Eflatun Amasov

Bu gün Azərbaycan Mətbuat Şurasının yaranmasının 16 ili tamam olur. ONA bu münasibətlə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun müsahibəsini təqdim edir.

– Əflatun müəllim, Azərbaycan Mətbuat Şurasının yaranmasının 16 ili tamam olur. 16 il əvvəli necə xatırlayırsınız? Hansı xarakterik xüsusiyyətləri qeyd edə bilərsiniz?

– Əvvəlcə ölkə rəhbərliyinə, şəxsən Prezident İlham Əliyevə Mətbuat Şurasının missiyasına hər zaman həssas yanaşdığına, Şuranın fəaliyyətinə dəstək olduğuna görə dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, dövlət başçısının Mətbuat Şurasının timsalında bütövlükdə mediaya diqqəti, istər Şuranın təşəbbüslərinə dəstəyi, istərsə də söz və ifadə azadlıqları prinsiplərinə verdiyi yüksək dəyər fəaliyyətimiz üçün stimuldur, ali dəyərdir.

Mətbuat Şurasının təşkilatlanmasında və inkişafında rolu olmuş, Şuranın İdarə Heyətində təmsil olunaraq əmək sərf etmiş, bu gün də MŞ-nin işində yaxından iştirak edən hər bir şəxsə təşəkkürümü bildirirəm. Ötən 16 ildə MŞ nə qazanıbsa, onların sayəsində qazanıb.

2003-cü il martın 15-i. Bəli, olduqca gərgin gün idi. Gərginliyi şərtləndirən amillər kifayət qədərdir. O zaman jurnalistika tamam fərqli idi. Daha çox siyasiləşmişdi, qütbləşmişdi. Digər tərəfdən, Mətbuat Şurasının özü həm cəmiyyət, həm də media üçün yenilik sayılırdı. Bir-birinə zidd olan tərəflər ona öz mövqelərindən yanaşırdılar. Hər kəs çalışırdı ki, Mətbuat Şurası onların baxışlarını ifadə etsin. Başqa bir məsələ Azərbaycan jurnalistlərinin qurultayı ilə bağlı idi. Bildiyiniz kimi, müstəqillik illərində jurnalistlərin belə böyük miqyaslı tədbiri keçirilməmişdi. Bütün bunlar öz sözünü deyirdi.

15 mart tarixinə doğru aparan yolun məziyyətlərindən də söz açmaq mümkündür. Qurultaydan əvvəl ali məclisə hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmışdı. Burada da üstünlük qazanmağa çalışan qüvvələr var idi. Yəni gərginlik mahiyyətcə istər qurultay gününü, istərsə də ona hazırlıq dövrünü xarakterizə edən əsas ab-hava idi. Ancaq gərginliklə yanaşı, qurultay sevinci də aydın görünürdü. Jurnalistlər digər peşə sahibləri kimi, özlərinin ali toplantılarının keçirilməsinin qürurunu və fərəhini yaşayırdılar.

Ümumən hesab edirəm ki, 15 mart 2003-cü il müasir media tariximizin çox mühüm səhifəsidir. Söhbət yalnız Mətbuat Şurasının formalaşmasından getmir. Məsələnin önəmi jurnalistikanın təşkilatlanmasındadır. Bu, bir ənənənin başlanğıcı idi. Eyni zamanda qurultayı və Mətbuat Şurasının yaranmasını jurnalistikanın cəmiyyətə verdiyi mesaj kimi də dəyərləndirirəm. Jurnalistika cəmiyyətin problemlərinin aradan qaldırılmasına səfərbər olur, həmçinin öz problem və çətinliklərinin həllinə köklənirdi. 16 il əvvəli xatırlayarkən məhz bu cəhəti xüsusi fərqləndirərdim.

– Bir qədər əvvəl gərginlikdən söz açdınız. Mətbuat Şurası yarandı. Gərginlik sonradan Şuranın fəaliyyətinə nə kimi təsir göstərdi? Ümumən qurum necə fəaliyyət göstərdi?

– Əlbəttə, təsir var idi. İqtidar mediası Şuranı müxalifətin, müxalifət mediası isə iqtidarın mövqeyindən çıxış etməkdə qınayır, hətta günahlandırırdı. Bəlkə də bu cəhətin özü tutulan yolun doğruluğunu göstərirdi. Çünki prinsip etibarilə Mətbuat Şurası mərkəzdə dayanan təşkilat olmalı idi. Qurum mərkəzdə dayanmaqla əslində medianın özünün də mərkəzdə dayanmalı olduğu mesajını verirdi. Nəzərə alaq ki, jurnalistika siyasi konfrontasiyalarda tərəf kimi iştirak etməməlidir.

