metro 1“ƏNƏNƏLƏRİ İLƏ SEÇİLƏN STRATEJİ ƏHƏMİYYƏTLİ BU MÜƏSSİSƏDƏ PEŞƏKAR MÜTƏXƏSSİSLƏR BALANSINI POZUBLAR” — ÇAY SÜFRƏSİ ARXASINDA METRO PROBLEMLƏRİ

Son vaxtlar ölkənin media vasitələrinin ayrı-ayrı məmurlar, idarə, müəssisə və təşkilatlar tərəfindən əsaslı-əsassız, yeri gəldi-gəlmədi məhkəmələrə verilməsi adı hal alıb. Əfsuslar olsun ki, məhkəmələr də sevdikləri bu işləri dərhal öz icraatlarına götürürlər. Artıq iki xəbər saytı — Hüseyn Əzizoğlunun təsisçisi və Baş redaktoru olduğu araz.az və Nüşabə Əhmədin rəhbərlik etdiyi pressinfo.az da məhkəmə qarşısındadır. İddiaçı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi tələbinə dair Bakı şəhər, Sabunçu rayon Məhkəməsinin hakimi Anar Rzayevin icraatındakı 2(008)-2400/2019 saylı mülki iş üzrə cavabdehlər sırasında 54 il ölkənin metro və dəmiryol sistemində müxtəlif rəhbər vəzifələrdə çalışan “Şöhrət” ordenli prezident təqaüdçüsü, Fəxri dəmiryolçu, müharibə veteranı Akif Zeynalov, 38 il fasiləsiz metropolitendə işləyən, QSC-nin Baş Müfəttişlik Aparatının Qatarların Hərəkət Təhlükəsizliyi üzrə müfəttişi Nazim Abdullayev, “Sahil” stansiyasının rəis müavini Bəxtiyar Yunusov, maşinistlər — Qarabağ müharibəsi əlili Asif Rzayev və Fikrət Şıxəliyev də var…

“BAŞ AÇMADIĞIMIZ BU MƏHKƏMƏ PROSESİ BİZİ OLDUQCA NARAHAT EDİR”

