Rusiyada Azərbaycan diasporunun nümayəndəsi “Xudafərin” MMC-nin “qurban”larındandır
“2004-cü ildə “Xudafərin MMC”-nin Bakı şəhəri Atatürk prospekti 3078 a ünvanında tikməyə başladığı binadan nağd qiymətə 155,8 m/kv mənzil almışam. Sonradan mənzilin başqa adamlara da satıldığı məlum oldu. İllərdir məhkəmələrdə gəzirəm, amma hələ də mənzilimə sahib ola bilməmişəm”.
Abil Əliyev
Bunu Bizimyol.info saytına müraciətində Rusiyada yaşayan azərbaycanlı, Saxalin regional Azərbaycan diasporunun rəhbəri Abil Əliyev deyib. Abil Əliyev 2006-cı ildən Saxalində “Dostluq” cəmiyyətinin təsisçisidir.
O bildirir ki, tikinti şirkəti “AMAY Abdulla” kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur. “Mənzili həyat yoldaşım Əliyeva Xuraman Bəkir qızının adına almışam. Müqaviləni həmin vaxt şirkətin rəhbəri olan Anar müəllimlə bağlamışıq. Həmin vaxt bina hələ tikilməyə başlamışdı. Pulu nağd ödəyib binanın tikilməsini gözləyirdim. İllər keçsə də, bina tikilib hazır olmadı. Buna görə, mənzilin başqasına satılmasından xəbərsiz olmuşam. Bir də 2015-ci ildə məni Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə istintaqa çağırdılar. Müstəntiq Nazim Rəşidovla görüşəndə mənə dedi ki, Abdulla Abdullayevə cinayət işi açılıb. Araşdırma zamanı məlum olub ki, mənim mənzilim də başqa şəxslərə satılıb. Bildirdi ki, sənədləri yoxlayıblar, mənim təmiz alıcı oldiğum, digər şəxsə isə qanunsuz satıldığı ortaya çıxıb. Buna görə də məni cinayət işi üzrə zərərtçəkmiş kimi tanıdılar”.
Abil Əliyev deyir ki, Abdulla Abdullayevin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən, onu da zərərçəkmiş qismində məhkəməyə çağırıblar.
“Məhkəmə ərəfəsində mənə şirkətdən zəng etdilər ki, mənzilinizi təmir edə bilərsiniz. Mən də gedin mənzilə qapı qoydum. Sən demə ona görə ediblər ki, mən mənzilin başqasına satıldığını deməyim və məhkəmədə A.Abdullayevin əleyhinə ifadə verməyim. Mən də mənzilə qapı qoyduğuma görə fikirləşdim ki, artıq mənzil özümdədir. Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə ifadə verdim və bildirdim ki, hazırda mənzil özümdədir. ”
Abil Əliyev deyir ki, bundan sonra mənzildə müəyyən işlər gördürüb, kommunikasiya xətləri çəkdirib, suvaq vurdurub. Bir müddət sonra isə ona xəbər çatıb ki, qapını sındırıblar. “Gəlib baxdım ki, həqiqətən qapını sındırıblar, ora yığıdığım tikinti materialları da yoxa çıxıb. Məlum oldu ki, mənzil başqasına da satıldığı üçün həmin şəxs gəlib mənzilin qapısını sındırıb.”
Bundan sonra A.Əliyev Binəqədi rayon məhkəməsinə müraciət edərək, sözügedən mənzilin ona məxsus olunmasının tanıınmasını istəyib. “Müvafiq sənədləri məhkəməyə təqdim etdim, məhkəmə də mənzilin mənə məxsus olması barədə qətnamə çıxardı. Qətnamə qanuni qüvvəyə minəndən sonra məhkəmə icraçılarını çağırdım və onların videoçəkilişli iştirakı ilə mənzil mənə təqdim edildi”.
Bundan bir müddət sonra isə ona məlum olub ki, evin qapısını yenə sındırıblar. “Yenə gəldim evə və mənzilin satıldığı digər şəxs bildirdi ki, mənim bu mənzilə rəsmi çıxarışım (kupça) var. Yenidən Korrupsiya İdarəsinə gedib müstəntiqlə görüşdüm. O bildirdi ki, həmin çıxarış qanunsuz alınıb, ona görə də artıq həmin binadakı mənzillərə çıxarış verilməsinə qadağa qoyulub. Məlum oldu ki, həqiqətən də o yolla həmin binada təxminən 10 mənzilə çıxarış verilib. Ancaq mənə məxsus olan mənzilə artıq çıxarış almışdılar. Məlum oldu ki, Abdulla Abdullayev mənə məxsus olan mənzili 2013-cü ildə girov müqaviləsinə əsasən, həmin şəxsə verib. Onlar isə sonradan müqavilədəki girovla bağlı bəndi dəyişərək guya alqı-satqı olduğunu təqdim etməklə çıxarış almağa nail olublar. Həmçinin Binəqədi rayon məhkəməsi mənzilin onlara məxsus olması barədə də qətnamə çıxarıb. Halbuki eyni qətnamə mənim iddiama əsasən də çıxarılıb”.
Şikayətçi deyir ki, bundan sonra hər iki qərardan tərəflər tərəfindən yuxarı instansiya məhkəmələrinə şikayətlər edilib. “Apellyasiya və Ali Məhkəmə instansilayaları hər dəfə müxtəlif qərarlar çıxararaq “ötür-ötür” oyunu ilə vaxtı uzadırlar. Apellyasiyanın qərarından Ali Məhkəməyə şikayət veririk, ləğv edib, yenidən baxılması üşün göndərir apellyasiya instansiyasına. Bu proses bir neçə dəfə təkrarlanıb. Hətta Ali Məhkəmə sədrinin xüsusi təqdimatı ilə apellyasiyaya qaytarılan işə belə etinasıslıqla baxırlar. Hazırda iş yenə Ali Məhkəmə instansiyasındadır”.
A.Əliyev məhkəmənin ədalətli qərar gözləyir və aidiyaytı şəxsləri, qurumları bu məsələyə müdaxilə etməyə çağırır. Qeyd edək ki, 2015-ci ildə “A.M.A.Y” ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevlə bağlı cinayət işinə baxılarkən ona “Xudafərin” MMC ilə bağlı epizod üzrə də itiham verilmişdi. Mənimsəmə, qanunsuz sahibkarlıq və digər iqisadi cinayətlərdə təqsirli bilinən A.Abdullayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Abdullayev 13 il il müddətinə azadlıqdan məhrum edilib.
2016-cı ildə Ali Məhkəmə Abdulla Abdullayevin 5 il sınaq müddəti tətbiq olunmaqla cəzasının şərti hesab edilməsi və məhkəmə onun azadlığa buraxılması haqqında qərar çıxarıb.
Həmçinin “Xudafərin” MMC-nin vəzifəli şəxsləri Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş mübarizə İdarəsində araşdırılıb. 2018-ci ildə onlara Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Rəşad VAQİFOĞLU
araz.az xəbər portalı.