Növbəti vacib məqam isə Şuranın missiyası ilə bağlıdır. Təşkilat media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləmək üçün meydanda idi. Yəni prinsipcə o, siyasi konfrontasiyalarda ilişib qalmamalı idi və qalmadı da. Əksinə, ziddiyyətlərin aradan qaldırılmasında rol oynadı. Dediyim kimi, ilk növbədə jurnalistikanın təşkilatlanması baş verdi. İkincisi, Şuranın fəaliyyəti media ilə bağlı məhkəmə proseslərinin sayının əsaslı şəkildə azalmasına gətirdi. Bu, cəmiyyətin müxtəlif təbəqələrinin media orqanları ilə əlaqədar şikayətlərinin əsasən MŞ-də cəmləşməsi nəticəsində baş verdi. Üçüncüsü, Mətbuat Şurasının vasitəsilə media öz problem və çətinlikləri, arzu və istəkləri barədə dövləti, müvafiq instansiyaları məlumatlandırmaq tribunası qazandı. Dördüncüsü, Şura faktiki olaraq jurnalist hüquqlarının qorunmasını həyata keçirdi ki, bu isə bilavasitə media-hakimiyyət münasibətlərinin tənzimlənməsi mahiyyəti daşıdı. Beşincisi, Mətbuat Şurası mətbuatımızın keçmişini, tarixini, onu yaşadan şəxsiyyətlərin irsini gündəmə gətirdi, eləcə də mətbuatımızın inkişafında rolu olmuş yaşlı və qocaman həmkarlarımızın əməyinin qiymətləndirilməsinə, onların təcrübəsinin bölüşülməsinə meydan verdi. Daha bir qeyd etmək istədiyim məqam medianın saflaşması ilə bağlıdır. Mətbuat Şurası tam gücü ilə buna çalışdı. Jurnalistikadan sui-istifadələrə qarşı geniş cəbhə açdı, «reket jurnalistika» ilə barışmaz mübarizə apardı. Bir sözlə, kifayət qədər çoxşaxəli fəaliyyət xətti seçdi. Belə bir xəttin seçilməsi isə cəmiyyətin sosial sifarişi idi.

– Sizcə, ötən 16 ili Mətbuat Şurasının və ümumən mediamızın fəaliyyəti baxımından hansı xarakterik xüsusiyyətlərlə əlamətdar oldu?

– Mətbuat cəmiyyətin güzgüsüdür. Mətbuat Şurası da mediamızın güzgüsüdür. Obrazlı desək, bu güzgü imkan verir ki, ona baxıb hansısa hərəkət və davranışın doğru, yaxud yanlışlığını görüb nəticə çıxarasan.

Qeyd etdiyim kimi, Mətbuat Şurasının yaranması sosial sifariş idi. Həqiqətən də Şura dövrün, zamanın tələbindən irəli gələrək formalaşmışdı. Ötən 16 ildə ölkədə, cəmiyyətdə çoxsaylı dəyişikliklər yaşanıb. Elə medianın özü də dəyişib. Düşünürəm ki, jurnalistikamız keçən müddətdə kifayət qədər peşəkarlaşıb, püxtələşib. Bu prosesdə Mətbuat Şurasının da məxsusi rolu olub.

Bu gün mediada siyasiləşmə, demək olar, yoxdur. Az əvvəl qeyd etdim ki, Şura peşə müstəvisindəki sui-istifadələrə qarşı cəbhə açdı. Həm bu, həm də mətbuatdakı siyasiləşmənin aradan qaldırılması bütövlükdə cəmiyyətin mənafelərinin müdafiəsinə yönəlmiş tədbirlər idi. Əlbəttə, mediamız problemlərsiz deyil. Problemlərin obyektiv səbəbləri də kifayət qədərdir. Əgər vaxtilə Şura ənənəvi media müstəvisindəki xoşagəlməz hallarla mübarizə aparırdısa, hazırda ilk baxışdan bir növ idarəolunmaz kimi görünən internet media müstəvisi var. Ümumən müasir informasiya texnologiyalarının sürətli inkişafı jurnalistikanın fəaliyyətinə əsaslı təsir göstərməkdədir. Əgər Şura 16 il öncə yalnız ənənəvi media ilə bağlı şikayətləri araşdırıb qərarlar çıxarırdısa, bu gün biz əsasən internet medianın işindən narazılıqları nəzərdən keçiririk.