Fevral ayının 15-i və 22-sində olan iclaslarda cavabdehlərin hamısı öz çıxışlarında bu məhkəmədən baş açmadıqlarını vurğulayıb, hakimə vəsatətlər və apellyasiya şikayətləri təqdim etdilər. Vəsatətlərində öncə qeyd etdilər ki, mövcud qanunvericiliyə görə, qarşı tərəfin İddia ərizəsi məhkəmədən öncə cavabdehlərə təqdim olunmalıydı, amma, nədənsə, məhkəmə bunu unudub. Sonra dedilər ki, nə xəbər saytlarının fəaliyyət göstərdkləri, nə Baş redaktorların, nə də digər cavabdehlərin qeydiyyat və yaşayış ünvanlarının Sabunçu rayonu ərazisinə heç bir aidiyyatı olmadığı halda, iddiaçının məhz bu məhkəməni seçməsi şübhə doğurur.
Cavabdehlər, məhz bu səbəbdən, Sabunçu rayon Məhkəməsinin bu işi öz icraatına götürməsini qanunazidd hesab edərək, vəsatətlər verdilər. Təəssüf ki, hakim Anar Rzayev cavabdehlər tərəfindən verilmiş “mülki isin ərazi aidiyyatı üzrə göndərilməsinə” dair vəsatətlərini iş materialları ilə birlikdə araşdıraraq, təmin etmədi. Bu barədə qəbul etdiyi Qətnamədə isə, gostərdi ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində məhkəmə iddialarının cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi qeyd edilsə də, həmin Məcəllənin 36.2-ci maddəsi buna imkan verir. Yəni, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia onlardan birinin rəsmi yaşayış yeri və hüquqi ünvanı üzrə verilə bilər. Guya, iş materiallarında olan DİN-in MAPS şöbəsinin arayışından görünür ki, cavabdehlərdən birinin — Fikrət Şıxəliyein rəsmi qeydə alındığı yer Sabunçu rayon ərazisinə düşür.
WhatsApp Image 2019-03-09 at 00.45.18.jpgHakimin qəbul etdiyi bu Qətnamədən apellyasiya şikayəti verən cavabdehlər, bundan sonra məhkəmə binasının iki addımlığındakı çayxanada jurnalistlərlə bir araya gəldilər. Çay süfrəsi arxasında da, metro problemləri getdikcə qızışan söhbətin əsas mövzusuna çevrildi. araz.az-ın əməkdaşının da iştirak etdiyi bu məclisdə narahat metro işçiləri Bakı Metropolitenində baş verən nələrdən danışmadılar…
“Metro bizim evimizdir. Buradakı iyrənclikləri, bəd əməlləri, qanunsuzluqları görəndə narahat oluruq, ürəyimiz ağrıyır. Rəhbərlik isə, çalınan həyəcan təbilinin səsini eşitmək istəmir. Kreslo sahibləri yaddan çıxarırlar ki, hər bir maşinist kabinasının arxasında minlərlə insan taleyi durur. İndi heç kəsə sirr deyil ki, Zaur Hüseynov rəhbəri olandan, metro özünün pis günlərini yaşayır. Bu barədə, iki ildən çoxdur yuxarılara da yazırıq. Nə olsun, indiyədək bizim haqlı şikayətlərimizə məhəl qoyan tapılmayıb. Məcbur olub, sonda redaksiyalara üz tutaraq, metropoliten əməkdaşları adından onlardan xahiş etmişik ki, burada çoxdan çözülməz problemimizə çevrilən saysız-hesabsız xoşagəlməzliklərin ictimailəşdirilib, aradan qaldırılmasında, eləcə də tapdanmış hüquqlarımızın bərpasında bizə köməklik göstərib, yardımçımız olsunlar. Sağ olsunlar, jurnalistlər! Əksər xəbər saytları redaksiyalarına təqdim etdiyimiz müraciətlərimiz əsasında araşdırma aparıb, Bakı Metropolitenində bizim və digər həmkarlarımızın narahatlıqlarına səbəb problemlər barədə geniş yazılar dərc etdilər. Metropolitenin üzləşdiyi korrupsiya hüquqpozmalarını onlar da təsdiq etdilər. Sağ olsunlar, araz.az və pressinfo.az saytlarının əməkdaşları. Səsimizi eşidib, dərd-sərimizi qələmə aldılar. İndi, bizimlə bərabər, onlar da, məhkəmə qarşısındadır. Axı, iddia ərizəsində göstərilən və ötən il bu saytlarda dərc edilmiş “Bakı metrosunda korrupsiya trenajoru”, “Bakı metrosunda irtica dərinləşir”, “Bakı Metropoliteni real təhlükə qarşısında”, “Ölüm tuneli — 2019: Bakı Metropoliteni WhatsApp Image 2019-03-09 at 00.46.12.jpgfaciə astanasında” sərlövhəli məqalələrdə göstərilən özbaşınalıq, korrupsiya və anarxiya barədəki fakt və dəlillər, “Bakı Metropoliteni” QSC-də uzun zamandır işləyən 5 nəfər təcrübəli metropoliten əməkdaşı tərəfindən də sübut edilib. Bu yazılarda böhtan və şantajdan söhbət gedə bilməz. Bu səbəbdən, iddiaçının, bizimlə bərabər, iki xəbər saytına qarşı da, işgüzar nüfuza xələl gətirən mənəvi ziyan tələbi qoyması absurddur.
Baş açmadığımız bu məhkəmə bizi olduqca narahat edir. Bir də ki, biz cavabdehlər tam əminik ki, bu, sifariş əsasında həyata keçirilən məhkəmədir. Buna görə də, məhkəmənin ədalətli keçiriləcəyinə inanmırıq. Və öz haqqımızı müdafiə etmək və məhkəmə heyətinə etiraz üçün apellyasiya şikayəti verməkdən başqa, deyilənlər barədə Məhkəmə — Hüquq Şurasına şikayətlər yazacağımızı öncədən hakimin nəzərinə çatdırmışıq.
Əsl həqiqətləri və sübutla təsdiq edilən faktları mətbuata çıxartdığımız üçün, metropolitenin rəhbər şəxsləri olduqca narahatdırlar. Məhz, buna görə də, səlahiyyət sahibi olan həmin kreslo sahibləri bizi “gözümçıxdıya salıblar”. Açıq-aşkar bizimlə kin saxlayırlar. “Dişlərini bərk-bərk qıcayıblar ki”, fürsət düşən kimi, nə yollasa, bizdən heyf çıxsınlar: Elə, iddia ərizəsinin nə biz cavabdehlərə, nə də şikayətçiyə heç bir aidiyyatı olmayan Sabunçu rayon Məhkəməsinə verilməsinin səbəbi də, məhz, onların bu çirkin niyyətlərindən irəli gəlib. Metropolitenin hüquq söbəsinin rəisi Adil Atakişiyev çoxdandır qorxub-cəkinmədən “aləmə car çəkir ki, başımıza oyun açacaq”. Guya, məhkəmənin sədri onun tələbə yoldaşıdır və “bizə qan ağlatmaq” üçün, artıq onunla razılaşıb”.

“HƏLƏ NƏ YAZMIŞIQ Kİ, BUNLAR BELƏ NARAHATDIRLAR?!.”

