Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı nümayəndəliyi arasında imzalanan sazişə əsasən, TSİ-nin Türkiyədən dəvət olunmuş nümayəndəsi Arif Qani tərəfindən Akademiyanın inzibati heyəti üçün təlimlər keçirilib. TSİ-nin Baş katibinin müşaviri, TSEN ISO 9001 – Keyfiyyətin İdarəolunması Sistemi üzrə baş auditor Arif Qani təlimlər, Akademiya və Azərbaycanla bağlı fikirlərini bölüşüb.
-Arif bəy, Azərbaycan ali təhsil müəssisələri içərisində ilk olaraq Dövlət Gömrük Komitəsinin Akademiyasında təlim verdiniz?
Bəli, Azərbaycan ali təhsil müəssisələri içərisində ilk olaraq Dövlət Gömrük Komitəsinin Akademiyasında təlim keçdim. Bundan öncə, 2015-ci ildə Azərbaycanda olmuşdum, amma o zaman başqa bir sahə üzrə tədqiqat üçün gəlmişdim. İlk ali təhsil ocağı olaraq bura gəldim və çox şad oldum.
-TSİ-nin Baş katibinin müşaviri, baş auditor vəzifələrində işləyirsiniz və təlimlər keçirsiniz. Bir qədər bizə öz işinizdən danışın…
Mən Türk Standartları İnstitutunda 1985-ci ildən çalışıram. Öncə mühasib, sonra maliyyə sahəsində, bir müddətdən sonra isə, İstanbulda maliyyə və inzibati işlərdə çalışdım. Üç il TSİ-nin İstanbuldakı Keyfiyyətin təminatı şöbəsinə rəhbərlik etdim. Orada maliyyə bölməsinin müdiri, sonra nəzarət şöbəsinin rəhbəri oldum. Dolayısı ilə, bu müddətdə keyfiyyətin təminatı sistemi üzrə təhsil aldım, tədqiqatlar apardım. Daha sonra imtahandan keçərək baş tədqiqatçı oldum. Yəni, 1985-ci ildən bu yana bu sahədə böyük təcrübə qazandım. Həmçinin xaricdə təcrübə əldə etdim. TSİ olaraq Türkiyənin hər tərəfində bu sahədə təlimlər veririk. Həmçinin ölkə xaricində təlimlər keçirik. Bir həftə ərzində Dövlət Gömrük Komitəsinin Akademiyasında təlimlər keçdim.
-Akademiyadakı təlimləriniz, buradakı auditoriya haqqında nə deyə bilərsiniz?
Biz müəllimlər tədris zamanı təhsil alanların həm davamiyyətinə, həm də qabiliyyətlərinə baxırıq. Burada həm davamiyyət, həm də iştirakçıların performansı çox yaxşı idi. Eyni zamanda, təlimlərin mahiyyəti üzrə auditoriyadan çoxlu maraqlı suallar gəlirdi və bu, məni çox sevindirdi. Çünki sualların olması burada çalışanların keyfiyyət məsələsi ilə maraqlandıqlarını bildirir, onların baxışlarının göstəricisidir. Mən beş günlük təlimi çox yüksək dəyərləndirirəm. Burada mən böyük maraq gördüm və bundan çox şad oldum.
-Bir ali təhsil müəssisəsi üçün keyfiyyətin təminatı məsələsi nə qədər önəmlidir?
Keyfiyyətin təminatı sistemi bir etibardır, səviyyədir, ölkədaxili və beynəlxalq bir kimlikdir. Bu, sizin fəaliyyətinizi ölkədaxili və beynəlxalq kimlik olaraq göstərir. Bu baxımdan çox vacibdir, ona görə də, sistemli olaraq bu işlər görülməlidir. Yəni, bir ali təhsil müəssisəsi üçün çox önəmlidir.
-Dövlət Gömrük Komitəsinin Akademiyasının fəaliyyətini keyfiyyətin təminatı baxımından nəzərdən keçirdinizmi? Hansı fikirləriniz var?
Öncə deyim ki, burada bir səmimiyyət hiss etdim. Rəsmi tərəfdən, hər kəsin qaydalara və qanunlara riayət etməsi nəzərimi cəlb etdi. Bu, çox önəmlidir. Bu Akademiyada çalışan insanların öz vəzifələrinin məsuliyyətini bildiklərini gördüm. Belə insanlarla ünsiyyətdə olmaq xoş oldu. Burada kollektivi, əməkdaşları səmimi, ciddi, məqsədyönlü gördüm, bunu hiss etdim. Belə olan yerdə Keyfiyyətin təminatı sisteminin tətbiqi uğurlu olur.
-Siz burada olduğunuz müddətdə Xocalı faciəsi ilə bağlı tədbirə qatıldınız. Akademiya tələbələrini gördünüz, çıxışlarını izlədiniz. Tələbələr barədə də fikirləriniz maraqlı olardı…
Xocalı qətliamı bizim də faciəmizdir. Xocalıda qətlə yetirilənlər bizim də şəhidlərimizdir. Tədbirə qatıldığım üçün Akademiya rəhbərliyinə minnətdaram. Tələbələrin çıxışlarını çox bəyəndim. Tələbə-gənclərin bu faciəni teatr səhnələri ilə təqdim etmələri, onu hiss etmələri məni kövrəltdi. Belə vətənpərvər gənclərlə ünsiyyət xoş təəssürat bağışladı. Tələbələrlə söhbətləşdim, onların biliyə, elmə marağını hiss etdim.
-Ölkəmiz haqqında təəssüratlarınızı soruşmaq istərdik…
Mən 15 il bundan öncə Naxçıvanda olmuşdum, keçən il də oldum. Davamlı olaraq inkişaf edən, davamlı güclənən bir Azərbaycan var. Mən Azərbaycanda bunu görürəm.
Dövlət başçısı bunun üçün çox zəhmət sərf edir. Ölkə beynəlxalq miqyasda fəaliyyət göstərəcək gəncliyi yetişdirir.
Çox sağ olun. Səmimi söhbətə görə təşəkkür edirik.
araz.az xəbər portalı.