Bütün ölkələrin Zəngəzur dəhlizi ilə bağlı müsbət və mənfi təşəbbüsləri gələcək risklərə hesablanıb. Əsas məqsədlərdən biri gələcəkdə Ermənistanın Azərbaycandan iqtisadi asılılığının qarşısını almaqdır.
İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi daha da aqressivləşib və region ölkələrinin “inkişaf konsepsiyası”nın əsas perspektivlərindən biri kimi meydana çıxan dəhlizin açılması təşəbbüsünün İranı hansı əsaslı səbəblərdən narahat etməsi isə müəmmalı olaraq qalır. Rəsmi Tehran dəhlizin açılamamasında niyə israrlıdır və nə üçün təhdid dilində danışır?
2024-cü ilin payız ayları Gürcüstan kimi Ermənistan üçün də həlledici mərhələ olacaq. Bundan sonra regionda baş verən hadisələr İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyində hansısa dəyişikliyə səbəb ola bilər.
Tehran hesab edir ki, proseslər Ermənistan-İran arasında ticarət əlaqələrinin minimum endirilməsi ilə nəticələnə bilər. İran isə iqtisadi baxımdan və mümkün qədər Ermənistanı özündən asılı vəziyyətdə saxlamağı prioritet amil kimi qarşısına qoyub. 2022-ci ilin statistikasına əsasən, İran-Ermənistan arasında ticarət dövriyyəsi 700 milyon dollara yaxın olub. Növbəti 10 il ərzində iki ölkə arasındakı ticarət dövriyyəsinin 3 milyard dollar çatdırılması nəzərdə tutulub. Zəngəzur dəhlizinin açılması Rusiyanın Ermənistan üzərindəki mövcudluğunu da möhkəmləndirmiş olacaq. Maraqlıdır, ABŞ-ın Ermənistanda güclənməsini istəməyən İran əsas alternaiv tarixə – Rusiyanın mövqeyinə, dolayısı ilə Ermənistanda güclənməsinə də sərt mövqe nümayiş etdirir. İran üçüncü və “müharibəsiz əl” kimi Ermənistana daxil olur.
Zəngəzur dəhlizinin açılması məsələsi Rusiya-İran arasındakı münasibətləri “gərginlik dalğası”na qoşub, hətta İranın rəsmi şəxsləri Rusiyanı küstar diplomatik tərzdə hədələyir. Moskva-Tehran arasındakı “Fars krizi”ni xatırladan İran Zəngəzur dəhlizi ilə bağlı Rusiyaya “sərt cavab” verəcəklərini bəyan edir.
İrana nə lazımdır: Arazın şimalındakı, yoxsa cənubundakı dəhliz?
İkinci Qarabağ Müharibəsindən dərhal sonra Azərbaycan qərb əraziləri ilə Naxçıvanın birləşdirilməsi məsələsinin gündəmə gəlməsinə ilk neqativ reaksiya verən məhz İran idi. Tehran Moskvanı Azərbaycanı dəstəklədiyinə və ölkənin qərb ərazilərini Naxçıvanla birləşdirmək ideyasının yaranmasındakı təşəbbüslərinə görə ittiham edir. İranın bu ittihamları Türkiyəyə qarşı da yönəlib. Amma Zəngəzur dəhlizinin açılması Azərbaycandan daha çox regiona lazımdır.
Sual olunur, öz ərazisindən alternativ Zəngəzur dəhlizinin keçməsinə razılıq verən İran Ermənistan ərazisində dəhlizin açılmasına qarşı çıxır? İran rəsmiləri “Ermənistan ərazi suverenliyi bizim üçün qırmızı xətdir” bəyanatında nə qədər səmimidir? Məgər iqtisadi layihə Ermənistanın ərazi suverenliyini pozur? Axı dəhlizin bütün region ölkələri üçün, eləcə də Ermənistan üçün ciddi gəlir mənbəyinə çevriləcəyi proqnoz edilir.
Əsas məqsəd gələcəkdə Ermənistanın iqtisadi baxımdan Azərbaycandan asılılığını qarşısını almaqdır.
İran geosiyasi dəyişiklikləri mümkünsüz sayır, hətta dəhlizin açılması hesabına Ermənistanın nəqliyyat blokadasından xilas olmasını qəbul etmir.
