Alqis Hesenoglu2006201801

Keçmiş deputat, jurnalist Alqış Həsənoğlunun ONA-ya müsahibəsi

– Siz həm də keçmiş qəzetçisiniz. Çap mediasıyla, onun gələcəyi ilə bağlı nə düşünürsünüz? Fakt budur ki, onlayn media onu arxa plana keçirib. Sirr deyilsə, axırıncı dəfə köşkdən nə vaxt qəzet almısınız?

– Xüsusi qeyd edim ki, sosial media mənim köhnə qəzetçilik vərdişlərimi unutdura bilməyib. Mən demək olar ki, hər gün qəzet alıram. Və oxuyuram.

– Hansı qəzetləri alırsınız?

– “Yeni Müsavat”, “525-ci qəzet”, rəsmi qəzetləri, “Komsomolskaya pravda”, “Arqumenti i faktı” kimi qəzetləri bir qayda olaraq alıb oxuyuram. Və mənim çap mediasına sevgimin çox ciddi əsası var. Ola bilər ki, mənimlə razılaşmayasınız. Ancaq birmənalı o fikirdə, o qənatdəyəm ki, onlayn media ictimai əyləncədir. Onlayn media hadisəni ictimai fikrə, mili şüur faktına çevirmək iqtidarında deyil. Sadəcə olaraq, onlayn media ictimai fikir üçün xammal istehsal etməklə kifayətlənir. Nəzər alaq ki, ictimai fikir konkretləşmiş və bir qədər sistemləşdirilmiş düşüncə tərzidir. Onlayn media, sosial media düşüncə tərzi formalaşdıra bilmir. Düşüncə tərzini yazılı mətbuat yarada bilər və yaradır. Ona görə də mən yazılı mətbuatın qorunub saxlanılmasının qatı tərəfdarlarından biriyəm və yazılı mətbuatın gələcəyi ilə bağlı o qədər də bədbin deyiləm. İnanıram ki, yaxın bir-iki il ərzində yazılı mətbuata diqqət artacaq, qəzetlərə dönüş baş verəcək.

– Hazırkı reallıq isə tamam fərqlidir…

– Gəlin unutmayaq ki, qəzet, kitab yüksək kalorili və elitar qida növü hesab olunur. Bu gün qəzetlərə qarşı laqeydliyin səbəbləri müxtəlifdir. Yəqin ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərini xatırlayırsınız. Qəzetlər oxunurdu. Səhər- səhər qəzet köşklərinin önündə uzun növbələr olardı. Guya o vaxt qəzetlər indikindən maraqlı və peşəkar idi? Yox. Sadəcə, o illərdə sovetlər dövründə yaranmış və 90-cı illərin ortalarına qədər hələ ki, mövcudluğunu qoruyub saxlaya bilən köhnə elita vardı. Və qəzeti, həm də kitabı   həmin o sovetdən qalma təbəqə oxuyurdu. Zaman dəyişdi və tədricən sovetdən qalan o təbəqə obyektiv səbəblərdən sıradan çıxdı. Hazırda Azərbaycan cəmiyyətinin sosial baxımdan strukturlaşması prosesi gedir. Orta təbəqə kimdir, elitar təbəqə kimlərdən ibarətdir? Bu sualların cavabı hələ dəqiqləşməyib. Cəmiyyətin sosial məzmunu durulaşandan sonra qəzetə, kitaba maraq bir xeyli artacaq. Hər halda mən belə düşünürəm.

– Yeri gəlmişkən kitab oxumağa vaxt tapırsınız?

– Çalışıram gündə bir-iki saat mütaliə edim. Hazırda İpək Çalışarın Lətifə xanım haqqında kitabını oxuyuram. Bir qədər əvvəl dəyərli millət vəkilimiz Elmira Axundovanın Heydər Əliyev haqqındakı altı cildliyini həvəslə oxudum. Qeyd edim ki, Elmira xanım böyük və qeyri-adi əmək sərf edib. Sanballı iş görüb. Amma əsər ayrı-ayrı adamların xatirələri üzərində qurulduğundan bəzi ciddi qüsurlarla rastlaşdım. Bəzi müsahiblər özlərinin Heydər Əliyevə hədsiz yaxınlığını sübut etmək üçün heç də lazım olmayan və uydurma  mövzulardan danışıblar. Düşünürəm ki, altı cildliyin gələcək nəşrlərində, xüsusilə də xarici dillərə tərcüməsində həmin qüsurlar mütləq redaktə olunmalıdır.

