Rusiyanın “Rosatom” şirkəti Özbəkistanla imzaladığı müqavilə əsasında bu ölkədə aşağı güclü atom elektrik stansiyası inşa edəcək. Bu müqavilə Rusiya Prezidenti Vladimir Putinin Özbəkistana son səfəri zamanı imzalanıb.

araz.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir. Məqalədə qeyd olunur ki, stansiyanın tikintisini Özbəkistan maliyyələşdirəcək:

“Rosatom”un rəhbəri Aleksey Lixaçov tikintiyə vaxt itirmədən başlayacaqlarını bildirib. Rusiya şirkətinin Özbəkistanda tikintini sürətləndirməsinin səbəbi aydındır. “Rosatom” bu tikintini yekunlaşdırıb Daşkəndlə növbəti müqaviləni imzalamaq istəyir. Özbəkistanın 2050-ci il üçüb enerji tələbatı indikindən iki dəfə artacaq. Atom elektrik stansiyasının ilk reaktoru 2029-cu ildə işə başlayacaq. Başqa dövlətlərin müvafiq şirkətlərinin də Özbəkistanda atom elektrik stansiyası inşa etməyə marağı var.

“Rosatom” Özbəkistanla yanaşı, Qazaxıstanda da atom elektrik stansiyası inşa etmək istəyir. Qazaxıstan dünyanın ən iri uran istehsalçısıdır. 2020-ci ildə ölkə həmin radioaktiv metaldan 19.8 min ton hasil edib ki, bu da qlobal ehtiyatların 41 faizinə yaxınını təşkil edir. Odur ki, Rusiya Qazaxıstanda bazarında da böyük paya malik olmaq istəyir. Qazaxıstan hökuməti atom elektrik stansiyasının elektrik enerjisi çatışmazlığının 20 faizə qədərini ödəyə biləcəyi qənaətindədir. Putin atom elektrik stansiyasının tikintisi barədə qazax həmkarı Kasım-Jomart Tokayevlə 2019-cü ildə müzakirə aparıb. Şifahi razılıq var, stansiyanın tikiləcəyi məkan da razılaşdırılıb, bura Almatı yaxınlığındakı Ülkən qəsəbəsi olmalıdır.

Qazaxıstan prezidenti ölkədə atom elektrik stansiyasının tikintisi qərarını təkbaşına vermək istəmir. Bu məsuliyyətli qərardır. Ona görə də Tokayev Qazaxıstanda atom elektrik stansiyalarının tikintisi ilə bağlı məsələni ümumxalq referendumuna çıxarıb. Referendum bu ilin 6 oktyabrında keçiriləcək. Seçki məntəqəsinə gələnlərin 50 faizdən bir qədər artığının müsbət qərarına ehtiyac var. Referendumun nəticələrinin müsbət olacağını proqnozlaşdırmaq olar. Qazaxıstanda atom elektrik stansiyasının tikintisinə Fransa, Çin, Cənubi Koreya şirkətləri də maraq göstərir, ancaq tikintinin “Rosatom” şirkətinə həvalə ediləcəyi ehtimalı yüksəkdir.

Beləliklə, Rusiyanın “Rosatom” şirkəti Türkiyədə atom elektrik stansiyasının tikintisini davam etdirməklə yanaşı digər iki türk ölkəsində – Özbəkistan və Qazaxıstanda da atom elektrik stansiyası inşa edəcək”.

Mərkəzin ekspertləri hesab edirlər ki, “Rosatom” eyni təklifi rəsmi Bakıya da edə bilər:

“Azərbaycan hələlik alternativ enerji istehsalına üstünlük verir və bu istiqamətdə layihələr reallaşdırır. Bununla yanaşı, əsas hədəflərdən biri də Azərbaycandan Avropaya enerji ixracının artırılmasıdır. “Rosatom” şirkətinin rəhbərləri müxtəlif illərdə Azərbaycan rəsmiləri ilə görüşüblər. Bu görüşlərdə əsasən Azərbaycanda nüvə elmlərinin, bu sahədə maddi-texniki bazaların yaxşılaşdırılması və yüksək ixtisaslı kadr potensialının artırılması mövzuları müzakirə olunub. Bəllidir ki, bir gün Azərbaycan atom elektrik stansiyasının inşasına maraq göstərərsə, Türkiyə, Özbəkistan və Qazaxıstanda olduğu kimi əsas iddialı şirkət “Rosatom” olacaq”.

 

araz.az xəbər portalı.