Redaksiyamıza iş adamı Sudef Məcidovun Baş prokuror cənab Kamran Əliyevə müraciəti daxil olub. Müraciəti olduğu kimi dərc edirik.
“Cənab Baş prokuror !
Mən Nəsimi rayonu, Hüseynbala Əliyev 15 ünvanında yerləşən, mənə məxsus “Masallı market”də qanuni sahibkarlıqla məşğul olurdum. 2011-ci ildə mənə böyük məbləğdə pul lazım olduğuna görə, borc axtarırdım. Bu vaxt Fatma Məhəmməd qızı Yolçiyeva ilə tanış oldum. O, mənə lazım olan 200 min manatı aylıq 7,5 faizlə ( ayda 15 min manat ) verəcəyini, əvəzində isə girov qoyulmasının lazım olduğunu bildirdi. Beləliklə, 180 kvadrat metrlik mağazamı Yolçiyeva “girov müqaviləsi” adı ilə aldadaraq ələ keçirdi.
Fatma Yolçiyeva ona verəcəyim 200 min manat sələmdən dərhal 30 min manatı məndən alıb bunu 2 ayın faizinə hesabladığını dedi.
Mən 2012-ci ilin aprelin 12-də şərlənərək həbs olundum. Əminliklə deyirəm ki, bu işdə Fatma Yolçiyevanın da əli olub və çox güman ki, mənim həbsimlə, əmlakımı mənimsəmək məqsədi güdüb. Həbsdə olduğum vaxtda Fatmaya pul ödəməyə imkanım çatmadı. Mənim yaxınlarım F.Yolçiyeva ilə danışmağa və razılaşmağa cəhd etsələr də, Fatma Yolçiyeva amansız şəkildə hər ay faizini tələb edib və bir müddət sonra tamamilə obyekti ələ keçirərək, özü onu başqalarına icarəyə verib. Və 4 il müddətində hər ay icarə haqqı olaraq 14 min manat pul qazanıb.
Onu da qeyd edim ki, mən həbsxanada olanda Fatma Yolçiyeva 3 dəfə mənimlə görüşə gəlib. Bunu həbsxananın rəhbərliyi təsdiq edə bilər. Fatma Yolçiyeva hər dəfə həbsxanaya mənimlə görüşə gələndə məni təhdid edir, hədə qorxu gəlir və övladlarımı cəzalandıracağını deyirdi. Onun məqsədi mənim mağazamı ələ keçirmək üçün sənədlərə qol çəkdirmək, mənə məxsus mağazanı ələ keçirmək idi.
Nəhayət mən 2016-cı il martın 28-də həbsdən azad olundum. Və borcumu ödəyərək mülkiyyətimi geri qaytarmaq istədim. Fatma Yolçiyeva məndən 200 min manat və əlavə 650 min manat ( faizə), yəni cəm olaraq 850 min manat pul tələb elədi. Mən ona dedim ki, mənim mağazamı icarəyə verərək, həbsdə olduğum 4 ildə 500 min manata yaxın gəlir götürmüsən, indi niyə sənə 850 min ödəməliyəm.
Fatma Yolçiyeva mənə dedi ki, sən həbsdə olanda mağazanı əldə saxlamaq üçün müxtəlif dövlət qurumlarına külli miqdarda rüşvət vermişəm. (Ali Məhkəməyə 100 min, Nəsimi Rayon Məhkəməsinə 50 min, Plenuma 50 min, Konstitusiya Məhkəməsinə 50 min ).
Beləliklə Fatma Yolçiyeva 200 min sələmə borc müqabilində mənim dəyəri 3 milyon 500 min dollar olan qanuni mülkiyyətimi- mağazamı ələ keçirib.
Mənim mağazamın iki milyon beş yüz min qiyməti olsa da, o obyekt Yolçiyeva Fatma tərəfindən 200 min manat faizə borc verilməklə ələ keçirilib.
Mən dəfələrlə Fatma Yolçiyeva ilə görüşüb məsələni həll etməyə, mülkiyyətimi geri qaytarmağa çalışdım. Ancaq Fatma hər dəfə mənə deyirdi ki, “mən kiməm, ay Sudef, sənə verdiyim pulların yiyələri var… Və onlar da sənə verdiyim pulları tələb etdikləri üçün, mən də sənin dükanını ələ keçirib onların pullarının sənin tərəfindən “atılmağını” onlara sübut etməliydim”. Fatma Yolçiyeva mənimlə söhbətində iri məmurların, nazirlərin, icra başçılarının adını çəkirdi və deyirdi ki, sələmə verdiyim pullar məmurlara məxsusdur”. Onu da qeyd edim ki, Fatma Yolçiyevanın sələmçiliyindən əziyyət çəkən, mülkünü itirən təkcə mən deyil. Xeyli sayda şikayətçi var.
Cənab Baş Prokuror!
Sizdən xahiş edirəm, mənə məxsus qanuni əmlakımın geri qaytarılması üçün kömək edəsiniz. Qoy bu məsələ hüquq-mühafizə orqanları tərəfindən obyektiv və ədalətli araşdırılsın.
Hörmətlə, SUDEF HACIBALA OĞLU MƏCİDOV.
araz.az xəbər portalı.