Bakıda bir gecənin içində parkın ərazisində bina tikildiyi iddia edilir. araz.az xezerxeber.az-ın məlumatına əsasən bildirir ki, Nəsimi rayonu, Ruhulla Axundov küçəsində yaşayan sakinlər həmin ərazidə qanunsuz tikililərin inşa edildiyini deyiblər. Onlar qeyd ediblər ki, burada mənzil alarkən ərazinin həyət-park kimi təqdim edildiyini göstərən plan mövcuddur. Sakinlərin fikrincə, yeni tikililər həyətin sahəsini azaldır və hərəkəti çətinləşdirir.
Sakinlər ərazidəki tikintinin qanunsuz aparıldığını və bu səbəbdən narahat olduqlarını önə çəkirlər. Binanı tikən “Maşınqayıran” MTK-dan isə bildirilib ki, həyətdəki tikililərlə bağlı sənədləşmə işləri aparılır. MTK-nın sədr müavini Xanlar Ağayev isə bildirib ki, sözügedən tikili binanın təhlükəsizlik xidmətinin əməkdaşları və texniki işçiləri üçün nəzərdə tutulub. O əlavə edib ki, hazırda ikimərtəbəli tikilinin layihələndirilməsi işləri gedir və yaxın günlərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunacaq. Onu da qeyd edək ki, hazırda binanın tikintisi dayandırılıb.
araz.az xəbər portalı.