Söhbət zamanı maşinist Fikrət Şıxəliyev bildirdi ki, son illər metropoliten rəhbərliyinin rəvac verdiyi qanunsuzluqlar təkcə həmin məqalələrdə qeyd olunanlarla bitmir. Onun dedikləri də təsdiqləyir ki, maşinistlərin hüquqlarının tapdalanması bir yana, törədilən bütün bəd əməllər onlarla bərabər, yeraltı nəqliyyatın sərnişinlərinin də həyatlarına təhlükə vəd edir: “Biz hələ nə yazmışıq ki, bunlar belə narahatdırlar?!. Buradakı qanunsuzluqların, problem və çatışmazlıqların həddi-hüdudu yoxdur. Əvvəlki məqalələrdə, hətta ölkə başçısına, birinci vitse-prezidentə, Baş nazirə ünvanlandığımız şikayət xarakterli çoxsaylı müraciətlərdə də, qeyd etmişik ki, Bakı Metropolitenində çalışan işçilərdən hər hansı biri pozulmuş hüquqları ilə əlaqədar dövlət qurumlarına və təşkilatlara şikayət etdikdə, metropolitenin İnsan Resursları və Xidmət Departamentinin rəisi Tərlan Dadaşov, İnsan Resursları şöbəsinin rəisi Əli Əliyev, Hüquq şöbəsinin rəisi Adil Atakişiyev həmin şəxsləri idarəyə çağırtdırıb, günlərlə onları süründürməçiliyə salır, onlardan təzyiq yolu ilə izahatlar alır, onları nalayiq sözlərlə təhqir etməkdən belə çəkinmirlər. Biz özümüz də, dəfələrlə bu təhdidlərə məruz qalmışıq. Əli Əliyev və Adil Atakişiyev bizə “Hara yazırsınız yazın, bizə heç kim bata bilməz!” sözlərini artıq əzbərlətdiriblər. İndi isə, heç bir yüngül tənqidə belə dözmürlər.
Deməli, bunun bir səbəbi var, nədənsə bərk narahatdırlar! Bütün dediklərimiz reallıqdır və həqiqəti danmaq olmaz. Düzdür, biz bu barədə mətbuatda həyəcan təbili çalmişıq. Hələ nə demişik ki?! Əlimizdəki faktların yarısını mətbuat səhifələrinə çıxarmamışıq. Axı, özünə doğma ev sandığın bir müəssisədə törədilən bütün eybəcərliklər və iyrəncliklər haqqında mətbuatda aramsız yazılarla necə çıxış edəsən?! Mənə, Bakı Metropolitenini mətbuatda tərifləmək daha xoş olardı. Təəssüf, çox təəssüf ki, tərif üçün münbit şərait yaradılmadı. Yazdığımız problemlərin hamısı öz aktuallığını itirmir ki, itirmir. İstərdim ki, tənqidə rəvac verən gerçəkliklər öz aktuallığını itirsin. Rəhbər təfəkküründə ciddi dönüşlər olsun. Onlar rəhbəri olduqları bir müəssisənin uğuruna sevinib, şad olsunlar. Məni narahat edən odur ki, bu gün metropolitendə məsul vəzifə tutanların əksəriyyəti bu hisslərdən məhrumdurlar.
Bu gün bizimlə bərabər, həlli vacib problemlərimizdən yazıb, dərd-sərimizə şərik çıxan iki media vasitəsini də, “Təxribat, işgüzar nüfuza xələl gətirmə, şərəf və ləyaqətin tapdanması, mənəvi zərər!” — deyə, məhkəməyə vermək, ən azından, dar düşüncəliyin nəticəsidir. Mən inanmıram ki, maddi-texniki məsələ yönümlü əsl problemlərdən yazmağı böhtan, uydurma, yalan və iftira kimi xarakterizə edən, bütün bunları, daha doğrusu, əsaslı tənqidi özünə qarşı təxribat kimi göstərən belə bir iddiaçıya məhkəmə sonda haqq qazandırsın.”

“TƏƏSSÜF Kİ, KORRUPSİYA VƏ MAXİNASİYA ƏNƏNƏLƏRİ OLAN BU BÖYÜK MÜƏSSİSƏYƏ DƏ ƏL UZATDI”

