Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 30 avqust tarixində Tərtər rayonunda uşaqlar üçün xeyriyyə tədbiri keçirib. Aksiya Bakı Britaniya Məktəbini təmsil edən, xüsusi dəvət olunmuş qonaq Filip Roşun iştirakı ilə təşkil edilib. Tədbirdə BAMF prezidenti Umud Mirzəyev, vitse-prezident Ramil Əzizov, prezidentin köməkçisi, politoloq Anastasiya Lavrina və layihə koordinatoru Çingiz Rəhmanov iştirak edib. Tədbirə həmçinin, Tərtər Rayonu İcra hakimiyyətinin nümayəndəsi və müxtəlif məktəbələrdən müəllimlər də qatılıb. Həsənqaya kəndini ziyarət etdikdən və yerli sakinlərlə görüşlərdən sonra iştirakçılar BAMF-ın Tərtərdə yerləşən Peşə Təlim Mərkəzinə toplanıblar.
Tədbirdə müxtəlif yaş qruplarından olan təxminən 100 uşaq iştirak edib. Onların əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən Şıxarx və Həsənqaya kəndlərindən olan qaçqın və məcburi köçkünlərdir. Bununla yanaşı, iştirakçı uşaqlar BAMF-ın UNİSEF-in Azərbaycandakı nümayəndəliyi ilə birgə Azərbaycanın müharibədən zərər çəkmiş bölgələrində həyata keçirilən və gənclərin inkişafına yönəlmiş AYAP (Azerbaijan Youth Advocacy Program) proqramının iştirakçıları olub.
BAMF-ın prezidenti Umud Mirzəyev tədbiri giriş nitqi ilə açaraq iştirakçıları salamlayıb. O, uşaqların təhsilinin inkişafını yaxşılaşdırmaq məqsədi ilə keçirilən tədbirin və Bakı Britaniya məktəbi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
“Müharibədə ən çox uşaqlar, qadınlar və yaşlılar əziyyət çəkir. Ona görə də layihələrimizdə həmişə əhalinin bu hissəsinə dəstək verilməsinə xüsusi diqqət yetiririk. Biz sizinlə ilk dəfə görüşmürük və bir daha demək istəyirəm ki, təhsil həyatda mühüm rol oynayır. Britaniya məktəbi ilə birlikdə biz regionda təhsilin, xüsusilə də ingilis dilinin tədrisinin inkişafına diqqət yetiririk. Bu günkü tədbirdə iştirak edən bu uşaqlar ölkəmizin gələcəyidir və biz onların inkişafı üçün mümkün olan hər şeyi edilməlidir ” – Umud Mirzəyev qeyd edib.
“Azərbaycanın müharibə bölgəsinə edilən bu səfərdən çox təsirləndim. Burada gördüyüm hər şey çox duyğulandırıcıdır, amma mən ən çox bu uşaqların öz bacarıqlarını artırmaq, öyrənmək və irəliləmək istəklərini görəndə heyran qaldım və eyni zamanda şad oldum”, deyə Filip Roş bildirib.
BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina öz təcrübəsi, karyerasında təhsilin nə qədər mühüm rol oynadığı barədə danışıb.
“Bu Tərtərə ilk səfərim deyil. Bura gəlməyi sevirəm, çünki sizə baxanda özümü görürəm. Mən Qaradağ rayonu, Lökbatan qəsəbəsində böyümüşəm. Məktəbdə oxuyanda yaxşı təhsil və uğura inamım məni qələbəyə təşviq edirdi. Belə də oldu. Güclü təhsil mənim üçün bir çox qapıları açdı və bu gün əminliklə səylərin boşa getmədiyini deyə bilərəm. Mən sizin uğurlarınıza və nailiyyətlərinizə də inanıram ” deyə Anastasiya Lavrina bildirib.
Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi İlqar Qasımov deyib:
“Bu uşaqların Azərbaycanın müharibədən zərər çəkən bölgəsində, təmas xəttinə yaxın yerdə yaşamasna baxmayaraq, hər dəfə mərmi partlayışlarını eşidəndə titrəyirlər, ancaq sülhə olan ümidlərini itirmirlər. BAMF-ın bu uşaqlara yardım və dəstək göstərmək istiqamətində apardığı iş onların inkişafına əvəzsiz bir töhfə verir.”
Sualları cavablandırarkən, uşaqlar ingilis dili öyrənmədə çox maraqlı olduqlarını vurğuladılar. BAMF-ın və Britaniya Məktəbinin təşəbbüsü ilə həyata keçirilən proqramın bir hissəsi olmaqdan məmnun qalacaqlarını bildiriblər.
“Əgər məqsəd və arzu varsa, çətinliklərə fikir verməmək lazımdır, onlar həmişə olur, amma müvəffəqiyyətə aparır”, deyən Şıxarx kəndindən bir məktəbli dedi.
BAMF, Bakı Britaniya Məktəbi, ADA Universiteti tələbələrinin və “BISO” Bakı Beynəlxalq Tələbə Klubunun üzvləri tərəfindən toplanmış paltar və oyuncaqlar uşaqlara paylanılıb.
Daha sonra birgə fotoşəkilllər çəkilib.
Araz.az
araz.az xəbər portalı.