Digər müzakirə mövzusu dərs və ya iş saatının dəyişdirilməsidir. Valideynlərin fikrincə, çantalar ağır olur deyə, uşaqlar saatlarla yolda qaldığı üçün əziyyət çəkirlər, işə tələsənlər də vaxtlarını yollara sərf etdiyini bildirir.
araz.az qeyd edir ki, bu barədə qlobalinfo.az-a danışan sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanovun fikrincə, təhsillə bağlı yenidən “Amerika kəşf etməyə” ehtiyac yoxdur.
O, digər ölkələrdə olan təhsil sisteminə nəzər yetirməyi təklif edib:
“Baxmaq olar ki, keçmiş sovet məkanında, bizə yaxın ölkələrdə, doğma Türkiyədə vəziyyət necədir. Yəni orada olan kitab necədir və s. Ona uyğun da bir yol tapmaq olar. Beləliklə, uşaqları da ağır dərsliklərdən azad etmək mümkündür”.
M.Mərdanov məktəbli forması haqda danışıb:
“Dünyanın əksər ölkələrində mütləq məktəbli forması olur. Məsələn, ən yüksək təhsil səviyyəsi olan Yaponiyada oldum. Orada da uşaqlar məktəbli forması geyinmişdilər. Bu, təkcə təhsil üçün vacib deyil, tərbiyə üçün də vacibdir. Çünki məktəb kiminsə varlı və ya yoxsul olmasını nümayiş etdirmək yeri deyil. Məktəb təlim-tərbiyə müəssisəsidir. İstər əvvəl, istərsə də indi eyni mövqedə olmuşam. Dərs yükünü azaltmaq olar, formanı ləğv etmək yox”.
Sabiq nazir dərs saatını dəyişməklə bağlı da fikir bildirib:
“Əvvəl nazir olduğum zaman deyirdilər ki, Azərbaycanda təhsil var? Təəssüf ki, indi də eyni sözü deyənlər çoxdur. Onlara demək istəyirəm ki, Azərbaycanda məktəb də var, təhsil də. Ola bilər, nəsə çatışmazlıq olsun. Amma ümumi danışmaq doğru deyil. Həmin adamlara bir 15 sentyabra qədər, bir də 15-dən sonra olan yolları göstərmək istəyirəm. Onda bilərdilər ki, nə var, nə yox”.
M.Mərdanov deyib ki, doğrudan da Bakıda tıxac çox ciddi problemə çevrilib:
“Bununla bağlı düşünmək lazımdır. Məsələni elmin gücü ilə həll etmək, optimal yol tapmaq mütləqdir. Dərs, ya iş saatını dəyişmək, yaxud başqa təkliflər də irəli sürmək olar. Amma doğrudan da tıxac dözülməzdir. Təsəvvür edin ki, dövlətin mənə ayırdığı maşınla işə gələrkən ən azı bir saata qədər tıxacda qalıram. İndi düşünün, avtobus və metrodan istifadə edən şəxslər nə əziyyət çəkirlər. Adam səhər işə getmək üçün 1-2 saat vaxt sərf edir, əsəbiləşir, bütün enerjisi yolda tükənir. Yolda əsəbiləşən, tükənən adamın işvermə qabiliyyəti necə olacaq? İnanıram ki, ictimaiyyəti düşünərək məsələnin həlli yolunu axtarırlar. Anlayıram, həll olunması sadə iş deyil. Çünki yollar əvvəlcədən çəkilib, binalar tikilib. Onları yenidən sökmək, nələrsə etmək asan deyil. Lakin nə olur-olsun, bu problemi həll etməliyik”.
araz.az xəbər portalı.