WhatsApp Image 2019-03-09 at 00.50.31.jpgÇay süfrəsi arxasında 77 yaşlı veteran metropolitençi Akif Zeynalovun həyəcan dolu sözləri daha təsirli oldu. Yarandığı gündən paytaxtın rəmzinə çevrilən Bakı metrosuna bütün dövrlərdə ayrılan diqqətin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ənənələrin davamı kimi qiymətləndirdi. Bütün sahələrdə olduğu kimi, ulu öndərin metropolitenin inkişafında da misilsiz xidmətləri olduğunu vurğuladı:
“Məhz bunlara görə, metronu, sözün həqiqi mənasında, öz evim hesab etmişəm. Axı, başqa cür də ola bilməz! 54 il metro və dəmiryol sistemində müxtəlif rəhbər vəzifələrdə çalışmışam. Uğurunu uğurum, problemini problemim hesab etmişəm. Bu sistem mənim həyatımın mənasına çevrilib. Möhtərəm prezidentimiz də, bu sahədə uğurlu işlərimə görə, məni “Şöhrət” ordeninə layiq görüb. Prezident təqaüdçüsü, Fəxri dəmiryolçu, müharibə veteranı kimi, bu yaşıma baxmayaraq, ölkə rəhbərinə hansısa bir işimlə daim köməkçi olmağa hazıram. Bu səbəbdən, ölkə mətbuatına üz tutub, Vətənin böyük bir probleminin aradan qaldırılmasında onunla birgə olmaq istədim. Son beş ildə olduqca pis duruma düşən strateji əhəmiyyətli bu müəssisəni problemlər cəngindən qurtarmaq üçün, and içdim.
Metronun bu günü yandırıb-yaxır məni — dözə bilmirəm hər dərdinə! Haqqında Azərbaycan mətbuatında yaxşı olmayan xeyli yazılar dərc olunub. Analitik məqalələrdəki tənqid süjetləri isə, rəhbərlikdə oturan heç kəsi narahat etmir. Deyilənlər barədə, Azərbaycan mətbuatında tənqidi yazılarla çıxış etdiyimizdən, sonda özləri qorxduqlarından, bizi də məhkəməyə verməklə qorxutmaq istəyirlər. Daha bilmirlər ki, mən və ətrafımdakılar vətənpərvər Azərbaycan oğullarıyıq. Onlar, guya, bunu da bilmirlər ki, bu gün metropolitendə işləyən və bizim kimi narazı oğul-qızlarımız minlərlədir. Hər biri öz üzərinə düşən işin öhdəsindən gəlmək, gücü çatana qədər Vətənə xidmət göstərmək üçün calışır. Bu səbəbdən, hələ sakitdirlər. Vətən dərd-səri çəkən, onun problemlərinə görə narahat olan insanları məhkəmə ilə təhdid etmək ağılsızlıqdır. Mən məhkəmədən qorxub, geri çəkilərək, razı olmaram ki, doğma evimizdə belə biabırçılıqlar hələ çox davam etsin!”.
Veteran metropolitençi daha çox ona görə narahat olduğunu bildirdi ki, ənənələri ilə seçilən strateji əhəmiyyətli bu müəssisədə rəhbərlik artıq peşəkar mütəxəssislər balansını pozub və buna görə, heç biri narahat da deyil: “Kadrların hazırlanması, işçilərin peşəkarlığının artırılması baxımından ortada heç nə yoxdur, bu yöndən müasir texnologiyalardan istifadə olunması da uğurla həyata keçirilmir. Dəhşət ondadır ki, qeyri-mütəxəssislər təcrubəli işçilərə “dərs keçirlər”. “Bakı Metropoliteni” QSC sədrinin əmrinə əsasən yaradılmış kadr komissiyasının əksər üzvləri yeni işə qəbul edilmiş işçilərdir. Özünüz deyin, işə yenicə qəbul edilmiş rəhbər işçilər uzun zamandır metropolitendə çalışan ixtisaslı mütəxəssislərdən necə imtahan götürə bilərlər?!
Adam həm də ona görə narahatdır ki, 2014-cü ildə sədrin əmrinə əsasən təsis olunmuş Təlim-Tədris Mərkəzinə Təhsil Nazirliyi lisenziya verməyib və heç bir təhsili olmayan işçilər burada ali təhsilli mühəndislərə dərs keçirlər. Mərkəzin texniki kabinetində quraşdırılan maşinistlər üçün vaqon kabinası trenajoru maşinistlərin biliyinin artırılmasına deyil, onların qorxudulmasına xidmət edir. Təəssüf ki, bunun nə olduğunu heç nədən başı çıxmayan dayaz bilikli mütəxəssislər hələ də anlamırlar. Texniki şərait, laboratoriya-tədris avadanlıqları, sistemlərin tətbiqi də kadrların Bakı Metropolitenində hazırlığına, əməyin və biliklərin qiymətləndirilməsinə imkan vermir. İclasların çox vaxt rus dilində keçirilməsi də, bir problem yaradır.
Bu gün məni bir veteran kimi ağrıdan digər bir məsələ, indi hamının hər yerdə metropoliten rəhbərliyinin bütün maliyyə idarəetməsini itirdiyini deməsidir. Bunu necə qəbul edəsən ki, müəssisənin büdcəsi ilə, dövlət investisiyalarının qarışdırıldığı açıq-aşkar söylənilir. Yeni metro xətlərinin tikintisinin metropolitenin daxili imkanları hesabına yox, dövlət sərmayələri hesabına gerçəkləşdiyi də göz önündədir. Gələn gəlirlər haqda real və rəsmi məlumatlar olmadığından, korrupsiyanın miqyasını da təsəvvür etmək çətin deyil. Bütün dövrlərdə bizim bəlamıza çevrilmiş korrupsiya və maxinasiyanın metropolitenə də ayaq açması, təəssüf doğurur.
Bütün bunlar barədə əldə etdiyimiz arqumentləri təftiş etmək niyyətində də olmamışıq. Sadəcə, hər bir məsələdə dövlət başçısının “hər şey şəffaf olmalıdır” şüarını ən azından prinsip kimi götürərək, öncə yuxarılara yazmış, səsimizin eşidilmədiyini görüb, sonda məsələnin ictimailəşdirilməsinə nail olmaq üçün, mətbuata üz tutmuşuq”.

(“Şöhrət” ordenli 77 yaşlı veteran metropolitençi
Akif Zeynalovla geniş müsahibəni tezliklə araz.azsaytında oxuya bilərsiniz — red.)

“RƏHBƏRLİKDƏ AĞIR METRO İŞİNİN İNCƏLİKLƏRİNİ BİLƏN DƏ YOXDUR”