– Söhbət hansı qüsurlardan gedir?

– Mən o detalları ictimailəşdirmək istəməzdim.

– Alqış bəy, sosial şəbəkədə varsınız, həm də kifayət qədər aktivsiniz…

– Bəli.

– Amma bəzən deyirlər ki, normal adamın sosial şəbəkədə nə işi var, sosial şəbəkələrdə olanlar hamısı avaralardır…

– Doğrusu, belə fikirlərə mənim xüsusi həssaslığım yoxdur. Əslində, hər pis fikirdə bir müsbət çalar gizlənir. Ən böyük yalanda bir həqiqət payı olmamış deyil. Özünü normal hesab edən adamların sosial şəbəkələrdən məsafədə dayanmasına müəyyən bəraət qazandırmaq mümkündür. Nə üçün? İş ondadır ki, sosial şəbəkələrin həyatımıza daxil olması yeni şərait yaradıb. O normativlər ki, biz dünənə kimi onlarla yaşamışıq, düşünmüşük, qərar qəbul etmişik, idarə etmişik, artıq əhəmiyyətini itirib. Adət etdiyimiz həyat tərzi sosial şəbəkələrin gəlişi ilə yeniləşmək məcburiyyətindədir. Təbii ki, bu proses o qədər də rahat getmir. Nəzər alaq ki, uzun illərdir, istinad etdiyimiz  vərdişlərdən birdən-birə imtina etmək o qədər də asan deyil. Bir məsəldə deyildiyi kimi, adəti tərk etmək ağır işdir. Hətta xəstələndirə bilir…

– Bəzən radikal çağırışlar səslənir ki, sosial şəbəkələri qadağan etmək, bağlamaq lazımdır və s..

– Xalq şairi Vaqif Səmədoğlu “facebook”u müasir çayxanayla müqayisə edirdi. Adını unutduğum məşhurlardan biri “facebook”u internetin zibilxanasına oxşadıb. Tutaq ki, lap belədir – çayxanadır, zibilxanadır və s. Amma sosial şəbəkələri qapamaq bilirsiniz nəyə bənzəyir? Bir anlığa düşünün, Bakı Şəhər İcra Hakimiyyəti qərar qəbul edir ki, çayxanalar bağlansın. Və ya bələdiyyə şəhərin görkəminə xələl gətirdiyi üçün zibil qutularını yığışdırır. Təsəvvür edin ki, belə olsa, şəhər təsərrüfatı, paytaxtın həyatı nə günə düşər. Ona görə də sosial şəbəkələrin əleyhinə çıxışlar sosial şəbəkələrdə Azərbaycanın əleyhinə səslənən fikirlərdən mahiyyətcə heç nə ilə fərqlənmir. Mən sosial şəbəkələrlə uğraşmanın tərəfdarı deyiləm.

– Bəs nə təklif edirsiniz?

– Sosial şəbəkələrdə fəaliyyəti genişləndirmək lazımdır. Sosial şəbəkələri şəxsi və ölkə təsərrüfatının bir hissəsinə çevirməliyik. İdarəçilikdə sosial şəbəkələrdən mühüm amil kimi istifadə olunmalıdır.

– Nə müşahidə edirsiniz? Sosial şəbəkələrin hansı müsbət və mənfi cəhətlər var?

– Əslində, elə sosial şəbəkələrin mövcudluğu özü bütövlükdə müsbət hadisədir.

Sadəcə, sosial şəbəkələr cəmiyyətimizdəki neqativləri amansızlıqla incələyir, bütün xırdalıqları üzə çıxarır. Və hərdən bizə elə gəlir ki, hər şeyin baiskarı sosial şəbəkədir.

