20 mart 2019-cu ildə türkdilli şəxslərdən ibarət bir qrup hazırda erməni işğalı altında olan sözdə “erməni soyqırımı” qurbanlarının və Qarabağ müharibəsində həlak olmuş əsgərlərin xatirəsini yad etmək üçün Xankəndi şəhərində toplaşmışdılar. Eurasia Diary-nin verdiyi xəbərə görə, bununla bağlı ermənilər youtube-da video yerləşdirmişdi. Orada qrup üzvləri anti-türk və anti-Azərbaycan çağırışlar ediblər. Bu cür fəaliyyətlər sülhün təmin edilməsi və millətləri qarşılıqlı dialoqa hazırlamaq üçün göstərilən səylər kimi qəbul edilə bilməz.
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) danışıqlar prosesini pozmaq üçün edilən belə cəhdləri qətiyyətlə pisləyir. BAMF-ın prezidenti Umud Mirzəyev bəyanatla çıxış edərək beynəlxalq strukturları, ATƏT-in Minsk Qrupunun həmsədrlərini, Birləşmiş Millətlər Təşkilatını, Avropa İttifaqını, həm də Türkiyə Hökumətini və Almaniya hökumətini bu məsələni araşdırmaq üçün hər cür səy göstərməyə və bu vəziyyətin təkrarlanmasının qarşısını almağa çağırıb.
Eurasia Diary bəyanatın tam mətnini təqdim edir:
Türkdilli bir qrup şəxs 20 mart 2019-cu il tarixdə qonşu Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan şəhəri Xankəndini ziyarət edib. Erməni qəzeti “Bizim Ermənistan” səfərlə bağlı videomaterial yayıb. Videoda bu şəxslərin Azərbaycanla müharibədə həlak olmuş Qarabağ ermənilərinin abidəsi önünə çələng qoyması və çıxışları göstərilir.
Görüntülərdən belə anlaşılır ki, qrup təxminən on nəfərdən ibarət olub. Qrup üzvlərindən birinin danışığı erməni dilinə sinxron tərcümə edilərkən, türk dilində çıxış qismən eşidilir və diqqətlə dinlədikdə türkçə danışan kişinin çıxışında “Arçax” sözünü eşitmək olur.
İştirakçılar Azərbaycanı faşist adlandırıblar və sözdə “erməni soyqırımı” qurbanlarının və Qarabağ müharibəsində həlak olmuş erməni əsgərlərin xatirəsini yad ediblər. Bundan əlavə, onlar Türkiyəni 1915-ci ildə erməni xalqına qarşı törədilən sözdə “soyqırım”ı tanımağa çağırıblar.
Dərc olunan materialda qeyd olunduğu kimi, qrup əsasən “Soyqırım əleyhdarları” və “Soyqırım qurbanları ilə həmrəylik” təşkilatlarının rəhbərləri və üzvlərindən ibarətdir.
Bizə məlumdur ki, “Soyqırıma qarşı hərəkatın beynəlxalq səviyyədə tanınması üçün işçi qrupu assosiasiyası” 1999-cu ildə Almaniyada fəaliyyətə başlayıb və 13 aprel 2000-ci ildə “Soyqırım əleyhdarları” təşkilatı ilə birlikdə “erməni soyqırımı”nın tanınması ilə bağlı Almaniya parlamentinə bəyanat göndərib. Bəyanatda həmçinin, bu “soyqırım”ı tanımaq üçün Türkiyə Respublikasına müraciət etməyə dair çağırış yer alırdı.
Təəssüf ki, biz 20 martda keçirilən dırnaqarası tədbirdə fəal iştirak edən təşkilatın rəhbərinin adını tapa bilmədik.
İkinci təşkilat haqqında məlumat hələlik yoxdur, lakin çox güman ki, onun fəaliyyəti də eyni məqsədlərə xidmət edir.
Biz bunun bir növ təbliğat olduğunu yaxşı başa düşürük. Bu təşkilatın və bu qrupun fəaliyyəti sülhməramlı məqsədlər və vətəndaş cəmiyyətinə kömək etmək istəyi arxasında gizlənərək münaqişənin qızışdırılmasına istiqamətlənib və beynəlxalq hüququn bütün prinsiplərinə ziddir. Bu insanlar Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalı, günahsız insanların qəddarcasına öldürülməsi və milyonlarla azərbaycanlının öz evlərindən zorla çıxarılmasını əsaslandırmağa çalışırlar.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) adından bəyanat verərək biz beynəlxalq strukturları, ATƏT-in Minsk Qrupu həmsədrlərini, Birləşmiş Millətlər Təşkilatını, Avropa İttifaqını, həmçinin Türkiyə hökumətini və Almaniya hökumətini bu işi araşdırmaq üçün hər cür səy göstərməyə və bu cür halların təkrarlanmasına imkan verməməyə çağırırıq. Bu insanlar və erməni hökuməti öz hərəkətlərinə görə tam məsuliyyət hiss etməlidirlər.
Keçmiş SSRİ-nin Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli maşınları və şəxsi heyətinin səyləri ilə erməni silahlı qüvvələri tərəfindən ələ keçirilən Xocalı şəhərinin və 613 dinc sakinin vəhşicəsinə qətlə yetirildiyi Xocalı soyqırımının törədildiyi məkandan bir neçə kilometr məsafədə oturan bu insanlar sözdə “erməni soyqırımı”ndan danışır. Dinc əhaliyə qarşı bu cür soyqırımlar demək olar ki, Azərbaycanın işğal olunmuş hər kəndində törədilib.
Ermənistanın Azərbaycana məxsus Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun işğalı faktı var. Demək olar ki, otuz ildir ki, erməni silahlı qüvvələri vandallıq törədərək işğal olunmuş ərazilərdə qədim mədəniyyət abidələri, binalar və bütün infrastrukturu dağıtmaqda davam edir. Bundan əlavə, onlar öz fəaliyyətləri ilə Azərbaycanın cəbhə bölgələrində ekoloji fəlakətin yaranmasına səbəb olub. Cəbhə xəttinin yaxınlığında eləcə də işğal altındakı ərazilərdə yerləşən qəbiristanlıqlar qəsdən və xüsusi qəddarlıqla gülləbaran edilib. Ermənistanın işğalı nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurd-yuvalarından didərgin düşüb. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal olunmuş ərazilərdən öz qoşunlarını dərhal və qeyd-şərtsiz çıxarılmasına çağırış edən dörd qətnaməsinə baxmayaraq, Ermənistan ərazi bütövlüyü haqqında beynəlxalq hüququn bütün prinsiplərinə əsassız olaraq məhəl qoymamaqda davam edir.
Hesab edirik ki, bu məsələdə də beynəlxalq hüququn prinsipləri əsas götürülməli, işğalçı öz adıyla çağırılmalı, vətəndaş cəmiyyəti qurumlarından münaqişənin qızışdırılması üçün silah kimi istifadə edilməməlidir. Ancaq “Soyqırım əleyhdarları” və “Soyqırım qurbanları ilə həmrəylik” təşkilatlarının fəaliyyətləri məhz buna yönəldilib və beynəlxalq ictimaiyyət bu məsələyə xüsusi diqqət yetirməlidir.
Hörmətlə,
Umud Mirzəyev
Beynəlxalq Avrasiya Мətbuat Fondunun Prezidenti
araz.az xəbər portalı.