“Metropoliten rəhbərliyi yaddan çıxarır ki, hər bir maşinist kabinasının arxasında minlərlə insan taleyi durur.
Ən dəhşətlisi odur ki, qatarların və sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün ölçü götürməyin çoxdan vacib olduğu onların yadına belə düşmür. Onlar başa düşmək istəmirlər ki, dəhşət, faciə, qəza birdən olur. Biz buna görə narahatıq və hər an əlimizi açıb, Ulu Tanrıdan bizi bəladan qurtarmasını diləyirik.
Guya, rəhbərlik bilmir ki, bu barədə də biz həqiqəti yazmışıq?! Tuneldə və qatarda heç vaxt işləməmiş insanların qatar idarə etməsinə necə göz yummaq olar?! Zaur Hüseynov da, onun kimi digər vəzifə sahibləri də yaxşı bilirlər ki, fövqəladə hallar zamanı, hərəkət qismən və ya tam dayandıqda, vəziyyətdən necə çıxmağın lazım olduğunu bu insanların tam qavraması üçün illər lazımdır.
“Metropolitenin texniki istismar Qaydaları” kitabının müvafiq bəndlərinə zidd olaraq, baş yoldakı stansiyanın girişində olan ətalətli avtostopun Zaur Hüseynovun əmri ilə sökülməsinin özünü mən qatı bir cinayət kimi qiymətləndirmişəm.Bəli, iki baş yolda stansiyaya girən qatarların təhlükəsiz hərəkətini təmin etməklə bərabər, həm də qatar əks istiqamətdə hərəkət edərkən, keçiddə sürətə nəzarət edən bir cihazın sökülməsi bağışlanmaz cinayətdir. Deməli, açıq-aydın görmək olur ki, baş yoldan qayıdan qatarların və sərnişinlərin təhlükəsizliyi təmin olunmur. Həmin kitabın daha bir bəndində metropoliten xətləri, ötüb keçən qatarların vaqon bokslarının qızmasını avtomatik olaraq təmassız aşkara çıxaran və bu barədə müvafiq məlumatı yaxındakı stansiyanın mərkəzləşdirilmiş məntəqəsinə, yaxud, qatar dispetçerinə ötürən qurğularla təchiz olunmalı olduğu halda, metro rəhbərliyi bunu yaddan çıxarıb. İndi sərnişinlə dolu qatarları heç bir təhlükəsizlik tədbiri görmədən yolda işlədirlər. Xatırladaq ki, həmin qurğu metroda var idi, söküləndən sonra, yerinə yenisini quraşdırmaq yaddan çıxarılıb.
Metro vaqonlarının təmiri üzrə rəhbər sənəd olan “Metropoliten vaqonu” kitabında açıq-aydın göstərilir ki, metro vaqonlarında istehsalçı zavodla razılaşdırmadan konstruktiv dəyişikliklər edilməsi qadağandır. Lakin Bakı Metropolitenində vaqonların ayrı-ayrı aparatları, maşinist kabinaları çox keyfiyyətsiz şəkildə, yanğın təhlükəsizliyi qaydalarına düzgün riayət edilmədən dəyişdirilir. Hələ bu harasıdır?! Maşinist kabinasının ön hissəsində fövqəladə hallar zamanı sərnişinlərin qatardan düşürülüb, təxliyyə edilməsi üçün qapı və açılıb-yığılan pilləkən olduğu halda, onları ləğv edərək, yeni kabina quraşdırırlar. Quraşdırılan kabinalar isə hər tərəfdən çat verir. Bu da nə sərnişinlərin, nə də maşinistlərin təhlükəsizliyini təmin etmir. Metroya yeni gətirilən “mütəxəssislər” mövcud WhatsApp Image 2019-03-09 at 00.50.35.jpgQırmızı, Yaşıl, Sarı, Bənövşəyi, Mavi xətlərin mənasını, onların yerini, hətta bu xətlərdə qatarların sərbəst hərəkətinin təşkili barədə nəzərdə tutulan qaydalar haqqında nəsə deyə bilmirlər”.
Narahatlıq doğuran bu sözləri QSC-nin maşinisti, Qarabağ müharibəsi əlili Asif Rzayev deyir. Depolar haqqında bilmədiyimiz həyəcan dolu sözləri isə, söhbətini daha təsirli edir: “Sərnişin üçün metro stansiyadan başlayırsa, yeraltı polad magistralın fəaliyyətinin təminatı depolardan asılıdır. Bu səbəbdən, metropolitenin fəaliyyətində depoların danılmaz rolu var. Hazırda cəmi bir deposu olan Bakı Metropoliteninin vaqon parkının yeni əsrdə daha da genişləndirilməsi ilə bərabər, getdikcə yüksək səviyyədə təkmilləşdirilməsi nəzərdə tutulurdu. Zaur Hüseynov rəhbər olandan, deyilənlərdən əsər-əlamət yoxdur. Bu da, alınan yeni qatarların davamlılığına ciddi bir zərbəyə çevrilir, öz