bamp

Martın 7-də Beynəlxalq Avrasiya Mətbuat Fondu BMT-nin Cenevrə ofisində İnsan Haqqları üzrə 40-cı sessiyası çərçivəsində Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutla birgə “Sülh və Təhlükəsizlik üçün Su” mövzusunda tədbir keçirib. Bu barədə Eurasia Diary xəbər verir.

Tədbiri giriş sözü ilə açan BAMF prezidenti Umud Mirzəyev dünyada gedən dini, etnik münaqişələr, terror aktları nəticəsində bəşəriyyətin ciddi ətraf mühit problemləri ilə üz-üzə qaldığını, müharibələrin dünyanın 50-dən çox ölkəsində sosial-iqtisadi fəlakətlər yaratdığını, 65 milyon insanın öz doğma yurd-yuvalarından qaçqın və köçkün düşdüyünü deyib.
“Azərbaycan da 30 ildən çoxdur ki, işğaldan əziyyət çəkir. Ərazilərimizin 20 faizindən çoxu Ermənistan tərəfindən işğal edilib, bir milyondan çox insan qaçqın və məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb. Bundan savayı, 1992-ci ildən erməni hərbi birləşmələrinin işğalı altında olan Sərsəng su anbarı və digər su mənbələrindən ölkəmizə qarşı siyasi-iqtisadi təsir vasitəsi kimi istifadə edilməkdədir. Bu səbəbdən minlərlə insan eləcə də 96 min ha ərazi su çatışmazlığından əziyyət çəkir”.
O, insan hüquqları və ətraf mühitin qorunması, regionda sülhün, dayanıqlı inkişafın təmin edilməsi üçün işğal altında saxlanılan ərazilərin azad olunmasına çağırıb. Vətəndaş cəmiyyəti qurumlarını, qaçqın və məcburi köçkünləri, insan haqqları müdafiəçilərini insanların öz doğma yurd-yuvalarına qayıtmaq, yaşayıb, yaratmaq, sülhü bərqərar etmək naminə səylərini birləşdirməyə səsləyib.
Daha sonra su mənbələrinin qarşısının alınması, suyun təbii axınına məhdudiyyətlərin qoyulması səbəbindən Azərbaycanın yaşadığı çətinliklər BAMF-ın hazırladığı “Su-Müharibə maşını” sənədli filmi vasitəsi ilə auditoriyaya çatdırlıb. Sənədli film izləyicilərin ciddi marağına səbəb olub.
Digər çıxışçı Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutun rəhbəri Nidal Salim Ermənistanı Azərbaycana qarşı sudan təzyiq kimi istifadəsini dayandırmağa, bu sahədə qəbul edilmiş beynəlxalq hüquqi sənədlərə əməl etməyə çağırıb. Bu gün dünyanın müxtəlif bölgələrində süni yaradılmış su problemlərinin insanlıq üçün ləkə gətirdiyini qeyd edib.
İnsan Haqqları Şurasının Xüsusi Qaydalar üzrə İşçi Qrupunun üzvü prof. Osman Əl Hacc su mənbələrinin istifadəsi zamanı təhlükəsizliyin qorunması, eləcə də beynəlxalq hüquqi normalardan danışıb. O, Azərbaycana qarşı sudan təzyiq vasitəsi kimi istifadəni beynəlxalq cinayət adlandırıb.
BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina su və ekoloji dağıntılar mövzusunda çıxış edib. O, işğal olunmuş ərazilərdə su infrastrukturunun dağıdılmasını, nəzarətsiz ərazilərdə sudan qeyri insani istifadə olunmasının yol verilməz olduğunu bildirib. Bunun qarşısının alınması üçün BMT qurumlarına səslənib.
Daha sonra auditoriyanın sualları dinlənilib. BAMF-ın vitse prezidenti Ramil Əzizov verilən sualları cavablandırıb. Suyun siyasi məqsədlər üçün istifadəsinin insan haqqlarına təsiri, təhlükəsizlik məsələlərindən danışıb.
Qeyd edək ki, tədbir BMT-nin Cenevrə ofisinin azərbaycan ornamentləri ilə bəzədilmiş Azərbaycan otağında keçirilib. Tədbirdə 30 nəfərə yaxın vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, missiya nümayəndələri iştirak edib.

araz.az xəbər portalı.