Ermənistan Avropa İttifaqına üzv olmaq istəyir. Bu istiqamətdə artıq İrəvanda imzatoplanma kampaniyası başlayıb. Vətəndaşların prosesə marağı kifayət qədər çoxdur.
Prinsip etibarilə, Ermənistanın Aİ-yə üzv olmaq istəməsi yeni məsələ deyil, lakin proses xeyli mürəkkəbdir.
Birincisi, Ermənistan Azərbaycanla faktiki müharibə vəziyyətindədir. Aktiv döyüşlər olmasa da, iki ölkə arasında sülhün imzalanmaması gərginlik risklərini daim aktual saxlayır. Müharibə vəziyyətində olan ölkənin Aİ-yə üzvlüyü mümkün deyil.
İkincisi, Ermənistanın daxili siyasəti də qeyri-sabitdir. Daha dəqiq desək, erməni cəmiyyəti qərbpərəst və ruspərəst olmaqla kəskin qütbləşib. Aİ-yə belə qütbləşmiş cəmiyyəti olan ölkə lazım deyil. Yəni bu meyar mühümdür.
Üçüncüsü, Ermənistan iqtisadi baxımdan həm zəif, həm də Rusiyadan asılıdır. Bu, Ermənistanın Aİ-yə üzvlüyü önündə ən önəmli problemdir.
Başda Almaniya olmaqla Aİ üzvləri ittifaqa zəif iqtisadiyyatlı ölkələri qəbul etmək istəmirlər. Yəni mövcud vəziyyətdə Ermənistan da qəbul edilməyəcək.
Bununla belə, Ermənistanın Aİ-yə üzv olması mümkünsüz də deyil. Qarşıdakı 15-20 il ərzində İrəvan ittifaqa qoşula bilər. Bu gün ABŞ, Aİ, Fransanın Ermənistana ayırdığı yardımların əsas məqsədi bu ölkəni Rusiya təsirindən çıxarmaqdırsa, uzaq perspektivdə Aİ-yə üzv etmək üçün iqtisadiyyatını gücləndirməkdir. Yəni yaxın 15-20 il ərzində Ermənistanda rusiyameyilli qüvvələr hakimiyyətə gəlməz, yardımlar davam edərsə, bu baş verə bilər.
Turan RZAYEV, politoloq.
araz.az xəbər portalı.