növbəsində, həm də metropolitendə qatarların hərəkət intervalını azaltmağa, sərnişinlərə xidmət səviyyəsini yüksəltməyə imkan vermir. Son illərdə köhnə vaqonların əsaslı təmir edilərək, tamamilə yeniləşmiş görkəmlə xəttə buraxılması da unudulub. Metropolitendə hərəkətin təşkilində xüsusi əhəmiyyət kəsb edən qrafik sistem və bütün fəaliyyəti tənzimləyən əsas işçi sənədi də, təkmilləşdirilmiş səviyyədə deyil… …QSC-nin şübhəli firmalarla iş qurmasını deyiriksə, bunun şərəf və ləyaqətə nə dəxli? Bu, sırf korrupsiyaya və maxinasiyaya yol deməkdir. Metropolitenin Depolar üzrə İş Departamentinə vaqonlar üçün alınan ehtiyat hissələrinin çox hissəsi zavoddan müqavilə yolu ilə deyil, QSC sədrinin tanışı Malik Həsənov adlı şəxsdən alınır, firmalar vasitəsi ilə sənədləşdirilir. Odur ki, lazım olan ehtiyat hissələrini aylarla gözləmək lazım gəlir. Metropoliten işçiləri tuneli özləri korroziyadan təmizləyib rənglədiyi halda, başqa bir şirkət təmizləməyə və rəngləməyə görə pul alır. Bu cür hallar Bakı Metropolitenində istənilən saydadır. Bunların hamısı korrupsiyadır.
Metropolitenin mövcud problemlərinin aradan qaldırılması istiqamətində perspektivli plan olmadığından, fundamental layihələrin həyata keçirilməsi də mümkün olmur. Məhz, buna görədir ki, tikinti ilə yanaşı, istismarda olan metro şəbəkəsinin maddi-texniki bazasının gücləndirilməsini, yenidənqurma və bərpa işlərinin aparılmasını, təhlükəsizliyin artırılmasını yüksək səviyyədə həyata keçirmək olmur. İşarəvermə vasitələrinin yüksək səviyyəli mikroprosessor sistemləri ilə əvəzlənməsi, rabitə və elektrik təchizatında daha müasir texnologiyalardan istifadə heç kəsin ağlına gəlmir.
Metropolitenin şəhər üçün əhəmiyyətini nəzərə alsaq,
təhlükəsizlik metropoliten üçün bir nömrəli məsələ olmalıdır. Təhlükəsizlik tədbirləri sırasında SOS qurğularının özünəməxsus yeri var. Hər bir stansiyada quraşdırılan bu avadanlıqlar xüsusi hallarda sərnişinlə dispetçer arasında birbaşa ünsiyyət, əlaqə imkanı yaratmaqla, bir çox funksional üstünlükləri ilə seçilməlidir.
Lakin bu işlər sırasında da, metropoliten rəhbərliyi yeniliklər etmək istəmir. Hətta yolun vəziyyətinə nəzarət və defektoskopiyasında tətbiq edilən xüsusi trenajor da əhəmiyyətli səviyyədə islədilmir.
Təhlükəsizlik sistemlərinin mövcud maddi-texniki bazasında əhəmiyyətli yeniliklər edilməsinin vaxtı isə, çoxdan çatıb. Təhlükəsizliyin və sərnişinə mədəni xidmətin səviyyəsindən söz düşəndə, yol təsərrüfatı da diqqəti çəkir. Metropolitendə relslərin qaynaq edilməsi sayəsində uzun ölçülü relslərin tətbiqinə nail olmaq və bununla da rels qovşaqlarının, calaqların, birləşdirici vasitələrin sayını, həmçinin qatarların yaratdığı səs-küyü azaltmaq, ən əsası, yolların təhlükəsizliyi, yol avadanlıqlarına qulluq, işçi əməyinin mühafizəsi və yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilməsi vacibdir. Əlbəttə, tək sərnişindaşıma deyil, eyni zamanda elektrik təchizatı, elektromexanika sistemləri, xüsusən də ventilyasiya və sanitar xidmətin təşkili baxımından tətbiq edilən bir çox yeniliklər, tunel qurğularının mühafizəsi ilə bağlı istər səmərələşdirici, istərsə də texnoloji qərarlar bu gün həm sərnişinə xidmət səviyyəsinin yaxşılaşdırılması, həm də metropoliten obyektlərinin təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsi baxımından əhəmiyyətli rol oynamalıydı. Təəssüf ki, bunlar da olmadı.
Ümumiyyətlə, perspektiv planda metropolitenin mövcud problemlərinin aradan qaldırılması istiqamətində əsaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulsa da, bunlara nail olmadıq. Çünki rəhbərlik arasında olduqca ağır metro işinin incəliklərini bilən yoxdur…”.

