“Azərbaycanda məktəb direktorlarının yerdəyişməsi müəyyən qanunvericilik çərçivəsində, eləcə də Elm və Təhsil Nazirliyinin idarəetmə qaydalarına uyğun həyata keçirilir. İdarəetmə məsələləri, iş şəraiti, digər ehtiyaclar və fərdi karyera inkişafı bu qərarlarda əhəmiyyətli rol oynayır. Direktorların iş yerdəyişməsi və ya digər məktəbə təyin olunması Elm və Təhsil Nazirliyinin kadr siyasətinə uyğun həyata keçirilir.

Bu siyasət təhsil sahəsində liderlərin daha çox məktəbdə çalışaraq təcrübələrini yaymaq və idarəetmə keyfiyyətlərini artırmaq məqsədi də daşıyır. Müəyyən müddətdən sonra məktəb rəhbərlərinin işyeri dəyişikliyi nəzərdən keçirilə bilər.

Bəzi hallarda direktorluq vəzifəsinə keçid zamanı müsabiqələr və ya dəyərləndirmələr aparılır, vəzifədə müəyyən nailiyyətlər əldə etmiş direktorlar daha çətin və strateji məktəblərə təyin edilə bilər”.

Ekspert bu halda: “Şagird və valideynlərin tələbləri nəzərə alına bilmərmi?” — sualını da cavablandırıb:

“Şagird və valideynlərin direktordan razı olması, onun vəzifədə qalmasını arzulaması önəmli sosial faktor kimi nəzərə alına bilər, lakin bu, qərarın dəyişməsinə səbəb olmur. Nazirlik hər iki tərəfin mənafeyini təmin etməyə çalışır, amma yerdəyişmənin təhsil siyasəti və məktəblərin inkişafı baxımından zəruriliyi üstün gəlir.

Bəzi hallarda yerdəyişmə direktorun uğurlu idarəçilik təcrübəsindən başqa məktəblərin də faydalanması məqsədilə edilir.

Direktorların məktəbdə qalması haqqında qərar yerdəyişmənin səbəblərinə bağlıdır. Əgər yerdəyişmə təhsil siyasəti çərçivəsində məcburi şəkildə həyata keçirilirsə, valideyn və şagirdlərin müraciətləri nəzərə alınsa da, qərarın dəyişdirilməsi çətin ola bilər.

Bununla belə, müəyyən hallarda nazirlik sosial təzyiqləri, xüsusən də məktəbdəki təhsil mühitini pozmamaq üçün belə müraciətləri qiymətləndirə bilər.

Dünya təcrübəsində də direktorların yerdəyişməsi təhsilin keyfiyyətini artırmaq üçün həyata keçirilir. Məsələn, ABŞ və Avropada təcrübəli direktorlar uğursuz məktəblərə təyin edilir və bu cür təcrübələr müsbət nəticələr verir. Şagirdlərin və valideynlərin tələbləri isə yalnız sosial dinamikaya əsaslanaraq nəzərə alınır, lakin qərar kadr siyasəti və təhsil strategiyalarına uyğun verilir”.

Şəbnəm ZAHİR.

 

araz.az xəbər portalı.