Həyata və təhsilə dair qeydlər

araz aslanli

Araz Aslanlı

Universitet təhsili həyat evinin ən vacib otaqlarından biridir. Onun divarlarını başdan sona qədər “bitsə də qurtulsaq” duyğuları içində hörmək olmaz! Əlbəttə ki, bu otağı tikən hər kəs bütün proses zamanı eyni dərəcədə yüksək motivasiya ilə qala bilməz. Bəzən yorulanlar, bəzən fasilə vermək istəyənlər olacaq. İşin bir hissəsi bitdikdən sonra dayanıb nəticələrə (gəlinən nöqtəyə) baxmağın öz ləzzəti olacaq.

Amma bütövlükdə prosesi başdansovdu, deyinə-deyinə, “bitsə də qurtulsaq” duyğusu ilə, haradan nə gəldi götürərək, kimdən nə gəldi alaraq, başqalarından material oğurlayaraq aparmaq, yəni divarları sistemsiz şəkildə hörmək olmaz. Ən əsası isə bu otağı hazırlayarkən düzgün hörülməmiş divarlara, divarlardakı keyfiyyətsiz və zəhərli boyalara, keyfiyyətsiz təbii qaz sisteminə,  keyfiyyətsiz kanalizasiya sisteminə, keyfiyyətsiz tavana, olmayan havalandırma sisteminə və s. hissələrə saxta sənədlər almağa çalışmamaqdır. Əslində görmədiyiniz işlərə, əslində mövcud olmayan hissələrə və funksiyalara görə saxta sənəd ala bilərsiniz. Universitet otağınızın (diplomunuzun) olduğunu sizi yaxından tanımayanlara göstərərək güya nəyisə sübut edə bilərsiniz. Amma o otaq sizin üçün rahatlıq mənbəyi olmaz.

– İçində yaşaya bilməyəcəksiniz (işə yaramayacaq);

– Hansısa bir yolunu tapıb orada yaşamağa çalışsanız, məsələn, işləməyən kanalizasiya sisteminə görə üfunət qoxusu sizi, sizinlə birgə yaşamağa çalışanları və hətta ətrafdakıları da narahat edəcək.

– Təbii qaz sistemi və elektrik sistemi yoxdursa çox güman ki, üşüyəcəksiniz. Təbii ki, həyatınızda yandıra biləcəyiniz odunlar da yoxdursa iş daha da çətin olacaq. Varsa olan o odunlara olacaq. Sizin isinməyiniz üçün onlar yanmalı olacaq.

– Havalandırma sistemi yaxşı deyilsə zəhərlənmə ehtimalınız olacaq.

– Divarlardakı zərərli boyalar eyni şəkildə zərərli olacaq.

– Divarların uçması ya da tavanın çökməsi isə sadəcə sizin üçün və yaxınlarınız üçün deyil, daha geniş bir ətraf təbəqə üçün faciəyə səbəb ola bilər.

Ona görə də ən yaxşısı bu otağı inamla, həvəslə, halal zəhmətlə, səliqəylə inşa etməkdir. Elə otaq inşa edin ki, içində ömür boyu rahat yaşaya biləsiniz. Və ehtiyac yarandığı zaman onun üstündə də nəsə inşa edə biləsiniz.

Təbii ki, bu proses sadəcə tələbə ilə bağlı deyil. Burada təhsil sisteminə də, müəllimlərə də, validyenlərə də ciddi iş düşür. Amma ən vacibi odur ki, öz “evini tikmək” (gələcəyini qurmaq) istəyənlər özləri hər mərhələdə, xüsusilə də universitet təhsili zamanı mümkün qədər yaxşı yetişməyə çalışsınlar.

***

Azərbaycanda əsas ibadət məkanlarından biri təhsil qurumlarının önüdür. İmtahan günlərində təhsil qurumlarının kənarları (hasarları, divarları) ibadət məkanı kimi olur. Babalar, nənələr, atalar, analar, bacılar və s. burada müqəddəs kitablar oxuyurlar, əllərini açıb dua edirlər. Bu ayinlər hansı inanc sistemindən qaynaqlanır, mənə hələ də tam aydın deyil.

***

Görməmiş (özünü göstərmək istəyən) valideynlərin Azərbaycan təhsilinə və ümumiyyətlə cəmiyyətimizə vurduğu zərbəni hələ heç bir işğalçı güc vura bilməyib. Daha geniş götürdükdə cəmiyyətimizdəki problemlərin əksəriyyətinin kökündə yatan səbəblərdən biri də Görməmiş Valideyn Sindromudur (GVS). GVS-nin müxtəlif təzahürləri var. Məsələn,

– uşaqlarla bağlı tədbirlərdə əksər yerlərin valideynlər tərəfindən tutulması,

– bir uşağı tədbirə (imtahana və s.) nəsildəki bütün böyüklərin bir yerdə gətirməsi, əksər hallarda qapının önünün məhz bu “böyük”lər tərəfindən tutulması, digər uşaqlara içəri daxil olmağa imkan verilməməsi,

– validyenlərin övladlarını yarışdırması (mənim oğlum digər oğlanlardan, mənim qızım digər qızlardan üstündür),

– ümumiyyətlə valideynlərin öz maraqları və dar düşüncələri naminə övladlarına bu övladlara dəxli olmayan xüsusi missiyalar yükləməsi (“sən sübut etməlisən ki, mənim oğlumsan ya da qızımsan, ona görə də filan şeyi mütləq etməlisən”); güya ki, bu özü dünyanı fəth edib,

– digərlərinin uşaqlarına qarşı kobud və nifrət hissiylə davranılması,

– övladlarının mədəniyyətsiz davranışıyla qürur duyulması (bu mövzuun üzərində ayrıca durmaq vacibdir) və s.

Daha yaxşı cəmiyyətdə yaşamağımızın yolu həm də bu problemin həllindən keçir.

 

araz.az xəbər portalı.