Mən iki mühüm cəhət üzərində dayanmaq istərdim. Son vaxtlar adamlarda yaxşı nə var, pisləmək, müqəddəs nə var, murdarlamaq istəyi yaranıb. Bir də ki, yalana qarşı aşırı sevgi baş qaldırıb. Təbii ki, bu, kütləvi xarakter daşımır. Amma diqqətdən qaçırmayaq ki, artıq bu cür əhval-ruhiyyə üzərində köklənmiş xüsusi təbəqə formalaşıb. Bu faktdır və onun üzərində ciddi düşünmək, ciddi nəticə çıxarmaq vacibdir.

– Yalana qarşı belə həssaslığın səbəbi nə ola bilər?

– Müxtəlif səbəblər göstərmək mümkündür. Axı yalana inanmaq çox asandır. Yalan kütləvi şəkildə həzm olunur. Həqiqət isə fərdi qaydada dərk olunur, həqiqəti dərk etmək üçün düşünmək lazımdır. İndi bir ərincəklik meyli var. Çoxu özünə əziyyət verib araşdırmaq, düşünmək  istəmir. Ola da bilər ki, bəzən heç bir səbəb-filan olmadan insanın həyatında elə dövr yaranır ki, özünü yalana inandırmaq istəyir və inanır. Bu, çox qorxulu, həm də keçici tendensiyadır. Təbii ki, bu tendensiya zaman-zaman əriyib aradan çıxacaq. Hazırda biz cəmiyyətimizin bütövlüyünü və dövlətçiliyimizin uğurlarını belə bir ovqatın hədəfinə çevirmədən, sağ-salamat növbəti mərhələyə çatdırmaq üçün bütün imkanlardan istifadə etməliyik.

– Bu ilin əvvəlindən etibarən ölkədə islahatlar həyata keçirilir. Ölkə başçısı bu il dinamik islahatlar aparılacağını bildirib. Sizin islahatlara münasibətiniz necədir?

– Cənab prezident islahatların 2019-cu ildə yeni və həlledici sferaya daxil olduğunu bəyan edib. İslahatları başlatmaq və onu həyata keçirmək üçün mühüm şərtlər lazımdır. Birinci güclü dövlət və güclü lider gərəkdir. Azərbaycan dövlətçiliyi müxtəlif sınaqlardan keçib. Bəzən bu faktorlardan heç biri olmayıb. Bəzən isə biri olub, o biri olmayıb. 92-93-cü illərdə hansı islahatlardan danışmaq olardı? Düzdür, biz həmişə deyirik ki, 93-cü ildə  xalqın təkidli tələbi ilə Heydər Əliyevi hakimiyyətə dəvət etdilər. Gerçəklikdə isə həmin ərəfədə hakimiyyət və dövlət adına heç bir nişanə yox idi. Əgər hakimiyyət və dövlət olsaydı, dövlət idarəçiliyində və siyasətdə təcrübəsi olmayan bir şərqşünaslıq mütəxəssisi Ayaz Mütəllibovu, adi Yun Zavodunun direktoru Əbülfəz Elçibəyi  hakimiyyətdən asanlıqla devirə bilməzdi. 93-cü ildən başlayaraq Azərbaycan dövlətçiliyi bir azərbaycanlı dahi dövlət adamının ətəyindən tutaraq ayağa qalxır, addımlarını bərkidir və irəliləyir. Bu gün Azərbaycanın oturuşmuş dövləti və güclü lideri var. Azərbaycan dövləti sözün həqiqi mənasında dövlətlənib, güclənib və imkanlarını artırıb.

İslahatlar bu imkanların, səlahiyyətlərin vətəndaş cəmiyyəti ilə bölüşdürülməsi,  paylaşılması deməkdir .

– Fikrinizcə, islahatlar cəmiyyət tərəfindən necə qarşılanır?

– Əlbəttə ki, müsbət qarşılanır. Amma islahatların reallaşmasından narahat olanlar da var. Siyasi müxalifətin müəyyən kəsimi bu prosesin əngəllənməsində maraqlıdır.

Çünki islahatların gerçəkləməsi fərqli bir sosial-siyasi ortamın yaranması ilə nəticələnəcək. Və yeni sosial-siyasi şərtlər yeni müxalifətin formalaşması və meydana çıxması üçün münbit mühit yetişdirəcək. Onda ənənəvi müxalifətin mövcudluğuna da son qoyulacaq.

araz.az xəbər portalı.