Ötən 16 ildə Mətbuat Şurasının ən böyük qazancı cəmiyyətin etimad və inamı olub. Əlbəttə, burada dövlətin də yanaşması önəmlidir. Hesab edirəm ki, Azərbaycan dövləti məhz bu etimad və inamı əsas götürərək Şura ilə əməkdaşlıq edir, quruma dəstəyini göstərir. Çünki cəmiyyətin istək və arzuları, həmçinin tələbləri dövlət üçün də prioritetdir. Dövlət ölkədə söz və ifadə azadlığının qorunmasında maraqlıdır. Eyni zamanda bu azadlıqların qorunması və institusional inkişafı baxımından tədbirlərin gerçəkləşdirilməsini özünün vəzifəsi kimi müəyyənləşdirir. İdarəçilikdə media amilinə müstəsna dəyər verir. Dövlətlə Şura arasındakı əməkdaşlığı şərtləndirən cəhətlər məhz bunlardır.

Şuranın missiyasına inamın nəticəsidir ki, qurum çoxsaylı dövlət proqramlarının və tədbirlər planlarının icrasına cəlb olunur. MŞ eyni zamanda media ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürür, bu istiqamətdəki proseslərə dəstəyini göstərir. Qurumun adı dövlət başçısının fərman və sərəncamlarında keçir.

– Mətbuat Şurasının fəaliyyətinin 16 ili hansı perspektivi vəd edir. Bu vaxtadək qazanılmış potensial gələcək fəaliyyət üçün nələrin həyata keçirilməsini aktuallaşdırmaqdadır?

– Planlarımız çoxdur. Artıq qeyd etdim ki, informasiya texnologiyalarının sürətli inkişafı qarşımızda yeni üfüqlər açıb. Yeni dövrün tələbləri ilə ayaqlaşmaq şərtdir. Mətbuat Şurası hər zaman çalışıb ki, media məkanımızda məsuliyyət mühiti dərinləşsin, peşəkarlıq artsın. Bu, həm cəmiyyətin istək və arzularından irəli gələn tələbdir, həm də mediamızın özünütəsdiq formuludur, hər zaman ayaqda olduğunun nümayişidir. Əlbəttə, daha çox işləmək lazımdır.

Bildiyiniz kimi, Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır. Ötən müddətdə ictimai qınaq nəticəsində bir çox uğurlar qazanmışıq. Amma bu yetərlidirmi? Bütövlükdə media ictimaiyyətinin, həqiqi jurnalistlərin mövqeyi bundan ibarətdir ki, media məkanımızda məsuliyyət məsələsinə daha sistemli yanaşılmalıdır. Mətbuat Şurası haqqında ayrıca qanunun olması ilə bağlı müzakirələr də məhz bu sistemliliyin təminatı zəruriliyinin vurğulanmasıdır. Düşünürəm ki, Şuranın ötən müddətdə əldə etdiyi təcrübə və potensial onun fəaliyyətinin qanunla tənzimləməsi üçün mühüm baza rolunu oynaya bilər.

Amma onu da nəzərə alaq ki, təşkilati-hüquqi forma baxımından hansı statusu qazanmasından asılı olmayaraq Mətbuat Şurasının gələcəkdə də əməksevər jurnalistlərin bir araya gələrək formalaşdırdıqları, işini müəyyənləşdirdikləri təşkilat kimi qalması şərtdir. Qurumun perspektivini başqa cür təsəvvür etmək mümkünsüzdür. Çünki hazırkı model ənənədir, bundan imtina etmək olmaz.

Əlbəttə, Şuranın fəaliyyətinin qanunla tənzimlənməsi özlüyündə tamamilə yeni işlək mexanizmlərin tətbiqini aktuallaşdıracaq, təşkilata yeni imkanlar qazandıracaqdır. Əsas olan mövcud və qazanılacaq imkanları həm medianın, həm də cəmiyyətin maraq və mənafeləri baxımından düzgün uzlaşdıraraq fəaliyyət göstərmək, quruma bəslənilən inamı və etimadı doğrultmaq üçün əzmlə çalışmaqdır.

araz.az xəbər portalı.