“ƏMƏK ŞƏRAİTLƏRİ AĞIR OLAN ZƏRƏRLİ PEŞƏ SAHİBLƏRİNƏ DƏ DİQQƏT YOX DƏRƏCƏSİNDƏDİR”

“Rəhbərlik tərəfindən zərərli peşə sahibləri olan maşinistlərin əmək şəraitlərinin getdikcə ağırlaşdırılması haqqında da yuxarı instansiyalara və redaksiyalara dəfələrlə yazmışıq. Qaldırdığımız hər bir problemimizə olduğu kimi, buna da, yuxarılardan reaksiya görməmişik. Məcbur olub, redaksiyalara ünvanlandığımız müraciətlərimizdə olanları sadalamışıq.
Həmin müraciətlərimizdə daha çox QSC-nin İnsan Resursları şöbəsinin rəisi Əli Əliyevin və Hüquq söbəsinin rəisi Adil Atakişiyevin xəstə işçilərin başlarına açdıqları oyunları qabartmışdıq. Qeyd etmişik ki, onlar metropolitençilərə verilən xəstəlik vərəqələrini aylarla özlərində saxlayır, mühasibatlığa ödəniş üçün vermir, xəstəlik vərəqəsini verən poliklinikaların baş həkimlərinə zəng edib, onlara hədə-qorxu gəlir, bizim xəstələrə bir daha xəstəlik vərəqələri verməmələrini tapşırırlar. Həmin işçiləri çağırıb, öz ərizələri ilə işdən çıxmalarını tələb edir, çıxmayan olduqda, onları Tərlan Dadaşovun imzası ilə ixtisara salıb, işdən azad etdirirlər”, — QSC-nin Baş Müfəttişlik Aparatının Qatarların Hərəkət Təhlükəsizliyi üzrə müfəttişi Nazim Abdullayev söhbət əsnasında bunları deyir. Bildirir ki, qatarların hərəkəti ilə bilavasitə əlaqəli olan işçilərlə – maşinistlərlə, maşinist köməkçiləri ilə, manevr maşinistləri ilə, təlimatçı maşinistlərlə, motovoz maşinistləri ilə, həmçinin hərəkətin təhlükəsizliyi ilə əlaqəli olan digər işçilərlə əmək müqaviləsi pensiya yaşına çatana qədər bağlanmalı olduğu halda, onlarla istənilən yaş həddində əmək müqaviləsi bağlanılır. Bu da, hərəkətin təhlükəsizliyini böyük risk altında qoyur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyul 2004-cü il tarixli 92 saylı Qərarında isə, maşinist və maşinist köməkçisi peşələri zərərli və ağır istehsalatın peşə və vəzifələrinin siyahısında öz əksini tapıb. Maşinist və maşinist köməkçilərinin əmək kitabçalarında xüsusi ağır əmək şəraiti və həftədə 36 saatlıq iş rejimi qeyd olunduğu halda, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı olmadan, 25.09.2017-ci il tarixində 646 saylı əmri ilə, 10.10.2017-ci il tarixdən etibarən maşinistləri yeni iş qrafikinə keçirib, maşinist köməkçisi ştatını ləğv edib, işçilərin çilingərlikdən birbaşa tək işləyən maşinist peşəsinə keçirilməsi barədə göstəriş verib.
Yeni iş qrafikinə əsasən, səhərə yaxın saat 03:00 – 04:00 radələrindən başlayaraq (maşinistlərin yaşayış yerindən asılı olaraq vaxt tezləşdirilir), maşinistləri evlərindən götürüb işə gətirirlər. Gecikmə, küçə itlərinin hücumuna məruz qalma halları olduqda, maşinistlər həkim komissiyasından keçmədən işə buraxılırlar. Dörd-beş saat işlədikdən sonra, iş sona çatır. Gecə yuxusuz qalmış işçilərin hərəkət təhlükəsizliyini necə təmin etmələri sual altındadır.
Təlimata əsasən, lokomotiv briqadalarının ən azı 85 faizinin fərdi iş cədvəlləri ilə işləməsi göstərildiyi halda, indiyədək heç bir maşinistə fərdi iş cədvəli verilməyib. Həmin təlimata əsasən, aylıq iş qrafiki və əmək qanunvericiliyinə uyğun surətdə istirahət günlərinin verilməsi, ən geci növbəti təqvim ayının başlanmasına beş gün qalmış elan olunması təmin edilməli olduğu halda, hələ indiyədək icra olunmur. Hər il tibbi müayinədən keçməyə görə lokomotiv briqadalarının üzvlərinə ildə bir dəfə 6 iş saatının və texniki təlimə görə, hər ay 2 iş saatının haqqı ödənilməli olduğu halda, bu qanun da icra edilmir.
Təlimata əsasən, maşinistlərin aylıq iş normasından artıq və əskik işləmələri aylara uyğun olaraq tənzimlənmir.
16 iyun 2015-ci il tarixdə təsdiq edilmiş “Bakı Metropoliteni” QSC-nin elektrik hərəkət qatarının maşinistinə tək maşinist işləmək hüququnun verilməsi barədə Əsasnamə”nin tələbləri də yerinə yetirilmir. Bu barədə yeni təlimat da yoxdur. Özünüz deyin, bütün bunlar hegemonluğun bariz nümunəsi deyilmi?!
Müasir Azərbaycan iqtisadiyyatının sürətli yüksəlişi onun sosial mahiyyətini əməli şəkildə qabardır. Ölkə başçısının bu istiqamətdə tapşırıq və tövsiyələrinə uyğun olaraq, Bakı Metropolitenində də işçilərin rifahının, sosial-mədəni həyatının təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atılmalı idi. Təəssüf ki, bu sahədə də metropolitençiləri sevindirən yeniliklər olmadı. Sanatroiya-profilaktoriya və istirahət zonasında yeni müalicəvi və tibbi avadanlıqların, müxtəlif tibbi metodların tətbiqi üçün şərait yaradılmadı. Halbuki, əmək şəraitləri ağır olan zərərli peşə sahiblərinin buna ehtiyacları daha böyükdür”.

“METROPOLİTEN RƏHBƏRLƏRİ İLƏ BİZİM NƏ QƏRƏZİMİZ?!.”

