Son zamanlar Ermənistanda revanşist qüvvələrin baş qaldırması, separatçı rejimin tör-töküntülərinin fəallaşması sübut edir ki, Ermənistan öz ənənəvi ampluasından – başqalarının aləti olmaqdan hələ də çıxmayıb və ya çıxmaq istəmir.
araz.az xəbər portalı bildirir ki, bunu “Report”a açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli deyib.
O qeyd edib ki, Ermənistanın 44 günlük müharibədən nəticə çıxarmamasını bəlkə də başa düşmək olar, çünki son 200 ildə arxalandığı qüvvələr onu çox şeyə inandırıb və çox şey qazandırmışdı: “Hətta tarixdə ilk dəfə olaraq ermənilərə dövlət yaratmaq imkanı verilmişdi. Dünya erməniliyi artıq “böyük Ermənistan” mifinə doğru xeyli “irəliləmişdi” və bu mifin reallaşacağına özünün bir neçə nəslini inandırmışdı. Amma qəfil zərbə nəticəsində 200 illik “strategiya” darmadağın oldu. Amma Ermənistanın Azərbaycanın uğurla apardığı bir günlük antiterror əməliyyatından nəticə çıxarmaması artıq normal deyil. Bu erməni xəstəliyinin metastaz verdiyini, sağalma ehtimalının sıfıra bərabər olduğunu sübut edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 23 sentyabrda Milli Məclisdəki tarixi çıxışında diqqəti bir daha bu məsələyə çəkdi: “Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər”.
Ə. Ələkbərli bildirib ki, bu, Prezident İlham Əliyevin qarşı tərəfə və onun havadarlarına növbəti xəbərdarlığıdır: “Əslində, təkcə elə Minsk qrupunun ləğvinə razı olmamağı Ermənistanın hələ də “Dağlıq Qarabağ məsələsi”nin həll edilmədiyi, hələ də açıq qaldığı düşüncəsində olduğunun əyani sübutudur. Bu, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə açıq-aşkar təhdiddir. Üstəlik, Ermənistan tərəfi bu təhdidi davam etdirə-etdirə öz cinayətkar ünsürlərini yenidən Azərbaycanda məskunlaşdırmaq tələbləri ilə çıxış edir. Anlamaq istəmir ki, bu gün Azərbaycanda təkcə elə sonuncu Qarabağ münaqişəsinin ilk mərhələsində – 1987-1991-ci illərdə Ermənistandan qovulmuş yüz minlərlə insan yaşayır və onların Ermənistandakı öz doğma evlərinə qayıtmaq kimi təməl hüquqları və tələbləri var. Son 100 ildə Ermənistandan qovduqları azərbaycanlıların və onların övladlarının sayı isə bu gün Azərbaycanda milyonlarladır. Və onların hamısı Qərbi Azərbaycan İcmasında təşkilatlanıblar və Ermənistandakı doğma yurdlarına qayıtmaqda israrlıdırlar. Görəsən, Ermənistanda siyasətlə məşğul olanlar, erməni diasporu və onların havadarları bunun nə demək olduğunu anlayırlarmı? Normalda anlamalıdırlar. Əgər anlamırlarsa, demək, anlamaq hisslərini tamam itiriblər. Bu, artıq onların milli problemidir”.
araz.az xəbər portalı.