Bakı Atatürk Liseyi təhsilin səviyyəsinə görə, məsələn, tamamilə ödənişsiz olan Dəyanət Liseyinin çox uzağında olsa da, son illərdə sürətlə təhsil haqqını artırmağa başlayıb.

Ölkənin bəzi media vasitələri kimi, araz.az da xəbər verir ki, bu barədə tanınmış jurnalist, azpolitika.info saytının rəhbəri Elnur Məhərrəmli məlumat yayıb. Onun sözlərinə görə, hazırda liseydə illik təhsil haqqı birdən-birə 4500 manata qaldırılıb:

“Bakı Atatürk Liseyi Türk Dünyası Araşdırmalar Vəqfinə məxsusdur. Bu vəqfi mərhum professor Turan Yazqan qurub. Hazırda vəqfə onun oğlu rəhbərlik edir. Türkçülüyün, turançılığın təbliği vəqfin fəaliyyətinin əsasını təşkil edir və bu niyyətlə bir çox yerlərdə, o cümlədən Azərbaycanda lisey təsis ediblər. Hər halda özləri belə bəyan edirlər. Rəsmi saytlarında onu da bəyan ediblər ki, “okullarımız heç bir ticari amac taşımayan, kar qayesi güdmeyen kuruluşlardır”. Yəni məqsədləri pul qazanmaq deyil, türkçülüyün, turançılığın təbliğidir.

Lakin nə işdirsə, məqsədi “ticari amac” daşımayan bu liseydə hazırda illik təhsil haqqı 4500 manatdır. Bu rəqəm bir çox özəl liseyin qiymətinə yaxındır və sadə riyazi hesablama sübut edər ki, hazırda bu “türkçü-turançı bəylərin” Bakı Atatürk Liseyi tərtəmiz “ticari amacla” fəaliyyət göstərir. Göstərsin, bunda işimiz yoxdur. Türkçülük-turançılıq maskası altında gizlənən azmı dələduz görmüşük?!

Amma siz bu vəqfin, liseyin rəhbərliyinin türkçülük-turançılıq bir yana qalsın, adi təhsil verən, müəllim, ziyalı adına ləkə olan hərəkətlərinə baxın: Demək “ticari amac” daşımayan Bakı Atatürk Liseyində 2018-ci ildə hər uşağa illik 1000 manatla təhsilə başlamışıq. “28 May” metrostansiyasının yanında darısqal həyəti, məktəb infrastrukturu olmayan kiçik bir binaları var. Sonra Əhməd Rəcəbli küçəsində nisbətən geniş, az-çox məktəbə oxşayan binaya köçdülər. Biz də illik 2 min manatla bura təhsilə davam etdik. 9-cu sinifdə təhsil haqqı 2500 manata, 10-cu sinifdə 2750 manata qalxdı. Razılaşdıq. Bu il isə bu “türkçü-turançı” dələduzlar heç bir əsaslandırma, izah vermədən tərbiyəsiz formada, həyasızcasına hər uşağa 4500 manat tələb etməyə başladılar”.

Elnur Məhərrəmli lisey rəhbərliyinin ödəniş haqqının qaldırılmasına etiraz etmək, səbəbini öyrənmək istəyən valideynləri qəbul etmədiyini bildirib:

“Övladı 11-ci sinfə keçən, kəskin qiymət artımına yəqin ki, həm də gücü çatmayan, amma eyni zamanda da bizim kimi son sinifdə uşağını dostlarından, çevrəsindən ayırmaqla, ona psixoloji sarsıntı yaşatmaq istəməyən valideynlərin bir qrupu 11-ci siniflər üçün qiymət artımına getməmək xahişi ilə liseyin sahibinə – Türk Dünyası Araşdırmaları Vəqfinə məktub yazmaq qərarına gəldi. Məktubu 22 valideyn imzalasa da, məktub vəqfin email ünvanına iki valideynin elektron poçtundan göndərildi. Bilirsinizmi, bundan sonra nə baş verdi? Böyük demokrat Atatürkün adını istismar edən bu liseydə hansı rəzilliyin yaşandığını təsəvvür edə bilməzsiniz: Liseyn direktoru Eylem Gültəkin “beni nasıl şikayət edərsiniz” deyə həmin iki valideynin uşaqlarını məktəbdən qovdu.

