İnsan yaradılışının maddi əsasını təşkil edən, yazın gəlişindən xəbər verən suyu, odu hərəkətə gətirən, qədim inanclarımızla dolu əziz Novruz bayramı şənliklərimizdə icra olunan Yel çərşənbəsi mərasimləri günü illərdir düşmən əlində əsir-yesir dədə-baba yurdlarımızın ağrısını çəkən Qərbi Azərbaycana Qayıdış Birliyi Ağsaqqallar Şurasının təsis yığıncağı keçirildi. Toplantını təşkilatın sədri Rizvan Talıbov açaraq, Ağsaqqallar Şurasının yaradılmasının məqsəd, məram və qarşıda duran vəzifələri haqqında geniş məlumat verdi. Digər çıxışçılar — sədrin müavinləri Hacı Qəhrəman, Nəzakət Zeynalova, Namiq Aslanov, Birlik Ali Məclisinin rəhbəri Əli Vəliyev, Qadınlar Şurasının sədri Rasimə Könül, onun birinci müavini Lətafət Aslanova və digərləri — Bayram Əhmədov, Oqtay Mirbabayev öz çıxışlarında Ağsaqqallar Şurasının yaradılmasının təqdir etdilər. Natiqlər öz çıxışlarında Birliyin gələcək önəmli fəaliyyəti üçün Ağsaqqallar Şurasının yaradılmasının vacibliyini və çox faydalı olacağını qeyd etdilər. Çıxışlardan sonra Ağsaqqallar Şurasına üzv olmaq istəyən ziyalıların müraciətlərinə baxıldı və qeydiyyatları başlandı. Namizədlikləri irəli sürülənlər arasından 17 nəfər toplantı iştirakçılarının yekdil razılıqları ilə, QAQB Ağsaqqallar Şurasına üzv seçildilər. Seçkidən sonra ağsaqqallar adından çıxış edən professor Firudin Cəlilov onlara göstərilmiş böyük ehtimada görə, toplantı iştirakçılarına razılıqlarını çatdıraraq, Qərbi Azərbaycan probleminin yaranma səbəbləri və onların həlli yolları barədə geniş məlumat verdi.
Xoş bayram günü toplantının yekdil qərarla QAQB Ağsaqqallar Şurasına seçdiyi üzvlər, əsasən, əslən qərbi azərbaycanlı tanınmış simalar idi. Toplantıda Qərbi Azərbaycana Qayıdış Birliyinin minlərlə üzvləri adından tam əminlik ifadə edildi ki, bu xoş gündə keçirilən bu uğurlu seçki ilə — Firudin Cəlilov, İsrafil Məmmədov, Yusif Qazıyev,
Mais Mədətov, Əsgər Zeynalov
kimi tanınmış professorlarla, yazıçı, əməkdar jurnalisit Qədir Aslanovla, ictimai xadim, “Respublika” qəzetinin Baş redaktoru Teymur Əhmədovla, ictimai xadim Abbas Mazanovla, həkim, cərrah-professor Eldar Abbasovla, şairə Zöhrə Məhəmmədova ilə, həkim Rövşən Cəlilovla, əməkdar müəllim Fərman Qasımovla, ictimai xadim, yazıçı
Oqtay Mirbabayevlə, ictimai xadim
Maqsud Qasımovla, yazıçı Ələsgər Talıboğlu ilə, müəllim, yazar Əkbər İmaməliyevlə və əməkdar müəllim Vasil Bağırovla artıq xoş təravəti hiss olunan çox iş görmək olar. Bu təravəti o yerlərdəki doğma yurdlarımıza uzanan yollarımızla isti bayram küləkləri gətirir.
Toplantının gündəliyinə uyğun olaraq, QAQB üzvlərinin Novruz şənliyini 16 mart tarixində, saat 14:00-dan 20:00-a qədər birlikdə qeyd etmələri qərara alındı. Birlik sədri toplantıya yekun vuraraq, QAQB Ağsaqqallar Şurasına seçilmiş üzvlərə Doğma Yurdlarımıza Qayıdışımız uğrunda mübarizəmizdə səmərəli fəaliyyət, gələcək bayramlarımızı Qərbi Azərbaycanda qeyd etmək qisməti arzuladı.
araz.az
araz.az xəbər portalı.