Qərbi Azərbaycan İcması (QAİ) olaraq Fransa Prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasında sentyabrın 25-də səsləndirdiyi Azərbaycanın guya Ermənistana “təzyiq” göstərməsi və “ərazi gərginliyi” barədə tamamilə yanlış və qəbulolunmaz fikirlərini qətiyyətlə rədd edirik.
araz.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir. Bəyanatda, həmçinin qeyd olunur:
“Azərbaycan torpaqlarının Ermənistan tərəfindən otuz il ərzində işğalına dəstək vermiş, bir milyon azərbaycanlının Ermənistandan və işğal olunmuş Azərbaycan ərazilərindən qovulmasına göz yummuş, vaxtilə münaqişənin dinc yolla həlli üçün atılan addımlara qarşı çıxmış Fransanın rəhbərinin indi sülhə və beynəlxalq hüquqa istinad etməsi olduqca ikiüzlü yanaşmadır. Xatırladaq ki, E.Makronun indi ikiüzlülük nümayiş etdirdiyi BMT Baş Assambleyası 2008-ci ildə münaqişənin həlli ilə bağlı müvafiq qətnamənin qəbuluna Fransanın maneə törətmək cəhdlərinə şahidlik edib.
Aydın məsələdir ki, imperialist gündəliyə malik Fransa Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq münaqişəni həll, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən narazıdır. Çünki bu, onun regionun işlərinə müdaxilə etmək imkanlarını məhdudlaşdırır. E.Makron hökuməti bölgədə yenidən münaqişə yaratmaq məqsədilə Ermənistana böyük həcmdə silah göndərir və buna informasiya hazırlığı kimi beynəlxalq platformalarda sanki regionda müəyyən gərginlik olduğu təəssüratı yaratmağa çalışır. Azərbaycana qarşı atdığı böhtanlar da Emmanuel Makronun bu məqsədinə xidmət edir.
Biz Fransadan tələb edirik ki, bu dağıdıcı niyyətindən əl çəksin, Ermənistana silah göndərməyi dərhal dayandırsın, regionun işlərinə qarışmasın və sülhə mane olmasın. Eyni zamanda, rəsmi İrəvanı Fransanın oyununda alət olmamağa, genişmiqyaslı silahlanma proqramını dayandırmağa, diqqətini Azərbaycanla sülhün əldə edilməsinə yönəltməyə və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmalarına şərait yaratmağa çağırırıq”.
araz.az xəbər portalı.