“31 mart hadisələri zamanı Bakı və Bakıətrafı kəndlərin əhalisi bolşevik-daşnak hərbi birləşmələrinə qarşı əzm və ləyaqət nümunəsi göstəriblər — belə olmasaydı, faciələrimiz daha dəhşətli, daha qanlı olardı!”
“XX əsr Azərbaycan tarixində bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici olan hadisələr baxımından ən mühüm zaman kəsiyi oldu. Bu hadisələrin ən yüksək zirvəsi isə, sözsüz ki, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi idi. Lakin həmin ilin bu əlamətdar hadisəsindən öncə, bütün Azərbaycan xalqı üçün, hətta, onun mövcudluğunu belə şübhə altına alan faciələr baş verdi. Bakıda və Şamaxıda baş verən mart hadisələri bu qanlı zəncirin başlanğıcına çevrildi. Onu da qeyd edək ki, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində, bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Bu işin uğurlu davamı isə, Heydər Əliyev hakimiyyəti dövründə oldu. Azərbaycanın umumilli liderinin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur”.
Öncəki qürur hisslərimizi kədər və təəssüfdə boğan bu sözlər “Bakı — Dirçəliş” İctimai Birliyinin 31 mart 1918-ci il hadisələri ilə əlaqədar Azərbaycan xalqına müraciətindəndir. Həmin hadisələrin dəhşət dolu elə epizodları var ki, yada salanda, doğrudan da, kədər və təəssüfsüz keçinmək olmur. Bu müraciətdə göstərildiyi kimi, həmin il Bakıda və Şamaxıda baş verən müsəlman qırğın və talanlarının sonradan Göyçay, Ərəş, Cavad, Nuxa və Quba qəzalarının kəndlərini və Quba şəhərini, Gəncə şəhərinin ətraf kəndlərini, Lənkəran, Zəngəzur qəzalarını, həmçinin Qarabağın azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrini əhatə etməsi qanda yoğrulmuş bir milli faciəmiz idi: “Onda, öz dədə-baba torpaqlarında dinc şəkildə yaşayan, müxtəlif tarixi dövrlərdə burada məskunlaşan digər milli-dini qrupların nümayəndələri ilə – erməni, yəhudi və ruslarla mehriban qonşuluq əlaqələri saxlayan azərbaycanlıların, eləcə də Azərbaycanın müsəlman əhalisinin digər təmsilçiləri olan ləzgilərin, tatların, kürdlərin… günahları nə idi?!
Əslində, bütün bu qanlı hadisələrin dərin tarixi kökləri və səbəbləri vardı; 1813-cü ilin bədnam Gülüstan və 1828-ci ilin arzuolunmaz Türkmənçay müqavilələrindən sonra, Azərbaycan torpaqlarının ilhaq edilməsi və azərbaycanlıların bu torpaqlardan deportasiyasına hesablanmış Rusiya imperiyasının və ümumerməni proqramının həyata keçirilməsi prosesi başlanırdı. Elə, 1828-ci ilin martında İrəvan və Naxşıvan xanlıqları ərazilərində rus hakimiyyəti tərəfindən “Erməni vilayəti” adı altında yeni inzibati ərazi vahidinin yaradılması gələcək milli faciələrimizə köklənmiş mənfur bir strategiya deyildimi?!. 1940-cıilin aprel ayında həmin “Erməni vilayəti” ləğv olunsa da, bu, azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi həmin ərazilərin ermənilər tərəfindən “əzəli erməni torpaqları” elan edilməsiinə mane də olmurdu.
Birinci Dünya Müharibəsinin başlanması, xüsusən 1917-ci il Fevral inqilabından və Rusiya İmperiyasının süqutundan sonra, müharibədə iştirak edən dünya dövlətlərinin Qafqazda maraqlarının daha da kəskinləşməsi və toqquşması ilə də, milli faciələrimizin başlanmasına yaşıl işıq yandırırdı. Eyni zamanda, Qafqaz xalqları qarşısında öz siyasi-milli ideyalarını və arzularını reallaşdırmaq üçün geniş imkanlar açılırdı. Bunun əksinə, yəni, coxillik məqsədyönlü bu işin yekununda erməni ideoloqları Cənubi Qafqazın gələcəyinə dair Qərb dövlətləri və Rusiyanın planlarına “erməni dövlətçiliyi məsələsinin” daxil edilməsinə nail olurdu.
Ən dəhşəti o idi ki, 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının acı nəticəsi olaraq, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirdi. Bu azmış kimi, etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etdi. Üstəlik, gürcülərin də öz dövlətlərini yaratmaq hüququ mübahisə doğurmadı. Bununla yanaşı, Cənubi Qafqazın ən çoxsaylı xalqı olan azərbaycanlılar nəinki Qərb dövlətlərinin, həmçinin neftlə zəngin Bakını qeyri-azərbaycan şəhəri hesab edən rus siyasi qüvvələrinin diqqətindən kənarda qalırdı. Məhz buna görə də, Azərbaycan tarixindən qara xətlə keçən 1918-ci ilin mart qırğınları Bakı şəhərində və Bakı quberniyasının müxtəlif ərazilərində daha qanlı şəkildə törədildi. Və bu səbəbdən, bu qanlı faciəmiz yaddaşlarımıza əbədi olaraq kədər həkk edib. Üstündən illər — bir əsrdən çox vaxt ötsə də, insanlar bu hadisələri emosiyasız xatırlaya bilmirlər. Axı, necə də kədərlənməyəsən ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında baş vermiş bu qırğın və talanlarda 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.
