“Flaqman” adlanan klubun belə göstəriciləri və liqada 9-cu sırada olması azarkeşlərin sərt təpkilərinə səbəb olub.

Maraqlıdır, “Neftçi”dəki rəhbərlik və Baş məşqçi dəyişiklikləri nə üçün effekt vermir? Klubun acınacaqlı vəziyyətdə olmasına səbəb nədir?

Elmir Mustafanın bu sual ətrafında maraqlı yazısı cebheinfo.az-da dərc olunub. Həmin yazını araz.az öz oxucularının da diqqətinə çatdırır:

“Sportinfo TV” və “CBC Sport” telekanalının aparıcı-eskperti, tanınmış idman jurnalisti Elçin Cəfərov bildirib ki, yeni mövsüm başlayanda “Neftçi” azarkeşləri çox ümidli idi:

“Çünki “Neftçi” yenidən qurulurdu. Yeni rəhbərlik gəldi və idarəetmə strukturunda müəyyən dəyişikliklər oldu. Bu isə azarkeşlərdə yeni mövsüm üçün əlavə ümid yaratdı. Lakin baş məşqçi seçiminin gecikməsin və yeni transferlərin komandaya gec qoşulması müəyyən problemlər yaratdı. Üstəlik, komandanın əksik olan bölgələrinə transfer edilmədi”.

Ekspert qeyd edib ki, Roman Qriqorçuk “Neftçi”də öz oyununu oynada bilmir:

“Əslində, “Neftçi” əvvəl yenidən Samir Abbasovu baş məşqçi postuna gətirmək istəyirdi. Onunla bütün detallar danışılmışdı və artıq imza an məsələsi idi. Buna baxmayaraq, Samir Abbasov anidən “Neftçi”yə gəlməkdən imtina etdi. Paytaxt klubu da alternativ kimi Roman Qriqorçuku bu posta təyin etdi.

Lakin Qriqorçuk arzuladığı oyun sistemini formalaşdıra bilmir. 

Çünki onun komandalarında adətən müdafiədən qurulan oyun sisteminə üstünlük verilirdi. Ona görə də müdafiənin mərkəzində oynayan futbolçular da ayağa daha yaxşı oynamalıdırlar. Amma bu cəhətdən də “Neftçi”də müəyyən problemlər yaşanır.

Rəqiblərin əksəriyyəti təzyiq göstərərək “Neftçi”nin topu oyuna daxil etməyinə imkan vermirlər. Sanki rəqiblər də Bakı təmsilçisindəki bu problemi seziblər və komandanı ciddi təzyiqlə üz-üzə qoyacaqlarının fərqindədirlər. 

Bütün komandalar meydanın “Neftçi”yə aid olan hissəsində pressinq edərək qazanılan toplarda mövqe boşluqlarından maksimum şəkildə yararlanırlar. Yəni Qriqorçukun arzuladığı topu ikinci fazadan üçüncü fazaya gətirmək alınmır”.

Elçin Cəfərov hesab edir ki, həftəsonuna kimi Qriqorçukla yollar ayrılmalıdır:

“Düşünürəm ki, “Neftçi”də Qriqorçuk dönəmi artıq başa çatmalıdır.

Artıq “qan dəyişikliyi” olmalıdır. Çünki “Qarabağ”la matçdan öncə dəyişiklik komandaya əlavə motivasiya verə bilər. 

Dünya futbolunda da baş məşqçi dəyişikliyinin növbəti oyuna müsbət mənada öz təsirini göstərdiyinin şahidi oluruq. Ona görə də Roman Qriqorçukla həftəsonuna qədər yollar ayrılmalıdır”.

 

araz.az xəbər portalı.