Hazırda ən böyük tıxac Bakı — Sumqayıt yolunun Xırdalan dairəsi — “20 Yanvar” metrosu hissəsində olur. Bu yolda günün istənilən saatında tıxac var. Buna görə də, Bakı və Sumqayıt arasında alternativ yol mütləq çəkilməlidir.

araz.az xəbər verir ki, bunu Bakupost.az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. Bildirib ki, 2027-ci ilin sonunadək Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında öz əksini tapıb. Məlumatlar olsa da, layihə hələ ki ictimai müzakirəyə çıxarılmayıb:

“Bakı — Sumqayıt yolunda tıxac dözülməz olduğundan, bu istiqamətdə nəinki bir, hətta bir neçə alternativ yolun yaradılmasına ehtiyac var. Bu, Bakı — Sumqayıt yolunda nəqliyyat yükünün azalmasına səbəb olar. Vaxtılə Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində Xarici Dairəvi Yolu ilə birləşən 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması müzakirə olunmuşdu. Bu paytaxta alternativ girişi təmin edəcək bir yol olacaqdı. Amma nədənsə hələ ki bu layihədən bir xəbər yoxdur”.

araz.az xəbər portalı.