Bu qadına türmə rəisi yox, məktəb direktoru olduğunu başa salmaq üçün liseyə getdim. Təxminən yarım saat gözlədəndən sonra qəbul etdi. “Qəti qərarımızdır” deyə təhsil haqqı məsələsinə nöqtə qoyduqdan sonra həmin 2 uşağın məktəbdən qovulması məsələsini qaldırdım. “Hər kəs kəndi işini konuşsun”, – deyə o mövzunu da bağladı. Dedim, məhkəməyə verəcəm sizi. Bunu eşidən kimi özündən çıxdı və elə ordaca göstəriş verdi ki, bizim uşaqlar da məktəbdən uzaqlaşdırılsın”.

Jurnalist məsələ ilə bağlı vəqfin rəhbəri Közhan Yazqana məktubla müraciət etdiyini deyib:

“Qeyd etdim ki, bu tərbiyəsizlikləri Türkiyədə edə bilməzlər, amma Azərbaycan da banan ölkəsi deyil. “Türkçülük-turançılıq” şüarları altında uşaqları aşağı ödənişlə məktəbə cəlb edib, son sinifdə onlardan ikiqat ödəniş tələb etmək, normal qaydada müraciət və ya hətta olsun ki, şikayət edən valideynləri şantaj etmək, 2 uşağı isə onların ala biləcəkləri psixoloji travmanı nəzərə almadan qovmaq, yoldaşlarından ayırmaq ləyaqətsiz əməldir. Üstəlik də dələduzluqdur. Dedim ki, əlbəttə, təhsil haqqını istədiyiniz kimi müəyyən edə bilərsiniz, bu sizin hüququnuzdur, lap 100 min tələb edin, lakin bunu məktəbinizə ilk gələn şagirdlərə tətbiq etməyiniz daha məntiqli və əxlaqlı olardı. 11-ci sinfin şagirdinə tətbiq etməyiniz doğru deyil. Belə çıxır ki, siz aşağı ödənişlə insanları məktəbinizə cəlb edir, sonra isə onları asılı vəziyyətə salaraq, istədiyiniz qiyməti tələb edirsiniz? Bəs sizin bu tələbinizi qarşılamağa imkanı olmayan valideyn nə etməlidir, heç düşünürsünüzmü? 11-ci sinifdə uşağın məktəbini dəyişmək, onu dostlarından, sinif yoldaşlarından ayırmaq, psixolojisini pozmaq nə deməkdir, bunun fərqindəsinizmi?

Həmçinin soruşdum ki, “kar qayəsi olmayan” liseyinizin birdən-birə bu qədər yüksək qiymət artımına getməsi nə ilə bağlıdır? Nə baş verib ki, bu qədər böyük bahalaşma tətbiq edirsiniz? Azərbaycanda devalvasiyamı olub? Milli pulumuz dəyərmi itirib? İqtisadi böhranmı yaşanıb?

Bəlkə təhsilin keyfiyyətində ötən illə müqayisədə böyük keyfiyyət fərqi olacaq? Dərs saatlarımı artıb?

Belə qanunsuzluğu, özbaşınalığı Türkiyədə edə bilərsinizmi? Budurmu sizin “türkçülüyünüz”, “turançılığınız”?! Böyük demokrat Atatürkün ismini daşıyan liseydə bu nə diktatorluqdur? İnsanlar etiraz, şikayət edə bilməzlərmi?

Təbii ki, “türkçü-turançı” dələduzlar bu sualların heç birinə cavab vermədilər. Çünki cavab versələr, dələduz olduqları üzə çıxacaqdı”.

O, lisey rəhbərliyini məhkəməyə verdiyini, amma qarşı tərəfin məhkəməyə gəlmədiyini qeyd edib:

“İlk iclas avqustun 29-na təyin olunmuşdu, gəlmədilər. Amma geri çəkilmək yoxdur. Bunların “Atatürk”, “türkçülük”, “turançlıq” adları altında gizlənərək, yaramazlıqla məşğul olduqlarını məhkəmə qaydasında da sübut edəcəyəm. Qoy övladını “türk liseyidir, yaxşı təhsil və tərbiyə verir”, “Atatürkün adını daşıyır”, “türkçü-turançıdırlar” deyə aldanaraq bu liseyə yerləşdirənlər də bilsinlər ki, bunların keyfiyyətli təhsil vermək bacarığı bir yana qalsın, elementar mədəniyyətləri də yoxdur. Üstəlik, dəllal kimi davranırlar – bu il sizdən 4500 manat təhsil haqqı istəyər, lakin gələn il heç bir izahat vermədən 10-15 minə qaldıra bilərlər”.

araz.az-ın redaksiyası da, qarşı tərəfin mövqeyini verməyə hazırdır.

 

araz.az xəbər portalı.