Bununla yanaşı, İran daha bir narahatlığını önə çəkir – “Dəhlizin təhlükəsizliyinə Rusiya nəzarət edə bilməz və bu nəzarəti Ermənistan həyata keçirməlidir…”.
Bu gün Rusiya-Türkiyə-Azərbaycan birliyi statistik və kövrək notlar istisna olmaqla, öz əhəmiyyətini saxlayır.
İran Cənubi Qafqazın taleyinin həll olunacağı günü gözləyir. Hazırda Rusiya və ABŞ Cənubi Qafqazda da döyüşür. Bu amil İranın strateji planları ilə bağlı qərar verməkdə ciddi çətinliklər yaradır.
Zəngəzur dəhlizinin açılması məsələsinin Ermənistan-Azərbaycan arasındakı sülh danışıqları layihəsində çıxarılması daha çox ABŞ-ın mövqeyi kimi səciyyləşdirilir.
Məlumdur ki, ABŞ-ın Cənubi Qafqaz ölkələri içərisində ən böyük səfirliyi Ermənistan yerləşir, səfirliyin təxminən 3-4 min arası əməkdaşı var. Ermənistanın vasitəçiliyi ilə Rusiyaya qarşı Tehran-Vaşinqton arasında konsolidə olunmuş “cəbhə”nin yaraldığı da istisna oluna bilməz. İranın Ermənistana daxil olmasına ABŞ mane olmur, eləcə də ABŞ-ın Ermənistanda güclənməsi İranı narahat etsə də, bu yöndə heç bir sərt mövqe nümayiş etdirməyib. İndiki məqamda ABŞ və İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi də üst-üstə düşür.
Regionun nəhəng gücləri Rusiya və Türkiyə ilə əks qütbdə dayanan İran üçün başqa yol varmı? Ağır sanksiyaların məngənəsində sıxılan İran region ölkələrinin birliyindən və bu birliyin formalaşdırdığı layihələrin reallaşmasından imtina edə bilməz.
Sülh müqaviləsi layihəsindən çıxarılan və sonrakı mərhələdə həlli nəzərdə tutulan Zəngəzur dəhlizinin açılmasının iki mərhələli şəkildə həllini tapacağı şübhə doğurmur.
Birincisi, bu məsələ Ermənistanla Azərbaycan arasında razılaşdırılmalıdır. Belə olacağı təqdirdə İran bu prosesə necə mane olacaq?
İkincisi, dəhlizin açılması ilə bağlı qərar verən maksimal tribuna “3+3” ölkələri olmalıdır. Region üçün də ən təhlükəsiz variant budur. Yəni, İran dəhlizin açılması ilə günbəgün aqressivləşən mövqeyi bu formatın zəifləməsinə xidmət edir. Qərblə əks və düşmən qütblərində dayanan İranın regional birlikdən də imtina etməsi əsl faciə ola bilər.
Dəhlizin açılması ilə bağlı İranın əsas narazılığı Ermənstanla quru sərhədlərinin itirilməsi məsələsidirsə, o zaman bu məsələni niyə dilə gətirmir?
Bütün bunlarla yanaşı, regionda yeni konflikt ittifaqları formalaşır –
Rusiya və Azərbaycan Qərblə açıq savaşdadır, xüsusilə Fransa Rusiya-Azərbaycan arasındakı strateji müttəfiqliyə qarşıdır. Qarşılıqlı ittihamlar isə davam edir.
Digər tərəfdən də klassik və tarixi İran-Fransa birliyi Ermənistan üzərindən Rusiya və Azərbaycana qarşı hərəkətdədir.
İranın Fransa və Ermənistanla strateji münasibətləri var. Ermənistan və Fransanın Azərbaycanla münasibətləri istiləşməyənə qədər İranın aqressiyası da davam edə bilər.Zəngəzur dəhlizinin açılacağı isə qətidir, bu, mütləq baş tutacaq. İranın kosmetik səbəbləri prosesin qarşısını almaq iqtidarında olduğu real görünmür. Zəngəzur dəhlizi ilə bağlı İran və ABŞ-ın siyasətində oxşar cizgilər olsa da, tezliklə İran öz mövqeyindən daşınacaq.
Samir FEYRUZOV, jurnalist-politoloq.
araz.az xəbər portalı.