Albaniyalı siyasi şərhçi, araşdırmaçı Sokol Brahaj Globalinfo.az-a müsahibəsində Albaniyanda Bektaşi təriqətinə aid 27 hektar ərazidə Vatikana bənzər suveren mikrodövlət qurmaq planı ilə bağlı danışıb.

Sokol Brahajla həmin müsahibəni araz.az da oxucularına təqdim edir:

– Sokol bəy, Albaniya Baş naziri Edi Ramanın “Bektaşi məzhəbinin suveren dövləti” qurmasının səbəbi nədir?

– Edi Rama katolik siyasətçidir, həyat yoldaşı isə müsəlmandır. Bu nüansın qeyd edilməsi vacibdir. Ümumilikdə, Edi Rama fərqli bir şəxsdir. Onun “Bektaşi məzhəbinin suveren dövləti” yaratmaq planının iki əsas səbəbi ola bilər:

Birincisi, Edi Rama bu addımla dünya ictimaiyyətinin diqqətini çəkmək istəyir. O, edilməsi mümkün olmayan bir şeyi gerçəkləşdirmək niyyətindədir. Bektaşi dövləti planı ilə də qeyri-adi bir davranış sərgiləyərək, dünya ictimaiyyətinin diqqətini Albaniyaya cəlb etməyi hədəfləyir.

İkincisi, E. Rama iqtidarda qalmaq üçün bu layihəni həyata keçirir. Məlum olduğu kimi, 6 ay sonra Albaniyada seçkilər keçiriləcək və Rama hakimiyyətdə qalmaq üçün bektaşilərin və müsəlman kəsimin dəstəyini qazanmağa çalışır. Təbii ki, bu layihənin konkret güclərin planı olduğu da deyilir. Lakin bu layihəni ABŞ, İsrail, Böyük Britaniya, Aİ və ya başqa bir gücün E. Ramaya təqdim edib-etmədiyini demək çətindir.

– Bəzi ekspertlər, həmçinin siyasilər iddia edir ki, islam xilafətini yenidən dirçəltmək üçün “Bektaşi məzhəbinin suveren dövləti” layihəsi irəli sürülüb…

– Bu iddia diqqət çəkir. Qeyd edim ki, E.Rama BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ilk görüşünü məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdi. Böyük ehtimalla iki dövlət başçısı görüş zamanı Bektaşi dövləti məsələsini müzakirə edib.

Bununla belə başlıca sual budur ki, islam xilafətinin yaranmasına ehtiyac varmı? Müasir siyasi sistemdə həqiqi mənada müsəlman ölkə olduğunu düşünmürəm. Belə olsaydı, Yaxın Şərqdə bu qədər münaqişə olmazdı.

Xilafət simvolik bir institut idi. Vatikan da eynilə belədir. Yəni bu gün Vatikanı katoliklərdən başqa sayan yoxdur. Papanı katoliklərdən başqa heç kəs müqəddəs görmür.

– Türkiyə bektaşiləri Bektaşi dövləti layihəsinə qarşı çıxır. Hətta bu layihənin Türkiyənin Balkanlardakı müsəlmanlar arasında nüfuzunu zəiflətmək üçün irəli sürüldüyü iddia edilir. Bu iddia nə qədər doğrudur?

– Türkiyə bektaşilərinin məsələyə baxış bucağı çox fərqlidir. Bunun əsas səbəbi isə Albaniyadakı bektaşiliklə Türkiyədəki bektaşiliyin hüquqi statusunun fərqli olmasıdır. Çünki Türkiyədə bektaşilərə heç bir dərgah verilməyib. Yəni Türkiyədəki bektaşiliyin hüquqi statusu yoxdur. Bu da azmış kimi, Türkiyədəki bektaşi məkanlarının əksəriyyəti ələvilərin nəzarətindədir.

O ki qaldı bu layihənin Türkiyənin Balkan müsəlmanları arasındakı nüfuzunun zəiflədilməsi məsələsinə, fikrimcə, Ankaranın Balkan yarımadasında nüfuzu deyildiyi qədər çox deyil. Yəni bu məsələnin şişirdildiyini düşünürəm.

– Sizcə, islam dövlətləri belə bir dövləti qəbul edəcəkmi?

– Hesab edirəm, islam ölkələrinin bu dövləti qəbul edib-etməməsi o qədər də önəmli deyil. Məntiqlə Şimali Kipr Türk Respublikası da var, amma islam ölkələri bu dövləti də qəbul etmir. Bu o demək deyil ki, ŞKTC deyə bir dövlət yoxdur.

Bekaşi dövlətini heç bir ölkə tanımasa belə, bu təşəbbüs gələcəkdə Albaniya üçün din turizmi baxımından dividentlər gətirə bilər. Dünyada bunun örnəkləri çoxdur. Lakin məsələnin həssas olduğunu da deyə bilərəm. Yəni hər hansı bir müsəlman ölkə Bektaşi dövlətini yaratması səbəbi ilə Albaniyaya müharibə elan edə bilər. Təbii ki, total bir müharibədən söhbət getmir, amma siyasi sferada belə addımlar atılır.

Sokol Brahaj

Edi Rama dindar deyil, idmançı, sekulyar şəxsdir. Yəni aydın şəkildə görünür ki, o, bu layihə ilə sadəcə seçkilərdə səs toplamaq istəyir. Və təbii ki, dünya ictimaiyyətinin diqqətini üzərinə çəkmək…

–  Azərbaycanda bu gün bektaşilik populyar olmasa da, tarixən burada çoxlu bektaşi dərgahlarının olub. Əslində, Azərbaycan Səfəvilər dövlətinin banisi Şah İsmayılın mənsub olduğu Səfəvi ordeni bir zamanlar bektaşiliklə bağlı idi. Bu baxımdan, bektaşilik Azərbaycanın və Albaniyanın ortaq tarixinə işıq tutur. Bektaşi dövlətinin Azərbaycan-Albaniya münasibətlərinə necə təsir edəcəyini düşünürsünüz?

– Azərbaycan tarixinin ayrılmaz parçası olan Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai bir zamanlar bektaşiliyə bağlı idi. Bunu Türk, Azərbaycan və Alban araşdırmaları da təsdiqləyir. Bu, əslində, üç ölkənin ortaq tarixinin olduğuna işarə edir. Bektaşilik tarixən azərbaycanlılar, türklər və albanlar arasında geniş yayılmışdır. Bu təriqətlə bağlı tanınmış tarixi şəxslərimiz çoxdur.

Azərbaycanla Albaniya arasında münasibətlər həmişə yaxşı olub. Məlum olduğu kimi, Azərbaycan tarixində Qafqaz Albaniyası adlı bir dövlət mövcuddur. İki Albaniyanın eyni olub-olmadığını demək çətindir, amma bu məsələ araşdırmaya açıqdır. Tarixi baxımdan, qohum xalqlar olma ehtimalımız da var.

Bu gün iki ölkə arasında münasibətlər strateji müttəfiqlik mərhələsinə qədəm qoyub. Yəni Edi Ramanın bektaşi dövlətini reallaşdırması ya da reallaşdırmaması Azərbaycan-Albaniya münasibətlərinin inkişafına təsir etməyəcək. İki ölkə siyasi, iqtisadi və diplomatik sahələrdə etibarlı tərəfdaşdır. Azərbaycan Prezidenti İlham Əliyev tez-tez Albaniyaya səfər edir. İki ölkə arasında TAP layihəsi mövcuddur. Ortaq tariximiz bu gün də münasibətlərimizə işıq tutur.

Söhbətləşdi:                                               Turan RZAYEV

 

araz.az xəbər portalı.