Soyqirim

Soydaşlarımızın Rusiya Federasiyasının bir çox regionlarındakı fəal diaspor təşkilatlarını öz ətrafında birləşdirən və mərkəzi ofisi Novosibirsk vilayətinin paytaxtı Novosibirsk şəhərində yerləşən Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyası, Avropanın insan haqları ilə bağlı xüsusi statuslu beynəlxalq qurumlarına, öz kəskinliyi ilə diqqəti cəlb edən daha bir müraciətini ünvanlayıb. Təşkilatın bu etiraz sənədi 1918-ci ilin mart ayının 31-də erməni daşnakları tərəfindən Azərbaycanın bir sıra regionlarındakı yaşayış məntəqələrində törədilən və xalqımızın qan yaddaşında ən faciəli hadisələrdən biri kimi qalan məlum qətliamlarla bağlıdır. araz.az-ın redaksiyasına da daxil olan həmin sənədin Azərbaycan, rus və ingilis dillərindəki versiyalarını, qurumun çoxsaylı üzvləri adından Assosiasiya prezidenti, Rusiyada və Azərbaycanda fəal diasporçu, ictimai-siyasi xadim, istedadlı qələm sahibi kimi tanınan şair-publisist Mirkazım Seyidov imzalayıb.
Mirkazim Seyidov portretMüraciətdə deyilir: “Həmin il erməni daşnakları tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətl edilməsi getdikcə etnik təmizləmə siyasəti xarakteri alıb və bu, XX əsrin sonlarınadək davam edib. Beləcə, ermənilərin törətdiyi cinayətlər bütün dünya tarixi üçün silinməz ləkəyə çevrilib. Bu səbəbdən, erməni vandalizmi cəzasız qalmamalıdır. İndiyədək nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən bu hadisələrə düzgün hüquqi-siyasi qiymətin verilməməsi yüksək tribunalardan demokratiyadan, ədalətdən danışanların iç üzünü açıb, göstərir. İkili standartlar, milli, dini ayrı-seçkilik artıq göz qabağındadır. Onların reallıqda ermənilərə havadarlıq etdikləri danılmazdır. Bununla da, beynəlxalq münasibətləri tənzimləmə mexanizmlərinin səmərəliliyinə ciddi zərbə vurulur, ədalət prinsipi pozulur.
Artıq, ermənilərin torpaq əldə etmək üçün Azərbaycan xalqının başına gətirdiyi müsibətlər dünyaya bəyan edilib. Elə, buna görə də, bu vandalizm cəzasız qalmamalı və beynəlxalq təşkilatlar qəbul etdikləri sərt qərarlarla bu qətliamların əsl mahiyyətini dünyaya çatdırmalıdır.a Hazırda müstəqil Azərbaycan dövlətinin yürütdüyü xarici siyasətin başlıca prinsipləri də buna hesablanıb və ermənilərin “Böyük Ermənistan” xülyasını da darmadağın edib.

edinstvo loqoƏslində, bu cür soyqırımı törədənlərin ifşa olunması, belə dəhşətlər barədə beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması vacibdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, ermənilərin dövlətimizə və xalqımıza qarşı işğalçılıq və soyqırımı cinayətlərini araşdırmaq, əsl həqiqətləri dünyaya bəyan etmək mümkün olub. 1998-ci il martın 26-da isə, ulu öndər Heydər Əliyevin imzaladığı Fərmanla, erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verilib: Həmin tarixdən başlayaraq, hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Düzdür, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində, bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olub. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan verməyib.

Heydər Əliyevin məlum fərmanından sonra isə, erməni yalanlarının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi fəaliyyətin getdikcə genişlənməsi, ermənilərə qarşı kəskin ideoloji mübarizənin aparılması mümkün olub. Bu danılmaz faktdır ki, tarixin müxtəlif dövrlərində xalqımıza qarşı törədilən soyqırımı faktları barədə danışan ermənilərin məkrli siyasətinin ifşa olunmasında ümummilli liderin, onun layiqli varisi, ölkə başçısı möhtərəm İlham Əliyev cənablarının xüsusi rolları var.
Artıq, XX əsrin əvvəllərindən başlayaraq, ermənilər tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə siyasəti, azərbaycanlıların erməni silahlı dəstələri tərəfindən qətliamlara məruz qalması, dini və tarixi abidələrin, məktəblərin, məscidlərin və qəbristanlıqların dağıdılması faktları sənədlərlə sübuta yetirilib. Bu istiqamətdə aparılan işlərdə, xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaqda, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqda möhtərəm prezidentimiz İlham Əliyev cənablarının qəbul etdiyi qərarlar da mühüm rol oynayıb.
Azərbaycanlıların Soyqırımı Gününün tariximizə XX əsrin qanlı hadisəsi kimi yazılması, bizim əsl düşmənlərimizi tanımağımızda xüsusi rol oynayıb. Çünki bu soyqırımı zamanı mütəşəkkil erməni birləşmələri tərəfindən on minlərlə günahsız soydaşımız amansızlıqla qətlə yetirilib. Tarixboyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən əl çəkməyən ermənilər, havadarlarının köməyi ilə, əzəli torpaqlarımızı işğal etməyi özlərinin məqsədlərinə çeviriblər. Azərbaycan dövlətinin gördüyü işlər nəticəsində, bu gün artıq bir sıra dünya dövlətləri və beynəlxalq təşkilatlar ölkəmizin haqq işini müdafiə edir və getdikcə daha çox ölkə Ermənistanı işğalçı dövlət kimi tanıyır. Ölkəmizin ərazisində yaşayan, multikultural mühitin tərkib hissəsi olan etnosların həmin hadisələr zamanı soyqırıma məruz qalması faktları da, dünya ictimaiyyətinin nifrətini qazanıb. Bu, erməni xalqının çirkin niyyətlərini bir daha sübuta yetirib.
Doğrudan da, 1918-ci il martın 31-də törədilmiş qətliamlar Azərbaycan xalqının qan yaddaşına ən faciəli hadisələrdən biri kimi həkk edilib. Haqqı çatan bir təşkilat olaraq, Avropanın nüfuzlu beynəlxalq qurumlarının bu hadisələrə düzgün hüquqi-siyasi qiymət verməsini tələb edirik. Hazırda müstəqil Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət də, daha çox buna hesablanıb”.

Səməndər QURBANOV,
araz.az saytının xüsusi müxbiri.

araz.az xəbər portalı.