Doğrudan da, Milli Məclisin sabiq sədri Oqtay Əsədovun həyat yoldaşı Zemfira Adil qızı Əsədovanın elm və təhsil naziri Emin Əmrullayev tərəfindən işdən çıxarılmasını camaat birmənalı qarşılamayıb. Kütlə arasında olan araz.az xəbər portalının əməkdaşları da, buna şahidlik ediblər. Hərə bunu bir cür yozmağa çalışıb. Mübahisələr zamanı müxtəlif “don geydirməklə” dediklərini əsas mövzuya çevirməyə cəhd edib.
Deyilənlərə baxmayaraq, araz.az üçün rəsmi xəbər daha vacib olub. Saytın əldə etdiyi məlumata görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Sən demə, Zemfira Əsədova öz ərizəsi ilə, 175 nömrəli körpələr evi-uşaq bağçasının müdiri vəzifəsindən azad edilib.
Bir müddət əvvəl Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sözügedən bağçada yoxlamalar aparılıb və bəzi pozuntular aşkarlanıb. Zemfira Əsədova yoxlamalardan sonra öz ərizəsi ilə vəzifəsindən gedib. 175 nömrəli körpələr evi-uşaq bağçasına hələlik müdir təyin edilməyib.
Qeyd edək ki, Zemfira Əsədova sözügedən bağçada 20 ildən çox müdir vəzifəsi daşıyıb. Hətta 2017-ci ildə 175 nömrəli körpələr evi — uşaq bağçasının (“Şənlik” uşaq bağçası) 30 illiyinə həsr edilmiş təmtaraqlı tədbir də keçirib.
Tahir HÜSEYNOV, araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.