Çay süfrəsi arxasındakı jurnalistlər — Hüseyn Əzizoğlu və Nüşabə Əhməd isə dedilər ki, iddiaçının, metropoliten əməkdaşlarının şikayət xarakterli müraciətləri əsasında, ötən ilin may-dekabr ayları ərzində rəhbəri olduqları mətbu orqanların dərc etdiyi məqalələri əsassız və qərəzli hesab etməsinə, həmin yazılarda göstərilənləri həqiqətə uyğun olmayan, heç bir sübutla təsdiq edilməyən böhtan, uydurma, yalan və iftira kimi xarakterizə edib, bunları özünə qarşı təxribat kimi göstərməsinə heç cür haqq qazandırmaq olmaz. Üstəlik, sikayətçinin, iddia ərizəsinin sonunda, işgüzar nüfuzuna ciddi xələl gətirən əsassız məlumatlar yayan saytların qarşısında həmin məqalələri təkzib etmək tələbi qoyması, işgüzar nüfuzunun, şərəf və ləyaqətinin müdafiəsinə, ona dəymiş mənəvi zərərin əvəzinin ödənilməsinə dair cavabdehlərdən müştərək qaydada xeyrinə 150.000 (yüz əlli min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etməsi isə, gülüncdür.
Hüseyn Əzizoğlu onu da dedi ki, mətbuatla bağlı dəfələrlə məhkəmələrə verilib. 30 illik jurnalist təcrübəsi olan, indiyədək oxşar iddialı 60-a yaxın məhkəmə prosesində cavabdeh qismində iştirak edərək, hamısında qalib gələn bir mətbu qurum rəhbəri kimi, hesab edir ki, bu dəfə də, belə olacaq: “Yeri gəlmişkən, onu da deyim ki, oxuduğum bu iddia ərizəsində mənə aydın olmayan məqamlar çox olduğu üçün, iddiaçının məni nədə günahlandırdığını hələ də anlamıram. Belə görünür ki, saytda dərc olunmuş həmin məqalələr zaman-zaman bu qurumda narahatçılıq yaradıb. Buna görə, iddianın qərəzdən və şəxsi ədavətdən qaynaqlandığı göz önündədir. Yazılanlardan açıq-aydın görünür ki, QSC rəhbərliyinin Bakı Metropolitenindəki korrupsiyaya və anarxiya halları ilə barışmayan və strateji əhəmiyyətli bu dövlət qurumunu özlərinə doğma hesab edən təcrübəli əməkdaşlara qarşı şəxsi ədavəti var. İddia ərizəsinin bu ruhda yazılması da, qanunlarımızın tələblərinə uyğun deyil.
QSC əməkdaşları olan digər 5 nəfər cavabdeh, uzun zamandır işlədikləri strateji əhəmiyyətli bu böyük dövlət müəssisəsindəki acınacaqlı durum, burada baş verən özbaşınalıqlar, anarxiya və korrupsiyaya faktları barədə ölkə başçısına, yuxarı instansiyalara ünvanladıqları şikayət xarakterli onlarla müraciətlərində də həyacan təbili çalırlar. İddia ərizəsində adları çəkilən məqalələrdə göstərilənlər də, məhz, bu faktlardan qaynaqlanır. Hesab edirəm ki, buradakı təəssüf doğuran mənzərə barədə onların tənqidi fikirlər deməyə tam qanuni və mənəvi haqqları çatır. Bu səbəbdən, onlara qarşı da, gülüş doğuran belə iddiaların irəli sürülməsi qanunaziddir; İddiaçının təkzib və mənəvi ziyan iddiası da, mövcud qanunlarımız çərçivəsində deyil. Çünki haqqında mətbuatda tənqidi yazı gedən hüquqi və fiziki şəxslər, təkzib və etiraz bildirmək üçün, öncə redaksiyalara müraciət edib, mövqelərini bildirməlidirlər. Redaksiya qarşı tərəfin mövqeyini dərc etmədiyi halda, bu etiraz məhkəmə predmetinə çevrilə bilər. araz.az saytına bu barədə QSC-dən heç bir müraciət daxil olmadığından, onların bu iddia tələblərini də, qanunsuz hesab edirəm. Onu da deyim ki, təkzib, düzəliş və cavab vermək hüququ barədə dediklərimi “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 44 və 45-ci maddələrində göstərilənlər də təsdiq edir. Həmin maddələrdə deyilir ki, kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakteri məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək hüququ vardır. Təkzib, cavab və düzəliş verilməsi qaydası isə belədir ki, təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunduğu göstərilir.
Bir də ki, həmin qanunun müddəalarına görə, media orqanı yazı dərc edərkən, məlumatı ilk dərc edən mətbu orqana istinad edirsə, onu məhkəməyə verə bilməzlər. araz.az saytı da, məhz istinadla yazı dərc edib və həmin materialı köklü şəkildə araşdırıb. İddiaçı isə, rəhbəri olduğum araz.az saytında haqqında işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli yazılar dərc etdiyimi iddia edir. Və bu iddiasını siyasiləşdirərək, bunu ölkənin nüfuzu, dövlət başçısının rəhbərliyi altında aparılan uğurlu iqtisadi siyasətlə uzlaşdırmağa cəhd edir. Halbuki iddia ərizəsində adıçəkilən yazılar sırf jurnalist araşdırmalarının nəticəsidir. Və rəhbəri olduğum heç bir mətbu orqanda dövlətimizin nüfuzuna, milli maraqlarımıza, eləcə də ölkə başçısının uzaqgörən siyasətinə qarşı böhtan və şantaj xarakterli yazıların dərc edilməsi mümkünsüzdür. Bunu, mənim jurnalist fəaliyyətimdəki göstəricilər də təsdiq edir.
Ümumiyyətlə, mətbuata belə səviyyəsiz basqılar jurnalistlərin dostu olan ölkə rəhbərinin atdığı uğurlu addımlara, yürütdüyü məqsədyönlü siyasətə adekvat deyil”.

Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.

[bt_quote style=”default” width=”0″]REDAKSİYADAN: Aldığımız son məlumata görə, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynovun əmri ilə, “Sahil” stansiyasının rəis müavini Bəxtiyar Yunusov heç bir əsas olmadan işdən azad edilib. Səbəb kimi, metropolitendəki mövcud nöqsanlar barədə onun yuxarı stansiyalara ünvanladığı şikayət xarakterli müraciətləri və onun bu barədə mətbuatda çıxışları göstərilir. Məlumatda o da bildirilir ki, Bəxtiyar Yunusov, əsassız işdən çıxarıldığına görə, sədri Xətai rayon Məhkəməsinə verib. Rəis müavini iddia ərizəsində 50 min manat maddi-mənəvi ziyan tələbi də qoyub.[/bt_quote]

araz.az xəbər portalı.