyatın, şəhər həyatının iflic olması və əhalinin artımı paytaxtın köçürülməsi ideyasını yenidən aktuallaşdırıb. Artıq danılmaz faktdır ki, Bakı az qala 4 milyona çatan əhali yükünə dözə bilmir. Hətta hökumətin infrastrukturlara – yeni yollara, körpülərə və s. kimi projelərə xərclədiyi milyardlar belə, şəhərin rahat nəfəs alması üçün yetərli deyil. Bakının yollarının bir neçə milyard dollar investisiyanı “udmasına” baxmayaraq, problemin həlli görünmür və paytaxtın köçürülməsini qaçılmaz edir.

Yeri gəlmişkən, İran prezidenti Məsud Pezeşkian da bir-neçə gün əvvəl paytaxtın Tehrandan köçürülməsinin vacibliyini vurğulayıb.

Paytaxtın köçürülməsi məsələsi bir neçə dəfə Milli Məclisdə də gündəmə gətirilib. Bəzi deputatlar hesab edir ki, Bakıda xüsusilə maşınların sıxlığından və yeni binaların tikilməsindən sonra ekoloji vəziyyət pisləşib. Təklifə görə, Bakı Azərbaycanın yalnız biznes mərkəzi olmalı, digər icra və idarəetmə strukturları isə ayrıca paytaxta köçürülməlidir.

Hələ 10 il əvvəl Ələt ərazisindəki geniş dağətəyi sahədə yeni paytaxt salınacağı haqda iddialar vardı. İddia olunurdu ki, yeni paytaxt kimi bu ərazinin seçilməsi təsadüfi deyil. Çünki bu geniş ərazidə hələ SSRİ dövründə Atom Elektrik Stansiyasının (AES) tikintisi planlaşdırılıb. AES-in tikintisi üçün keçən əsrin 80-ci illərində bura seçilib və SSRİ-nin müvafiq idarələri, xüsusilə buradakı geoloji vəziyyəti (sürüşmə, süxurların möhkəmliyi, zəlzələ riski və sair) öyrəndikdən, geofiziki araşdırmalar apardıqdan sonra obyektin tikintisinə razılıq verib. Hətta Xəzərin səviyyəsi maksimum qalxarsa, bu ərazinin təhlükəsiz olacağı barədə proqnoz verilib. Amma SSRİ-nin süqutu bu prosesi dondurub…

Təsadüfi deyil ki, 1923-cü ildə Mustafa Kamal Atatürkün təşəbbüsü ilə Türkiyənin paytaxtı Ankara elan edildi, İstanbul isə ölkənin əsas sənaye mərkəzi statusunu indi də daşımaqdadır. 1918-ci ildə Leninin təkidi ilə Moskva yeni paytaxt elan edildi, ancaq Sankt-Peterburq indi də Rusiyanın ikinci paytaxtı sayılır. 1998-ci ildə Nazarbayevin təklifi ilə Qazaxıstanın paytaxtı Astana elan edildi. Ancaq Almatı indi də ölkənin ən böyük şəhəridir. Bakı da bir neçə nazirliklərini “əldən verməklə” Azərbaycanın ən böyük şəhəri statusunu itirməyəcək, sadəcə, bu meqapolis izafi yükdən qurtulacaq.

Qeyd edək ki, paytaxtın köçürülməsi üçün konstitusiyada dəyişiklik olmalıdır. Konstitusiyanı dəyişmək üçün isə referendum keçirilməlidir.

araz.az xəbər verir ki, bu mövzu ilə bağlı musavat.com-a anışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, əgər paytaxtın köçürülməsi məsələsi aktuallaşsa, bu, konstitusiya dəyişikliyi olmadan mümkün deyil:

“Amma paytaxtı köçürmədən də Bakının yükünün azaldılması mümkündür, bunun üçün atıla biləcək addımlar var. Konkret olaraq İranla bağlı danışsaq, orada paytaxtın Tehrandan köçürülməsi diskussiyasının səbəbi resurs çatışmazlığıdır. Şəhər həddən artıq böyüyüb, su resursları çatışmır. Şəhərdə sıxlıq yaranıb. Ona görə də belə bir addım atmağa çalışırlar. Ümumilikdə isə, paytaxtın köçürülməsi çox bahalı layihədir. Söhbət 10 milyardlarla dollardan gedir. Bilmirəm, buna İranın gücü çatacaq, ya yox. Düşünmürəm ki, bu asanlıqla baş versin. Bizdə isə problem başqadır. Bakının həddindən artıq yüklənməsi və sıxlığın yaranmasının səbəbi bütün iqtisadi, siyasi, mədəni fürsətlərin Bakıda toplanmasıdır. Paytaxtı köçürmədən belə Bakının yükünün azaldılması layihələri həyata keçirilməlidir. Bunun üçün kifayət qədər fürsətlər də var. Allaha min şükür, torpaqlarımızı da işğaldan azad edib suverenliyimizi bərpa etmişik. İndi işğaldan azad edilmiş bölgələrdə yüz minlərlə insanların köçürülməsi və yaşaması potensialı var”.

Ekspert əlavə edib ki, işğaldan azad edilən torpaqlara bir milyon, hətta iki milyon insan köçürə bilərik: “Yeni milyonluq şəhərlər yaranmalıdır. Məsələn, niyə Gəncə milyonluq şəhərə çevrilməsin, yaxud da Mingəçevir? Bunun üçün Bakının yükü azaldılmalıdır. Ölkə üzrə iqtisadi fürsətlərin regionlarda da cəmlənməsinə şərait yaranmalıdır. Yeni sistem formalaşdırılmalıdır. Bir də, inzibati qərarlarla Bakının boşaldılması qərarı verilə bilər: Universitetlərin Bakıdan köçürülməsi, bəzi dövlət və hökumət idarələrinin Bakıdan köçürülməsi. Kənd Təsərrüfatı Nazirliyi, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi – bu tipli qurumların Bakıda olmasının nə mənası var?! Bax, bu yollarla ölkənin paytaxtının yükünün azaldılması mümkündür. Azərbaycan ərazi cəhətdən çox böyük ölkə deyil. Paytaxtın harasa köçürülməsi o qədər də məntiqli deyil. Ona görə də düşünürəm ki, bununla bağlı qərar verməkdənsə, yəni 10 milyardlarla vəsait xərcləməkdənsə, Bakının yükünün azaldılması layihələrinə üstünlük verilməlidir”.

araz.az xəbər portalı.