Hasara alınan məhəllə istirahət məkanı qəsdən bərbad hala salınır
Artıq çoxdandır ki, paytaxtın yeni tikintilər aparılan yerlərində yaşıllıqların, istirahət məkanlarının məhv edilməsi adi hala çevrilir. Bu yerlərdə törədilən qanunsuzluqların hər biri isə, yüksək çinli hansısa bir dövlət məmurunun adıyla pərdələnir. Çox təəssüf ki, hakimiyyət bu xoşagəlməz hallar zamanı sakinlərlə insancasına davranmayanların və qanun çərçivəsində hərəkət etməyənlərin əl-qollarının yığılmasına vaxtında lazımi göstərişlərini vermir. İndi bu aspektdən şəhərdə hara baxsan, doğrudan da, özbaşınalıqdır, hətta qanun çərçivəsinə sığmayan belə olaylar zamanı xoşagəlməz hallarla da tez¬tez rastlaşırsan.
Ancaq bu qanunsuzluqlardan edilən çoxsaylı şikayətlərin heç bir faydası olmur.
Rəsmi qurumlar sakinlərin haqlı narazılıqlarına məhəl də qoymurlar. Sanki ərazini zəbt edənlər göydən düşüblər — rəhbərlərinin xətrinə isə, ümumiyyətlə, dəyən tapılmır. Sonda, hətta şikayətçilərə hədə-qorxu gəlinir, onlara təzyiq göstərilir.
Xətai rayonundakı Süleyman Vəzirov küçəsi, 11 ünvanında yerləşən 15¬ə yaxın binanın sakinləri də eyni aqibətlə üzləşiblər; Məhəllə əhalisinin istirahəti üçün nəzərdə tutulmuş parkın zəbt edilməsi çoxdan ictimai narazılığa səbəb olub. Lakin narazılıq edənlər, hər dəfə ölkə prezidentinin ictimai¬siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun adıyla təhdid edilib.
Xətai metrostansiyasının iki addımlığında yerləşən Xətai Estetik Klinikasının arxasında salınan park əvvəllər özünün estetik görünüşü ilə həmişə diqqəti cəlb edib. İndi isə… Dörd tərəfdən hasara alınan bu gözəl istirahət məkanı tədricən yoxa çıxmaq üzrədir — parkın baxımsızlığı ürək ağrıdır. Sakinlər doğma məkanlarına qarşı bu «terrordan» ürək yanğısı ilə danışırlar.
Ərazidə olan araz.az saytının əməkdaşları da, parkın bu acınacaqlı durumunun şahidi olublar.
«Bir müddət əvvəl parkın ətrafını hasara aldılar. Sonra buradakı hər şey bərbad hala salındı. Etirazımızı eşidən tapılmadı. Özünü əsl şilləvuran kimi aparan bir cavan oğlan, hər addımda bizi Əli Həsənovun adıyla günübugün də hədələyir. Qorxub çəkinmədən deyir ki, Əli müəllimin həyat yoldaşı Sona xanım Vəliyevanın qardaşı oğludur. Buna görə, heç kəs ona heç nə edə bilməz. Bu parkı da, guya, Sona xanımın adını çəkdiyimiz klinikası üçün alıblar. Həmin oğlan təkəbbürlə onu da deyir ki, guya, klinika açılanda sakinlər onların gediş¬gəliş yollarının zəbt edilməsinə də, çox etiraz ediblər. Lakin bu etirazlara da, məhəl qoyan tapılmayıb. Üstəlik, bu azmış kimi, klinika yerləşən binadakı sakinlərə məxsus avtoqarajlar da, bu klinikanın balansına keçirilib. Guya, ortadakı Əli Həsənov faktoruna görə, onda da, sakinlərin haqlı narazılıqlarına baxılmayıb…» deyən, adının çəkilməsini istəməyən şikayətçi, onu da bildirdi ki, doğrudan da, həmin şəxs, kiminsə adını yalandan çəkməklə, sakinlərin istirahət hüququnu pozmaqla cinayət etmiş olur: «Bundan başqa, burada dəhşətli məqamlardan biri də odur ki, kənardan baxanda, artıq burada park olduğunu görmək mümkün deyil. Amma bu park əhalinin gediş-gəlişi üçün, dincəlmək üçün çox yaxşı idi. Həm də əlverişli yerdə idi. Yay aylarında evdən çıxan vətəndaşlar burada dincəlirdilər. Gördüyünüz kimi, park baxımsız qalıb. Bütün yaşıllıqlar məhv edilir. Oturacaqlar bərbad vəziyyətə düşüb. Bu parkı tikəndə, hamımız sevindik ki, istirahət üçün yerimiz olacaq».
Məsələyə aydınlıq gətirmək üçün, adıçəkilən ünvana baş çəkən araz.az saytının əməkdaşları, məsələni araşdırarkən, özləri də şahidi olublar ki, bu binaların sakinlərinin istirahət məkanı olan yeganə park artıq hasara alınıb. Giriş qapılarının önündəki pilləkənlərin qəsdən pis kökə salınması artıq parka daxil olmağa imkan vermir. Diqqət çəkməsin deyə, parkın hər tərəfini dəmir hasarlarla örtüblər.
Xətai Rayon İcra Hakimiyyəti də, buradanə olacağı barədə nə sakinləri məlumatlandırıb, nə də öz rəsmi saytında məlumat yerləşdirib. O vaxt parkın bu kökə salınması ilə bağlı müəyyən etirazlar olsa da, heç bir nəticə verməyib.
Məhəllə ictimaiyyəti bütün bunları özlərinə qarşı hörmətsizlik kimi qiymətləndirir və Əli Həsənov himayəsi altında hegemonluq etməkdən çəkinməyən həmin şəxsdən əsasən ziyalıların, elm adamlarının və elitar insanların istirahət yeri olan bu parkın tezliklə bərpa edilməsini tələb edirlər. Və deyirlər ki, yoxsa bu belə davam etsə, son nəticəsi olduqca pis olar.
Məhi Elsevər,
Səməndər QURBANOV,
araz.az saytının xüsusi müxbirləri.
araz.az xəbər portalı.