Onda, bu hadisələrin daha dəhşətli və qanlı olmasına əsas səbəb, təkcə, dünyanın hegemon dövlətlərinin ölkəmizin sərvətlərinə sahib çıxmaq uğrundakı maraqlarının toqquşması deyildi. Həm də, Rusiyada baş vermiş inqilabın nəticəsi olaraq, daha doğrusu, onun Birinci Dünya Müharibəsindən çıxması ilə, Qafqaz cəbhəsində döyüşən, təpədən-dırnağa kimi kimi silahlanmış rus-erməni hərbi birləşmələrinin Azərbaycana, xüsusilə, Bakıya soxulması bu mübarizəni qana boyadı”.
Müəllifləri müraciətlərinin bu yerində xüsusi vurğulayıblar ki, qorxu və həyəcan dolu bu mübarizədə Bakı və Bakıətrafı kəndlərin əhalisi bolşevik-daşnak hərbi birləşmələrinə qarşı əzm və ləyaqət nümunəsi göstəribilər — belə olmasaydı, faciələrimiz bundan da qanlı olardı! Elə, buna görədir ki, bu döyüşlərdə fərqlənmiş bir çoxlarının adları indiyədək xüsusi ehtiramla yad edilir. Kürdəxanıdan Məşədi Adilin, Masazırdan Kərbəlayı Abdullanın, Binə sakinlərindən Xanbutay Tapdıqovun, Gülbala Babayevin, Aslanın, Kiçikbəyin, Xamtayın, Mərdəkandan Məşədi Qüdrətin, Mirpaşa və Mirhəbib Ağayevlərin, Buzovnadan Hacı İsgəndərin və Qoçu İslamın, Türkandan Mirməcid Miribrahimoğlunun, Əmircandan Kərbəlayi Əbülhəsənin, Məşədi Əhlimanın, Hacı Sahibin və onlarla digər xalq qəhrəmanlarının mənfur qüvvələrə qarşı həmin mübarizənin önündə getmələri və əsl qəhrəmanlıq nümunəsi göstərmələri keşməkeşli tariximizin yaddaşında da özünə yer tapıb və əbədi xatırlanacaq: “Ermənilərə qarşı həmin döyüşlərdə Abşeronun bir çox kəndlərində özünümüdafiə dəstələrinin yaradılması, təşkilatlanma işlərinin və digər yaşayış məntəqələri ilə əlaqələrin gücləndirilməsi, Suraxanıdan Hövsan istiqamətinə keçərək, Şüvəlan bağlarına kimi güclü müdafiə xəttinin qurulması yerli əhalini daha dəhşətli bəlalardan qorudu. Bu vacib işlərə əslən Suraxanılı Bakı milyonçusu Şıx Balayevin rəhbərlik etməsi isə, Hacı Dərbənd, Qəzəb, Kürdəxanılı Adil, Qalalı Hacıbala, Əlitürbət kimi mübariz Abşeron igidlərinə başqa bir fədakarlıq bəxş edirdi. Məhz bunun nəticəsidir ki, erməni daşnaklarla həmin savaşlarda xüsusi fərqlənənlər sırasında, kişilərlə yanaşı, Bilqeyis və Qələmnaz kimi vətənpərvər və millətsevər xanımların adları da qoşa çəkilirdi. Qafqaz İslam Ordusu hələ Bakıya girməmişdən əvvəl, bir çox Abşeron kəndlərində erməni-bolşevik birləşmələrinin darmadağın edilməsi də, yuxarıda sadalananların ürəkaçan nəticəsiydi”.
Müraciətin sonunda o da qeyd edilib ki, Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra da, Rusiya öz imperiya planlarından imtina etmədi və bu işdə daşnaklardan bir alət kimi istifadə etməyə başladı. Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər isə, Rusiyanın əli ilə, 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər: “Sonrakı illərdə, onlar, bu ərazilərdəki yerli azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə daha çirkin vasitələrə əl atdılar. Bunun üçün, hətta, SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947- ci il tarixli “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarının verilməsinə və bunu əsasında, 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.
Danılmaz bir faktdır ki, erməni millətçiləri öz havadarlarının köməyi ilə, ötən əsrin 50-ci illərindən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına da start verdilər. Keçmiş sovetlər məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlər vasitəsilə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya erməni xalqına mənsub olduğunu sübut etməyə çalışdılar. Eyni zamanda, onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırınaq cəhdləri daha da gücləndi. “Yazıq, məzlum erməni xalqının” murdar bir surəti yaradılaraq, əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olundu, azərbaycanlılara qarşı soyqırımı törədənlərin özləri soyqırım qurbanları kimi qələmə verildi. Beləcə, 1988-ci ildən ortaya atılan Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da, düzgün siyasi qiymət verilmədi. Bunun əksinə olaraq, 1990-cı ilin yanvar ayında Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı öldürüldü, şikəst edildi, yaralandı və digər fiziki təzyiqlərə məruz qoyuldu
Düşmən qüvvələr bu gün də Azərbaycana təzyiqdən əl çəkmir — ölkəmizin müstəqilliyinə və inkişafına hər an zərbə vurmağa, ölkə daxilində çaxnaşma yaratmağa tam hazırdır. Tarixin bir elm kimi ona görə öyrənilməsi vacibdir ki, keçmişi tədqiq edərək, bu günümüz üçün nəticələr çıxarılsın və gələcəkdə bizi gözləyəcək təhlükələr müəyyən edilsin. Belə olarsa, bu günə kimi baş vemriş hadisələr də, bizi daha sayıq olmağa, tarixdən düzgün nəticə çıxarmağa, Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşməyə sövq edər!”.
araz.az.
araz.az xəbər portalı.