Son zamanlar gündəmdə olan məsələlərdən biri də Qərbi Azərbaycana qayıdışla bağlıdır. Qayıdışın nə vaxt baş tutacağı, hansı şərtlər altında qərbi azərbaycanlıların öz torpaqlarına qayıdacağı, onların Ermənistan vətəndaşlığı alıb-almayacağı maraq doğuran mövzular arasındadır.
araz.az bildirir ki, modern.az mövzu ilə bağlı Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin VI çağırış deputatı Əziz Ələkbərli ilə həmsöhbət olub.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra dəfələrlə elan edib ki, qalib dövlət olmağımıza baxmayaraq, Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycanda qalmaq, Azərbaycan qanunları ilə yaşamaq istəyən vaxtilə Azərbaycan vətəndaşı olmuş hər bir erməniyə Azərbaycanda qalıb yaşamaq üçün hər cür şərait yaradılacaq:
“Lakin ermənilər bunu istəmədilər, 36 illik münaqişə və müharibə dövründə Azərbaycan dövlətinə və Azərbaycan xalqına qarşı həyata keçirdikləri dövləti və hərbi cinayətlərə görə haqq-hesab sorulacağından qorxub, könüllü ərazini tərk etdilər. Biz Qərbi Azərbaycan qaçqınlarının isə belə bir qorxusu yoxdur. Əksinə, onların bizim indiki Ermənistandakı ata-baba yurdlarımıza qayıtmağımızdan qorxusu var. Çünki bizi doğma yurdlarımızdan qovarkən, insanlarımızı qətlə yetiriblər, evlərimizi yandırıblar, mülklərimizi, var-dövlətimizi zorla əlimizdən alıblar. Digər tərəfdən, ermənilər Azərbaycan ərazilərini həm də ona görə könüllü tərk etdilər ki, bilirdilər ki, bura onların vətəni deyil, hamısı bu torpaqlara haradansa gəliblər. Amma onlardan fərqli olaraq, Qərbi Azərbaycan bizim ata-baba torpağımızdır, əcdadlarımızın yurdudur, o yurdlar bizi geri çağırır, o yurdlarda didərgin qalan əcdadlarımızın ruhları bizi geri səsləyir, biz o yurdlara geri dönməkdən qorxmuruq, bilirik ki, o torpaqlar, o dağlar-daşlar, o ruhlar bizi qoruyacaq”.
Sədr bildirib ki, Azərbaycan qalib Dövlət, qalib Millət olsa da, bölgəyə sülh gəlməsi, müharibələrə son qoyulması naminə ermənilərə çox güzəşt etdi:
“Amma baxırıq ki, bunların heç birinin erməniyə xeyri yoxdur. Erməni bizim xeyirxahlığımızdan öz çirkin niyyətlərini həyata keçirmək üçün fürsət kimi istifadə edir, özünə yeni havadarlar axtarır, silahlanmaqda, yeni müharibəyə hazırlaşmaqda davam edir. Bu, biz Qərbi azərbaycanlıların indiki Ermənistandakı doğma evlərimizə qayıdışımız üçün də ciddi maneədir. Buna görə də, Qərbi Azərbaycan İcması olaraq, biz də daha təsirli və qabaqlayıcı addımlar atmaq məcburiyyətindəyik. Bu barədə bəyanat da vermişik. İlk addım olaraq, yeni formalaşacaq Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış Komissiyası yaratmaq təklifi ilə çıxış edəcəyik. Ermənistan tərəfi öz revanşist və separatçı əməllərində qalarsa, biz yeni təsirli addımlar atmaq məcburiyyətində olacağıq. Təbii ki, Qərbi Azərbaycan hökumətinin yaradılması da istisna deyil”.
Ə. Ələkbərli vətəndaşlara qaçqın statusu verilməsi ilə bağlı qeyd edib ki, ölkəmiz bu acı təcrübəni yaşayıb:
“Məcburi köçkün statusu daşıyan soydaşlarımız məgər Azərbaycan vətəndaşı deyildi? Yoxsa 1990-cı illərin sonunda kütləvi şəkildə Azərbaycan vətəndaşlığına qəbul edilən Qərbi Azərbaycandan qovulan soydaşlarımız həmin dövrə qədərki 10 il ərzində qaçqın statusuna malik deyildilər? Demək, o insanların Azərbaycan vətəndaşı olmaları onların qaçqın statusu daşımalarına vaxtilə mane olmayıb, indi də olmayacaq. Digər tərəfdən, kim deyir ki, 1987-1991-ci illərdə Qərbi Azərbaycandan qovulan soydaşlarımız bu gün qaçqın statusuna malik deyil? Onların qaçqınlıq statusu nəinki qalır, hətta bu statusla bir neçə güzəştə də malikdirlər. Sadəcə, o insanlar, tarixi şəraitlə bağlı olaraq, qaçqın kimi malik olmalı olduqları bir çox güzəştlərdən bu gün məhrumdurlar. Xatırınızdadırsa, mən Milli Məclisdə bir neçə dəfə “Qaçqınların statusu haqqında” Qanunun Qayıdış Konsepsiyasına uyğun yenilənməsi zərurətindən danışmışam, “Qaçqınların statusu haqqında” Qanunun qəbul olunmasından yox. Əlbəttə, atacağımız bir çox addımları zaman diqtə edəcək”.
araz.az xəbər portalı.