Bu ilin 1 sentyabrında ölkəmizdə keçirilən növbədənkənar parlament seçkiləri zamanı ayrı-ayrı namizədlərin birbirinə qarşı ortaya qoyduqları kompramatlar, bəzi seçki dairələrində baş verən qarşıdurmalar, müəyyən qanun pozuntuları və s. bu gün də bəzi çevrələrdə ciddi şəkildə müzakirə olunmaqdadır. Belə dairələrdən biri də, 104 saylı Gədəbəy Dairə Seçki Komissiyası olmuşdur ki, bu seçki dairəsində baş verənlər bu gün də geniş ictimaiyyətin diqqətini cəlb etməkdədir.
Qeyd edək ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54-cü və 146-cı maddələrinin tələblərinə uyğun olaraq, 1 sentyabr 2024-cü il tarixdə Milli Məclisə keçirilən növbədənkənar parlament seçkiləri ərəfəsində Müasir Müsavat Partiyasının Gədəbəy rayon təşkilatının sədri Hüseynov Fəqani Faiq oğlunun namizədliyi 104 saylı Gədəbəy Dairə Seçki Komissiyasından irəli sürülür. Hətta, bununla bağlı partiyanın Siyasi Şurasının 10 iyul 2024-cü il tarixdə keçirilən iclasında qərar da qəbul olunur.
Siyasi Şuranın iclasında ayrı-ayrı seçki dairələri üzrə partiya tərəfindən 10 nəfər şəxsin namizədliyi irəli sürülür ki, həmin siyahıda Fəqani Hüseynovun adı 2-ci sırada yer alır. Az sonra partiya tərəfindən göndərilən lazımi sənədləri, o cümlədən 16 iyul 2024-cü il tarixdə Müasir Müsavat Partiyasının sədri cənab Hafiz Hacıyevin imzası ilə təsdiq olunmuş arayışı da, Fəqani Hüseynov Gədəbəy DSK-na təqdim edir.
Təqdim olunan sənədləri DSK-nın baş məsləhətçisi Mirdamət Nuriyev qəbul etdikdən sonra, ona məktub da verirlər və Fəqani Hüseynov, həmin məktub əsasında “Beynəlxalq Bank”da öz adına hesab nöməsi açdırır. Fəqani Hüseynov lazımi sənədləri Seçki Məcəlləsinin tələblərinə uyğun DSK-na vaxtında təqdim etsə də, eyni zamanda bankda öz adına hesab nömrəsi açsa da, bu şəxsə aid sənədlər DSK-nın sədri Xaliq Xudaverdiyevin tapşırığı ilə gizlədilir və bu dairədən Mərkəzi Seçki Komissiyasına yalan məlumatlar verilir. Yəni, guya ki, Fəqani Hüseynov küçədən keçən bir şəxsdir və bu şəxs namizədliyini öz təşəbbüsü əsasında irəli sürmüşdür. Halbuki bu şəxsin namizədliyinin irəli sürülməsi ilə bağlı qərar Müasir Müsavat Partiyasının Siyasi Şurasının iclasında qəbul olunur və həmin iclasın protokolu DSK-na da təqdim olunur. DSK-nın sədri Xaliq Xudaverdiyevin belə bir fırıldaq əməllərindən xəbərdar olan Fəqani Hüseynov, çox keçmir ki, MSK-na yazılı şikayətini göndərir. 10 avqust 2024-cü il tarixdə MSK-nın katibi Arifə Muxtarovanın imzası ilə təsdiq olunmuş cavab məktubu (№3-11/2-H-17-B/2024) Fəqani Hüseynovun yaşadığı ünvana göndərilir. Həmin məktubda cavab verilir ki, Fəqani Hüseynovun namizədliyi Müasir Müsavat Partiyası tərəfindən deyil, məhz bu şəxsin özünün öz təşəbbüsü əsasında irəli sürülmüşdür.
Bundan əlavə, cavab məktubunda o da qeyd olunur ki, Fəqani Hüseynov DSK tərəfindən akt əsasında ona verilmiş imza vərəqələrini və digər seçki sənədlərini dairəyə təqdim etməmişdir. Bu da onu göstərir ki, Xaliq Xudaverdiyev bu cür addımı ilə MSK-nı əməlli-başlıca aldatmağı bacarır. MSK-nın Fəqani Hüseynova belə bir cavab məktubu göndərməsinə isə əsas səbəb o olur ki, 104 saylı Gədəbəy DSK-dan adı çəkilən bu quruma yalan məlumatlar çatdırılır. Əslində, Xaliq Xudaverdiyev atdığı addımları ilə təkcə Məzahir Pənahovun rəhbərlik etdiyi MSK-nı deyil, həm də dövlətimizi aldatmış olur. Bundan əlavə, Xaliq Xudaverdiyev bu cür addımı ilə Müasir Müsavat Partiyasının sədri cənab Hafiz Hacıyevin imzasına və partiyanın Siyasi Şurasının qəbul etdiyi qərara da hörmətsizlik etmiş olur.
Diqqəti cəlb edən hal o olur ki, partiyanın sədri Hafiz Hacıyev bu məsələ ilə bağlı Baş Prokurorluğa və MSK-na müraciət etdikdən sonra, Xaliq Xudaverdiyev “itbata” saldığı sənədləri dərhal tapıb üzə çıxarır və özünün günahsız olduğunu sübut etməyə çalışır.
Fəqani Hüseynovun iddiasına görə, DSK sədrinin bu cür addımlarını atmasına əsas səbəb, onun millət vəkilliyinə namizədliyi irəli sürülmüş Sevinc xanımdan 50 min manat rüşvət alması olur. Fəqani Hüseynovun başqa bir iddiasına görə, uzun illərdən bəri 104 saylı Gədəbəy DSK-na sədrlik edən Xaliq Xudaverdiyev, bu cür maxinasiyalara qol qoymaqla hal-hazırda Gədəbəydə ən imkanlı şəxslərdən biri hesab olunur və onun idarə etdiyi avtomobilin qiyməti təqribən 80 min manat dəyərindədir. Bəli, bütün bunlar onu ehtimal etməyə əsas verir ki, Xaliq Xudaverdiyev seçki maxinasiyalarına ustalıqla qol qoymağı bacaran vəzifə sahibidir. Əslində bu şəxsin Fəqani Hüseynovun namizədliyinin qeydə alınması ilə bağlı DSK-na təqdim etdiyi sənədlərin gizlədilməsində, MSK-na yalan məlumatların çatdırılmasında əsas məqsədi, məhz şəxsi maraqlarının həllinə nail olmaq olur. Bu da onu göstərir ki, Xaliq Xudaverdiyev üçün Seçki Məcəlləsinə aid tələblərin, Müasir Müsavat Partiyasının Siyasi şurasının qəbul etdiyi qərarın və qanunvericiliyin digər tələblərinin heç bir əhəmiyyəti yoxdur.
Hörmətli oxucular! araz.az-ın yayımladığı bu məqalədə qeyd edilənlər Gədəbəy şəhəri, Şəhriyar küçəsi, ev-8 ünvanında yaşayan Hüseynov Fəqani Faiq oğlunun gundemxeber.az xəbər portalının redaksiyasına çatdırdığı məlumatlardır. Onu da qeyd edək ki, adıçəkilən media vasitəsi yazıda adı keçən hər kəsin mövqeyini dinləməyə hazır olduğunu bildirib.
araz.az xəbər portalı.
AKTUAL
Türkiyədə yeni konstitusiya qəbul ediləcək?– Ərdoğan AÇIQLADI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib. araz.az-ın məlumatına görə, …